22.11.2024, 18:59
AZ EN
17.10.2022, 14:23 606

Milli Qəhrəmana həsr edilən kitabın təqdimatı keçirildi

XƏBƏRLƏR

Vətən müharibəsinin şəhidi, polkovnik, Milli Qəhrəman Şükür Həmidov haqqında kitab çap edilib. Yazıçı-publisist Oqtay Ərgünəş Əliyev və Pərvanə Mehmanqızının birgə müəllifi olduğu kitab “Vətən sənə oğul dedi” adlanır. Bu günlərdə Sumqayıt şəhər Mərkəzi Kitabxana Sistemində S.Vurğun adına kitabxananın Uşaq şöbəsində həmin kitabın  təqdimatı keçirilib. 
Tədbirdə əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Milli Qəhrəman Şükür Həmidovun döyüş yolunu əks etdirən videoçarx nümayiş olunub.
Yazıçı-dramaturq, kulturoloq Hafiz Ataxanlının moderatorluğu ilə keçən  tədbirdə müəlliflər Ordumuzun qəhrəmanlıq salnaməsinin gənc nəsillərə çatdırılmasında ədəbiyyatın, incəsənətin mühüm rolundan danışıb, bu mövzuda kitab yazmağın məsuliyyətli, eyni zamanda şərəfli olduğunu söyləyiblər.
Şükür Həmidovun qardaşı Əsəd Həmidov, döyüş yoldaşları – Vətən Müharibəsi Qəhrəmanı, polkovnik Nizami Mövlamov, “Rəşadət” ordenli polkovnik Nemət Məmmədov, “İstedad” liseyinin direktoru Adilə Süleymanova tədbirdə çıxış edərək, şəhidlik məqamının ucalığından bəhs ediblər.
Azərbaycan Yazıçılar Birliyi Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddin, Mərkəzi Kitabxananın direktoru Natəvan Axundzadə, Heydər Əliyev Mərkəzinin direktoru Vüsalə Qurbanova və başqaları döyüş meydanında və diplomatiya cəbhəsində ölkəmizin uğurlarından söhbət açıblar.
Şagirdlər Milli Qəhrəmana həsr olunmuş kompozisiya təqdim ediblər, vətənpərvərlik ruhlu musiqilər səsləndirilib.
Sonda Şükür Həmidovun atası Nəriman Həmidov tədbirin təşkilatçılarına və qonaqlara təşəkkür edib.

Mina RƏŞİD

Oxşar xəbərlər