Bu gün Vətən müharibəsinin qəhrəman şəhidi Arazov Səyyar Güloğlan oğlunun doğum günüdür. O, 1987-ci il iyulun 21-də Gəncə şəhərində anadan olub. 1994-cü ildə İnteqrasiya Təlimli İnternat Tipli Gimnaziyaya daxil olub və 2003-cü ildə oranı bitirib. 2003-2006-cı illərdə təhsilini 3 nömrəli Peşə liseyində davam etdirib. O, əmək fəaliyyətinə "Semsan" şirkətinin armatur əritmə sexində başlamışdı. Səyyar Arazov 2006-cı ildə Naxçıvanda "N" saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmətdə olub.
2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsinə Səyyar könüllü olaraq yollandı. İşğalda olan torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edən Səyyar Arazov Murovdağ istiqamətindəki döyüşlərdə mərdliklə vuruşdu.
İgid Vətən oğlu 2020-ci il sentyabrın 30-da Kəlbəcər uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhadətə ucaldı. Uzun müddət axtarışdan sonra şəhidimizin nəşi tapılaraq dekabrın 19-da Gəncə şəhərindəki Şəhidlər Xiyabanında böyük izdiham və ehtiramla torpağa tapşırıldı.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin müvafiq sərəncamları ilə Səyyar Arazov ölümündən sonra “Vətən uğrunda” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edildi.
Şəhidimiz ailəli idi, onun iki qız övladı Vətənə əmanət qalıb.
Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, ruhun şad olsun, qəhrəman şəhidim!
Mina RƏŞİD