27.10.2025, 16:36
AZ EN
11.08.2025, 10:21 210

Düşmənə qan udduran Elzamin...

XƏBƏRLƏR
  • Elzaminin babası, dayısı və dayısı oğlu kimi neçə doğması Birinci Qarabağ Müharibəsində şəhid olmuşdu. Bütün bunlar onun yaddaşına yazılmışdı. Yumruğunu düyünləyib deyirdi ki, düşməndən babamın, dayımın, hamımızın qisasını alacam bir gün. Deyirdi ki, ana, sənə söz vermişəm. İndi anası deyir ki, Elzamin həmin sözünün üstündə durdu. İkinci Vətən müharibəsi başlayanda Elzamin cəsur döyüşçü kimi düşmən üstünə getdi. Müharibənin ilk günündən son gününədək döyüşdü. Füzulidə yaralandı və tam sağalmamış yenidən Qubadlıda döyüşlərə qatıldı. Ən son da Şuşa uğrunda savaşdı. Elzaminin elə bir döyüş hazırlığı vardı ki, bir çox silahlardan istifadə edirdi. O əlbəyaxa döyüşlərdə də düşmənə qan uddururdu. Elzamin xüsusi döyüş qabiliyyəti ilə düşmənin xeyli döyüş texnikasını ələ keçirib və canlı qüvvəsini məhv elədi. İgid döyüşçü öz çevikliyi, müxtəlif bacarığı ilə bir çox yaralı yoldaşlarını da ölümün caynağından xilas elədi. Vətənin igid oğlu müharibənin son günündə Şuşa döyüşləri zamanı qəhrəmancasına şəhadətə ucaldı...   

Atası deyir ki, axırıncı dəfə Şuşadan zəng eləmişdi, dedi ki, ata, bura cənnətdi...

Tağıyev Elzamin Eyvaz oğlu 1992-ci il avqustun 11-də Xocavənd rayonunun Qaradağlı kəndində dünyaya gəlib. 1999-cu ildə Beyləqan rayon Şəfəq qəsəbəsində birinci sinifə qədəm qoyub. 2010-cı ildə Xocavənd rayon Salakətin kənd tam orta məktəbini bitirib. Həmin il hərbi xidmətə yollanıb, 2012-ci ildə N saylı hərbi hissədən tərxis olunub. Hərbi xidmətdən qayıtdıqdan sonra Moskva Dövlət Politexnik Universitetinin İqtisadiyyat fakültəsinə daxil olub. Qiyabi təhsil aldığı müddətdə rayonun ictimai-siyasi həyatında fəai iştirak edib, 2015-ci ildən Xocavənd rayon Mərkəzi Kitabxana sistemində şöbə müdiri vəzifəsində çalışıb. Eyni zamanda bir çox idman yarışlarının iştirakçısı olub. Xocavənd Rayon İcra Hakimiyyətinin ictimai şurasının üzvü idi.
 8 sentyabr 2020-ci ildə müddətdən artıq hərbi qulluqçu kimi ordu sıralarına yazılıb.

Tağıyev Elzamin 2020-ci ilin 27 sentyabrında başlayan Vətən müharibəsinin ilk günündən Füzuli istiqamətində döyüşlərə atılıb. 11 oktyabrda şiddətli döyüşlər zamanı yaralanıb, 27 oktyabr tarixinə kimi hərbi hospitalda müalicə aldıqdan sonra yenidən ordu sıralarına qatılan Elzamin Qubadlı istiqamətində gedən döyüşlərə qatılıb.

Müharibənin sonuncu günündə - 9 noyabr 2020-ci ildə Şuşa uğrunda gedən döyüşlərdə şəhadətə ucalıb.
Tağıyev Elzamin ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Vətən uğrunda”, “Qubadlının azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.

Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, ruhun şad olsun, qəhrəman şəhidim!

Mina RƏŞİD

Oxşar xəbərlər