22.11.2024, 20:40
AZ EN
18.06.2022, 08:30 182

Dövlət Komissiyasının ötən dövr ərzində görülmüş işlərə və qarşıda duran vəzifələrə dair iclası keçirilib

XƏBƏRLƏR
  • İyunun 17-də Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının iclası keçirilib. Əvvəlcə tədbir iştirakçıları Mərkəzin foyesində Dövlət Komissiyası tərəfindən müxtəlif dillərdə nəşr edilmiş əyani vəsaitlərlə tanış olub, Birinci Qarabağ münaqişəsi nəticəsində itkin düşmüş Azərbaycan vətəndaşlarının fotoşəkillərindən ibarət sərgiyə baxıblar.

Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri Əli Nağıyev Komissiyanın Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq olunmuş yeni tərkibdə ilk iclasını açıq elan etdikdən sonra Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Son illərdə Dövlət Komissiyası tərəfindən görülən işlər barədə danışan sədr Əli Nağıyev Birinci Qarabağ müharibəsində itkin düşən 3890 nəfər Azərbaycan vətəndaşı barədə məlumatların Ermənistan tərəfindən beynəlxalq humanitar hüquq normalarının ziddinə olaraq bu günə kimi təqdim olunmadığını, onların sırasından yalnız 100-dən artıq itkin düşmüş şəxsə aid olması ehtimal olunan meyit qalıqlarının təhvil verildiyini və hazırda eyniləşdirmə prosesinin aparıldığını vurğulayıb. Eyni zamanda bildirilib ki, Vətən müharibəsi başa çatdıqdan sonra 12 nəfər hərbçimizin yaralanaraq əsir düşdüyü məlum olub və beynəlxalq təşkilatların vasitəçiliyi ilə onlar qısa vaxtda Vətənə qaytarılıb. Altı hərbçimizin isə taleyi bu vaxtadək qeyri-müəyyən olaraq qalmaqdadır. Humanizm prinsiplərini daim rəhbər tutan Azərbaycan Respublikası isə əldə olunmuş tarixi Qələbədən sonra düşmən tapdağından azad olunmuş torpaqlarda tapılmış 1713 nəfər Ermənistan hərbi qulluqçusunun cəsədlərinin qalıqları və müxtəlif vaxtlarda saxlanılmış 159 nəfər erməni əsiri qarşı tərəfə qaytarıb.

Komissiya sədri itkin vətəndaşlarımızın axtarışı üzrə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, intensiv və təxirəsalınmaz tədbirlərin bundan sonra da davamlı və operativ şəkildə həyata keçiriləcəyini, bu istiqamətdə mövcud beynəlxalq əməkdaşlığın daha da genişləndiriləcəyini qeyd edib. Eyni zamanda, Yaxın Şərqdə baş vermiş silahlı münaqişələr zamanı qeyri-qanuni silahlı birləşmələrin tərkibində döyüşlərdə iştirak etmiş şəxslərin İraq və Suriyada saxlanılan ailə üzvlərinin, xüsusən də qadın və uşaqların repatriasiyası və reabilitasiyası ilə bağlı müvafiq tədbirlərin görüldüyü və indiyədək hər iki ölkədən ümumilikdə mərhələli şəkildə 366 nəfərin repatriasiya edildiyi nəzərə çatdırılıb.

Sonra Dövlət Komissiyasının katibi, İşçi qrupunun rəhbəri İsmayıl Axundov çıxış edərək Əli Nağıyevin rəhbərliyi altında son illərdə Dövlət Komissiyası tərəfindən əsir və itkin düşmüş şəxslərlə əlaqədar həyata keçirilmiş önəmli tədbirlər barədə geniş məlumat verib, qurumun fəaliyyətinin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu, bu sahə üzrə mötəbər beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq münasibətlərinin qurulduğunu vurğulayıb, həmçinin meyit qalıqlarının axtarışı zamanı yeni texnologiyaların uğurlu tətbiqindən danışıb. O bildirib ki, bu günədək Ermənistan tərəfindən təhvil verilmiş, o cümlədən işğaldan azad olunmuş ərazilərdə aşkarlanmış və ölkə ərazisindəki naməlum şəhid məzarlıqlarında dəfn edilmiş meyit qalıqları üzrə ümumilikdə 282 məhkəmə molekulyar-genetik ekspertizası təyin olunub.

Tədbirdə, həmçinin Xarici İşlər Nazirliyinin Konsulluq idarəsinin rəisi Emil Səfərov İraq və Suriyada saxlanılan Azərbaycan vətəndaşlarının repatriasiyası ilə bağlı məruzə edib, bu sahədə görülmüş və gələcəkdə görüləcək işlər barədə ətraflı məlumat verib.

Daha sonra Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin başçısı xanım Arian Bauer, Dövlət Komissiyasının üzvləri - Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti İsa Həbibbəyli, hərbi prokuror Xanlar Vəliyev, xarici işlər nazirinin müavini Xələf Xələfov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədri Azay Quliyev çıxış edərək çalışdıqları sahələr üzrə gündəlikdə duran məsələlərdən danışıblar. Qeyd olunub ki, Birinci Qarabağ müharibəsi zamanı Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən həm Ermənistan ərazisində, həm də işğal edilmiş ərazilərdə saxlanılan 54 nəfər Azərbaycan Respublikası vətəndaşına baş çəkilib, onlardan 17 nəfərinin meyiti sonradan Azərbaycana təhvil verilib, 33 nəfərin öldüyü bildirilsə də, meyitləri qaytarılmayıb, 4 nəfərin isə sonrakı taleyi barədə ümumiyyətlə məlumat verilməyib.

İclasın yekununda Dövlət Komissiyasının sədri Əli Nağıyev qarşıda duran mühüm vəzifələr barədə ətraflı bəhs edib, əsir-girov götürülmüş, itkin düşmüş vətəndaşlarımızın taleyinə aydınlıq gətirilməsi yönümündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin beynəlxalq arenada həyata keçirdiyi fəaliyyətin xüsusilə təqdirəlayiq olduğunu vurğulayıb. Həmçinin Dövlət Komissiyasına həvalə olunmuş məsələlərin və tapşırıqların yerinə yetirilməsi istiqamətində bundan sonra da bütün qüvvə və vasitələrin səfərbər olunacağını diqqətə çatdırıb.

Oxşar xəbərlər