20.11.2025, 03:13
AZ EN
14.10.2025, 10:00 285

Yusif qardaşını çox sevirdi...

XƏBƏRLƏR
  • Vətən müharibəsi başlayanda Yusif hərbi xidmətdə idi. O, hərdən şeirlər yazardı və bununla müqəddəs şəhidlərimizi vəsf etməyə çalışardı. Bir dəfə anası yazdıqlarını görür və elə təsirlənir ki, ağlayır... Yusif müharibədə şəhadətə ucalanda qardaşı qızğın döyüşlərdə vuruşurdu. O, qardaşını hamıdan çox istəyirdi, deyirdi ki, ona heç nə olmasın. İndi qardaşı odun-alovun içindən sağ çıxıb Yusif haqqında danışır. Deyir ki, qardaşım qəhrəmandır!

Bu gün Şanlı Vətən müharibəsinin qəhrəman şəhidi Yusif Nadir oğlu Nəcəfovun doğum günüdür. O, 14 oktyabr 2001-ci ildə Yasamal rayonunda doğulub. 52 nömrəli tam orta məktəbi bitirib. Yusif cüdo ilə  məşğul olub. Ölkəmizdə, İran, Türkiyə və Gürcüstanda keçirilən çoxsaylı idman yarışlarının iştirakçısı olub və uğurlar qazanıb. Yusif Nəcəfov 2019-cu ildə Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində hərbi xidmətə başlayıb.

Azərbaycan Ordusunun əsgəri olan Yusif Nəcəfov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak edib. Murovdağ istiqamətində mərdliklə döyüşüb. 2020-ci il oktyabrın 1-də cəbhədə yaralanıb, 12 gün müalicədən sonra yenidən döyüşə qayıdıb elə həmin gün də cəbhənin Kəlbəcər rayonu istiqamətində qəhrəmancasına şəhadətə ucalıb.

2020-ci ildə oktyabrın 13-də Murovdağ uğrunda şəhid olmuş Yusif Nəcəfov əvvəlcə Qaradağ rayonundakı Ümumşəhər qəbiristanlığında dəfn olunub. Daha sonra şəhidimizin məzarı II Şəhidlər Xiyabanına köçürülüb.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Yusif Nəcəfov ölümündən sonra "Vətən uğrunda", "Kəlbəcərin azad olunmasına görə" və "Hərbi xidmətlərə görə" medalları ilə təltif edilib.

Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, ruhun şad olsun, qəhrəman Şəhidim!

 Mina RƏŞİD

Oxşar xəbərlər