Bu gün Şanlı Vətən müharibəsinin qəhrəman şəhidi Böyükağa Elbrus oğlu Yusiflinin doğum günüdür. O, 1 sentyabr 2000-ci ildə Beyləqan rayonunun Kəbirli kəndində Elbrus Yusifovun və Ülviyyə Yusifovanın ailəsində anadan olub. 2006-2017-ci illərdə orta təhsil alıb. Böyükağa Yusifli 2018-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan rayon üzrə Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılıb. Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, "N" saylı hərbi hissədə müddətli hərbi xidmət edib. Böyükağa 2020-ci ildən müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi Vətənə xidmət edirdi.
Azərbaycan Ordusunun MAXE əsgəri olan Böyükağa Yusifli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində tuşlayıcı-operator kimi iştirak edib. O Cəbrayılın, Xocavəndin və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşub.
Böyükağa Yusifli 3 oktyabr 2020-ci ildə Füzuli rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı qəhrəmancasına şəhadətə ucalıb.
Şəhidimiz Beyləqan rayonunda böyük izdiham və ehtiramla torpağa tapşırılıb.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Böyükağa Yusifli ölümündən sonra "Vətən uğrunda", “Cəsur döyüşçü”, “İgidliyə görə”, "Cəbrayılın azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunub.
Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, ruhun şad olsun, qəhrəman Böyükağa balamız!
Mina RƏŞİD