Əmisi Əfəndi Vəliyev Vüqarın vətənpərvərliyindən ağızdolu danışır. Deyir ki, Vüqar düşmənə qisas hissi ilə böyüyüb. Onun bu ruhda böyüməsinə kəndimizin təmas xəttində olması çox təsir edib, illərdi atəş altında yaşamışıq. Vüqar Vətəni necə sevdiyini əməli ilə göstərdi. Torpaqlarımızın azadlığı uğrunda şəhadətə ucaldı. Onun dəfni zamanı da düşmən kəndimizi atəşə tutmuşdu. Buna baxmayaraq camaat heç nədən qorxmadan, dəfn mərasimində iştirak etdi. Allahdan bütün şəhidlərimizə rəhmət diləyirəm...
Vüqarın bacısı Gülnar xanım da qardaşı barədə fəxrlə danışır. Deyir ki, ailədə elə bir qardaş, bir bacı olmuşuq. Atamızı kiçik yaşımızda itirmişik. Uşaqlığımız çətin keçib. Vüqar mənə həm qardaş, həm də ata olub. Mənim təhsil almağımda onun əməyi çoxdur. Bu gün qardaşımı itirsəm də, onunla fəxr edirəm!
Bu gün Şanlı Vətən Müharibəsinin qəhrəman şəhidi Vəliyev Vüqar Emin oğlunun doğum günüdü. O, 22 oktyabr 1995-ci ildə Ağdam rayonunun Rzalar kəndində anadan olub. 2002-ci ildə Ağdam rayon Rzalar kənd tam orta məktəbinin 1-ci sinfinə daxil olub və 2013-cü ildə həmin məktəbin 11-ci sinfini yüksək qiymətlərlə bitirib. 2013-2017-ci illədə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında ali təhsil alıb. 2019-cu ildə Müəllimlərin İşə Qəbulu (MİQ) imtahanında müvəffəqiyyətlə iştirak edib və Quzanlıda yerləşən Ağdam rayon 18 nömrəli köçkün tam orta məktəbinə idman müəllimi kimi işə qəbul olunub. 2017-2018-ci illərdə həqiqi hərbi xidmətə olub.
Azərbaycan Ordusunun əsgəri olan Vüqar Vəliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşan qəsəbəsi istiqamətində gedən döyüşlərdə vuruşub.
17 oktyabr 2020-ci ildə Tərtər rayonunun Suqovuşan qəsəbəsi yaxınlığında gedən döyüşlərdə qəhrəmancasına şəhadətə ucalıb.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Vüqar Vəliyev ölümündən sonra "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə" və "Cəsur döyüşçü" medalları ilə təltif edilib.
Cənnətdəki doğum günün mübarək, ruhun şad olsun, məzarın nurla dolsun, qəhrəman şəhidim!
Mina RƏŞİD