19.11.2025, 22:52
AZ EN
07.11.2025, 10:06 261

Bu gün şəhid Aydın Rüstəmovun anım günüdür

XƏBƏRLƏR
  • Bu gün Şanlı Vətən müharibəsinin qəhrəman şəhidi Aydın Elxan oğlu Rüstəmovun anım günüdür. O, 17 avqust 1997-ci ildə Gəncədə anadan olub. 2015-ci ildə Gəncə şəhəri  32 saylı tam orta məktəbi bitirib. Həmin il Gürcüstan Respublikasının Tbilisi şəhərindəki Avropa Texniki Universitetinə qəbul olunub. 2019-cu ildə 4-cü kurs tələbəsi olarkən həqiqi hərbi xidmətə çağırılıb.

Azərbaycan Ordusunun əsgəri kimi Aydın Rüstəmov 27 sentyabr 2020-ci il tarixində başlanan İkinci Vətən Müharibəsində iştirak edib. O, Füzuli istiqamətində gedən döyüşlərdə mərdliklə vuruşub. Aydın ağır döyüşlərin birində yaralanıb. Yarası çox dərin olmadığından tezliklə sağalıb və yenidən döyüşlərə atılıb.

Ordumuzun əsgəri Aydın Rüstəmov 7 oktyabr 2020-ci ildə Füzuli rayonu ərazisində gedən qanlı döyüşlərdə qəhrəmancasına şəhadətə ucalıb. 

Şəhidimizin nəşi bir ay neytral zonada qalıb. Sonra 7 noyabr 2020-ci ildə doğma Gəncə şəhərinin Şəhidlər xiyabanında böyük izdiham və ehtiramla torpağa tapşırılıb.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Aydın Rüstəmov ölümündən sonra " Vətən uğrunda", “Füzulinin azad olunmasına görə”, "Cəbrayılın azad olunmasına görə" medalları və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə tətif edilib. 

Məzarın nurla dolsun, ruhun şad olsun, qəhrəman şəhidim!

Mina RƏŞİD

Oxşar xəbərlər