19.11.2025, 19:36
AZ EN
21.10.2025, 08:48 253

Elnur övladlarını hərbçi görmək istəyirdi

XƏBƏRLƏR
  • Bu gün Şanlı Vətən Müharibəsinin qəhrəman şəhidi Elnur Xurşud oğlu Məmmədovun doğum günüdür. O, 21 oktyabr 1982-ci ildə Gəncə şəhərində anadan olub. Elnur 3 yaşında olarkən ailəsi Ağdama köçüb. 1990-1993-cü illərdə Ağdam rayon 1 nömrəli tam orta məktəbdə təhsil alıb. 1993-2000-ci illərdə Gəncə şəhər 16 nömrəli tam orta məktəbdə təhsilini davam etdirib. 2000-2004-cü illərdə Şuşa Kənd Təsərrüfatı Texnikumunda təhsil alıb. Hərbi xidmətini bitirdikdən sonra 2005-2014-cü illərdə Gəncə şəhərində çörəkçi işləyib. Elnur Məmmədov 2004-2005-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu olub.

 2014-cü ildən eyni hərbi hissədə müddətdən artıq həqiqi hərbi xidmətə başlayıb. Göygöl rayonunun Toğanalı kəndində yerləşən “N” saylı hərbi hissədə manqa komandiri vəzifəsində Vətənə xidmət edib. 2016-cı ilin aprelin 2-dən 5-nə qədər davam edən Aprel döyüşləri zamanı Goranboy rayonunun Tap Qaraqoyunlu kəndi istiqamətində vuruşub, şücaətlər göstərib. Döyüşlərdə fərqləndiyinə görə hərbi hissə komandiri tərəfindən fəxri-fərmanla təltif edilib.

Elnurun atası Xurşud Məmmədov deyir ki, Elnur torpaqlarımızın düşmən tapdağında qalması ilə barışmır, Ali Baş Komandanın döyüş əmrini səbirsizliklə gözləyirdi. Ordumuzun gücündən, döyüşlərə hazırlığından fəxr hissi ilə danışardı. Deyərdi ki, Ali Baş Komandanımızın əmri ilə qısa zamanda torpaqlarımızı işğaldan azad edə bilərik.

2020-ci il sentyabrın 27-də Vətən müharibəsi başlayanda Elnur yenə ön sıralarda olur. Murovdağ yüksəkliyi uğrunda qanlı döyüşlərə qatılır. Hərbi birləşmələrimiz düşmənə, sözün əsl mənasında, qan uddurur, yağını o zirvəyə çıxdığına peşman edir. Qəhrəman döyüşçülərimiz Murovdağ yüksəkliyini fəth edəndə Elnur da qəhrəmancasına şəhidlik zirvəsinə ucalır. Düşmənin atdığı mərminin partlaması nəticəsində ağır yaralanan Elnur xəstəxanaya çatdırılır. Lakin həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmur. Oktyabrın 26-da şəhadətə ucalır.

Qəhrəman şəhidimiz Elnur Məmmədov oktyabrın 27-də Gəncə şəhərindəki Şəhidlər xiyabanında böyük izdiham və ehtiramla torpağa tapşırılıb.
Vətən müharibəsində göstərdiyi şücaətlərə görə Ali Baş Komandan İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Elnur Məmmədov ölümündən sonra “Vətən uğrunda” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.

Şəhidimiz ailəli idi, onun Vahid və Yusif adlı iki övladı Vətənə yadigar qalıb.

Həyat yoldaşı Kəmalə Məmmədova bildirir ki, Elnur sakit təbiətli, mehriban, ailəsinə bağlı insan idi. Onun ən böyük arzusu isə övladlarını hərbçi görməkdi. Elnur kimi qeyrətli Vətən oğulları heç vaxt unudulmayacaq...
Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, ruhun şad olsun, qəhrəman şəhidim!

Mina RƏŞİD
 

Oxşar xəbərlər