23.11.2024, 00:48
AZ EN
21.10.2022, 15:43 683

Şəhid kimi dəfn edilən qəhrəman qazimiz

XƏBƏRLƏR

44 günlük Vətən müharibəsində şərəfli döyüş yolu keçmiş qazi Şəkiyev Xalid Nadir oğlu Neftçala rayonunun Xəzərkənd kəndində anadan olub. Bu günlərdə APA televiziyasının qonağı olan qazimizin həyat hekayəti – müharibə xatirələri onu dinləyənlərin qəlbini riqqətə gətirib. Özü döyüşdə olarkən şəhid kimi dəfn edilən qazimizin döyüş xatirələrini oxucularımıza təqdim edirik. 

Xalid Şəkiyev 27 sentyabrda Azərbaycanın Zəfər yürüşünə könüllü olaraq qoşulanlardan biri olub. O, Füzulu, Cəbrayıl, Kəlbəcər, Xocavənd, Şuşa ətrafı döyüşlərdə qəhrəmanlıqla vuruşub. Deyir ki, ən güclü döyüş Füzuli istiqamətində idi və xeyli şəhid verdik. Xalid müharibədə dəfələrlə travma alıb, yaralansa da döyüş mövqeyini tərk etməyib. O, qızğın döyüşlərdə olarkən bilmədən ailəsinə onun şəhid olması xəbəri verilib. Atası, qaynatası Füzuliyə gəlib onun adını şəhidlərin siyahısında görüblər. Atası şəhidin üzünə baxıb və elə bilib ki, oğludur. Çünki həmin şəhidlə Xalid bir-birinə çox bənzəyirmiş.

Beləliklə, doğmaları onu şəhid kimi dəfn edib və yas mərasimi keçiriblər. Həmin ərəfədə şiddətli döyüşlərin içindən Xalid birtəhər evlərinə zəng edib. Telefonu götürən atasının ürəyi gedib. Sonra həyat yoldaşı telefonu götürüb və Xalidin səsini eşidəndə o da huşunu itirib. Baş verənlərdən xəbərsiz olan Xalid daha sonra əmisi oğlu ilə əlaqə saxlamağa çalışsa da onunla da danışa bilməyib. Çünki əmisi oğlu da onun səsini eşidəndə dəhşətdən dili-ağzı tutulub. Bundan sonra ailəsi öyrənib ki, əslində dəfn etdikləri şəhid Xalid deyil. Bununla belə onlar görüşəndə də, ata-anası onun sağ olduğuna inanana bilmirmiş...

Atası övladı kimi dəfn etdiyi şəhid üçün bir daha mərasim keçirib və adına ehsan verib. Xalid isə yenidən döyüşlərə qatılıb və bir də noyabrın 8-də evlərinə qayıdıb.  

Qəhrəman qazimiz Cəbrayılın, Kəlbəcərin və Şuşanın azad edilməsinə görə Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə medallarla təltif edilib. Uca Tanrı ona və bütün qazilərimizə cansağlığı versin.

Mina RƏŞİD

Oxşar xəbərlər