23.12.2024, 08:00
AZ EN
05.12.2024, 10:45 283

Fəxr edirəm ki, Turan kimi qardaşım var...

XƏBƏRLƏR
  • “Sən nə vaxt böyüdün, oğlum, nə vaxt bu boyda hörməti-izzəti qazandın, can balam! Elə bilirdim sən hələ körpə uşaqsan”. Bu sözləri Vətən Müharibəsinin qəhrəman şəhidi, gizir Turan Muradovun anası söyləyib. Doğrudan da, qəhrəmanlıq bir anda, bircə qığılcımla baş verir. 44 günlük Vətən müharibəsi də bizə qəhrəmanlarımızı tanıtdı. İndi Turanın bacısı dediyi kimi, biz onlarla fəxr edirik, adları tariximizin qızıl səhifələrinə yazılmış müqəddəs şəhidlərimizlə qürur duyuruq...  

Bu gün Vətən müharibəsinin qəhrəman şəhidi, gizir Turan Vaqif oğlu Muradovun doğum günüdür. O, 5 dekabr 1994-cü ildə Zərdab rayonunun Körpükənd kəndində anadan olub. İlk təhsilini Xasa kənd orta məktəbində alıb.
2013-2014-cü illərdə Füzuli rayonunda müddəti hərbi xidmətdə olub. Hərbi xidmətini başa vurduqdan sonra, müddətdən artıq Vətənə hərbi xidmətə başlayıb. Murad qüsursuz xidmətinə və fərqlənməsinə görə gizir hazırlığı kursuna göndərilib. Kursu başa vurduqdan sonra, gizir rütbəsi alıb və manqa komandiri təyin olunub.

Gizir Turan Muradov İkinci Qarabağ Müharibəsində ön cəbhədə döyüşüb. Bir neçə strateji yüksəkliyin azad olunmasında mərdliklə vuruşub. Suqovuşan, Talış və başqa bir neçə kəndin azad olunmasında şücaətlər göstərib.

 Turan Muradov Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə oktyabrın 14-də qəhrəmancasına şəhadətə ucalıb.

Şəhidimiz böyük izdiham və ehtiramla doğma kəndlərində torpağa tapşırılıb.

Qeyd edək ki, şəhidimizin atası Muradov Vaqif Müseyib oğlu da, Birinci  Qarabağ Müharibəsi veteranıdır. 

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Turan Muradov ölümündən sonra "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə" və "Cəsur döyüşçü" medalları ilə təltif edilib.

Şəhidimizin oxuduğu Xasa kənd orta məktəbində qəhrəmanımızın adına "Qürur güşəsi" yaradılıb və "VII" sinif onun adını daşıyır.

Cənnətdəki doğum günün mübarək, ruhun şad olsun, məzarın nurla dolsun, qəhrəman şəhidim!

Mina RƏŞİD

Oxşar xəbərlər