23.12.2024, 03:15
AZ EN
01.04.2022, 12:55 1189

Yurda qayıdışla bağlı layihə uğurla icra olunur

XƏBƏRLƏR

Xəbər verdiyimiz kimi, Azadlıq Hərəkat­çıları İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Yurda qayıdış mövzusunda verilişlərin hazırlanması və nümayiş etdirilməsi” mövzusunda qrant layihəsi həyata keçirir. Layihənin keçmiş məcburi köçkünlərin istək və arzularının öyrənilməsi baxımından əhəmiyyətini nəzərə alaraq əməkdaşımız onun icrasının gedişi ilə maraqlanıb. Layihənin rəhbəri, Azadlıq Hərakatçıları İctimai Birliyinin sədri, yazıçı-publisist Təhmasib Novruzov əməkdaşımıza layihənin icrası ilə bağlı deyib:

- Ötən ilin qrant layihələri çərçivəsində təşkilatımız Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Yurda qayıdış mövzusunda verilişlərin hazırlanması və nümayiş etdirilməsi” mövzusunda qrant layihəsini həyata keçirir. Layihə 44 günlük hərbi əməliyyatlar nəticəsində otuz ilə yaxın işğalda olan torpaqlarımız düşmən tapdağından azad edildikdən sonra, həmin yurd yerlərinin abadlaşdırılması, keçmiş məcburi köçkünlərin bu yerlərə qayıtması ilə bağlı problemlərin, rəy və arzuların öyrənilməsinə və bunların ümumiləşdirilərək müvafiq dövlət qurumları ilə müzakirə edilməsinə həsr edilmişdir. Ölkə başçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin də dəfələrlə vurğuladığı kimi, indi qarşıda duran əsas məsələ bu yerlərin yenidən abad diyara çevrilməsinə, sakinlərin doğma yurdlara problemsiz qayıtmalarına nail olmaqdan ibarətdir. Bu baxımdan, hesab edirəm ki, bu və bu kimi layihələrin həyata keçirilməsi dövlət və hakimiyyət strukturlarının Qayıdış Proqramı çərçivəsində apardıqları uğurlu siyasətə vətəndaş cəmiyyətinin dəstəyi kimi qəbul edilməlidir. Layihə fevral ayının əvvəlində icra olunmağa başlamış və artıq uğurla davam etməkdədir. Yeri gəlmişkən, layihənin icra olunmasında bizimlə bərabər onun yüksək səviyyədə həyata keçirilməsi üçün əlindən gələn köməyi əsirgəməyən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə, onun “Qobu Park” yaşayış massivində yerləşən yerli strukturlarına minnətdarlığımı bildirmək istəyirəm. Çəkilişlərin təşkilində, müvafiq ailələrin seçilməsində, digər məsələlərin həllində komitənin yerdəki strukturları həqiqətən işin keyfiyyətlə icra olunmasında müstəsna rol oynadılar. İmkandan istifadə edib qəzetiniz vasitəsilə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə, bizə bu işdə dəstək verən hər kəsə dərin minnətdarlıq duyğularımı ifadə etmək istəyirəm.

Layihənin təsdiq olunmuş icra planına uyğun olaraq, işğaldan azad olunmuş yeddi rayonun hər birinə bir veriliş həsr edilməlidir. Artıq Ağdam, Şuşa, Füzuli, Cəbrayıl və Kəlbəcər rayonlarından olan keçmiş məcburi köçkün ailələri ilə görüşlər keçirilmiş, səmimi söhbət əsasında çəkilişlər aparılmış və hazırlanaraq SƏS TV onlayn televiziyasında nümayiş etdirilmişdir. Keçmiş məcburi köçkün ailələri olan Hacı Ramiz Novruzovun, Həsəncanov Almuradın, Allahverdiyev Xasoğlanın, Əvəz Mirzəyevin, Amil Məmmədovun və digərlərinin ailələrində olarkən, insanların Vətən həstrəti ilə necə alışıb-yandıqlarının şahidi  olmaq çox qürurvericidir. İnanın, bu insanlara bu gün icazə verilsə, gedib o yurd yerlərində “palatka” qurub orda yaşayarlar. Yəni evlərin tikilməsini, o yerlərin abadlaşdırılmasını, infrastrukturun yaradılmasını gözləmədən ata-baba ocaqlarına dönmək üçün hazırdırlar. Bununla yanaşı, Azərbaycan dövlətinə, xüsusilə ölkə başçısına sonsuz məhəbbətlərini dönə-dönə ifadə edir və yalnız Prezidentimizin məsləhət bildiyi zaman yurda qayıtmağa hazır olduqlarını ifadə edirdilər.

Həmçinin keçmiş məcburi köçkünlər bir sıra problemlərlə bağlı fikirlərini, istək və arzularını da söylədilər. Biz bütün çəkilişlər başa çatdıqdan sonra bu istək və arzuları ümumiləşdirərək müvafiq dövlət və hakimiyyət orqanları ilə birlikdə canlı efirdə müzakirə edəcəyik. Yeri gəlmişkən, canlı müzakirə 27 aprel 2022-ci il, saat 17:00-da SƏS TV onlayn televiziyasında baş tutacaq. Mən bütün keçmiş məcburi köçkünləri həmin verilişi canlı olaraq izləməyə, onları maraqlandıran suallarla birbaşa müraciət etməyə dəvət edirəm. İndilikdə görüşdüyümüz ailələr bir sıra ciddi məsələlərə toxunublar. Bunların sırasında yurd yerlərinin əvvəlki formasının saxlanması şərti ilə bərpa edilməsi, məzarlıqların bərpası, yurda qayıdana qədər dünyasını dəyişən insanların doğma yurdlarında dəfn olunmasına şəraitin yaradılması, dağıdılmış müqəddəs dini abidələrin, eləcə də kəndlərin, qəsəbələrin, şəhərlərin tarixi ilə bağlı olan abidələrin bərpa edilməsi ilə yanaşı bu yerlərdə gələcəkdə qaynar həyatın yenidən bərpa edilməsi üçün hansı infrastrukturların yaradılması, Qarabağın və Şərqi Zəngəzurun spesifik iqlim və torpaq şəraiti nəzərə alınmaqla müəssisələrin tikilməsi, heyvandarlığın, arıçılığın, əczaçılığın, üzümçülüyün, tütünçülüyün inkişaf perspektivləri  və sairə ilə bağlı çox maraqlı fikirlər səsləndiriblər ki, bütün bunların canlı verilişdə müzakirə edilməsi nəzərdə tutulmuşdur.

Sevda SÜLEYMANOVA

Oxşar xəbərlər