Seymur da belə oğullardan biridir.
Seymur İlham oğlu Cabbarov 1987-ci ilin 16 mart tarixində Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Çərçiboğan kəndində anadan olub.
1993-2001-ci illərdə Ramiq Abbasov adına tam orta məktəbdə, 2001-2004-cü illərdə Cəmşid Naxçıvanski adına hərbi liseydə, 2004-2008-ci illərdə isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alıb.
2008-ci ildə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin müvafiq əmrinə əsasən Leytenant hərbi rütbəsi alıb. 2009-cu ildə Silahlı qüvvələrin təlim və tədris mərkəzinin Zabit ixtisası kursunu bitirib. 2009-cu ildə Müdafiə Nazirliyinin müvafiq əmrinə əsasən N saylı hərbi hissənin motoatıcı taborunun motoatıcı tağım komandiri vəzifəsinə təyin edilib.
2010-cu ildə Silahlı qüvvələrin təlim və tədris mərkəzinin Zabit təkmilləşdirmə kursunda Motoatıcı bölük komandiri kursunu bitirib. 2011-ci ildə Baş leytenant rütbəsi verilib və N saylı hərbi hissənin motoatıcı taborun motoatıcı bölük komandiri vəzifəsinə təyin edilib. 2013-cü ildə Silahlı Qüvvələrin Təlim və Tədris mərkəzinin Zabit təkmilləşdirmə kursunda Qərargah rəisinin MTT üzrə köməkçisi kursunu bitirib, 2014-cü ildə motoatıcı tabor komandirinin MTT üzrə müavini vəzifəsinə təyin olunub.
2015-ci ildə Müdafiə Nazirinin əmrinə əsasən Füzuli rayonun N saylı hərbi hissəsinə bərabər vəzifəyə təyin olunub. Həmin ilin avqust ayında Naxçıvan Muxtar Respublikasının N saylı hərbi hissəsinə təyinatı verilib.
Naxçıvan Muxtar Respublikasında olduğu müddətdə kapitan rütbəsi verilib.
2020-ci ilin yanvar ayında Ağcabədi rayonunda xidmətini davam etdirib, 2020-ci ilin əvvəllərində könüllü olaraq Beyləqan rayonundakı N saylı hərbi hissədə xidmətə başlayıb.
2020-ci il sentyabrın 27-də başlayan İkinci Qarabağ Müharibəsinyaxından iştirak edib. O, qazandığı hərbi təcrübəsindən istifadə edərək bir çox uğurlu əməliyyatlarda fərqlənib. Ərazilərimizin işğaldan azad olunmasında onun böyük əməyi olub. Kapitan Seymur Cabbarov 2020-ci il oktyabrın 3-də Füzuli uğrunda gedən ağır döyüşlər zamanı qəhrəmancasına şəhid olub.
Nəşi Şərur rayonuna gətirilərək buradakı Şəhidlər Xiyabanında böyük ehtiram və izdihamla dəfn olunub.
Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Seymur Cabbarov ölümündən sonra "Vətən uğrunda", “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilib. Ailəli idi, iki övladı yadigar qalıb.
Tahirə AĞAMİRZƏ