Bu gün Şanlı Vətən Müharibəsinin qəhrəman şəhidi Qasımov Nicat Elşən oğlunun doğum günüdür. O, 17 oktyabr 1991-ci ildə Gəncə şəhərində doğulub. 2007-ci ildə 33 nömrəli tam orta məktəbin 9-cu sinfini bitirib. 2007-2010-cu illərdə 1 nömrəli Peşə liseyində (indiki: Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzi) təhsil alıb. 2010-cu ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə Şəhər Kəpəz Rayon Şöbəsindən hərbi xidmətə çağrılıb. Xidmətini şərəflə yerinə yetirib.
Nicat Qasımov 2020-ci ilin sentyabr ayında Azərbaycan Ordusunda keçirilən hərbi təlimlərə çağrılıb. 27 sentyabr 2020-ci il tarixində Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatı ilə başlayan Vətən Müharibəsində iştirak edib, Murovdağ istiqamətində gedən döyüşlərdə mərdliklə vuruşub.
2020-ci ilin oktyabr ayının 2-də Kəlbəcər rayonunun azad olunması uğrunda gedən döyüşdə qəhrəmancasına şəhadətə ucalıb.
Şəhidimiz oktyabrın 4-də böyük izdiham və ehtiramla Gəncə şəhərinin Şəhidlər xiyabanında torpağa tapşırılıb.
Qasımov Nicat Elşan oğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən ölümündə sonra “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə” və “Hərbi xidmətlərə görə” medalları ilə təltif olunub.
Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, ruhun şad olsun, qəhrəman şəhidim!
Mina RƏŞİD