17.07.2025, 23:02
AZ EN
17.07.2025, 09:53 224

Milli mətbuatın 150 illiyi maddi-mədəni irsimizin inciləri fonunda qeyd olunub

XƏBƏRLƏR
  • İyulun 16-da “Əkinçi – 150 il: Tariximizin sözüdür” və “Qərbi Azərbaycan tarixini xalçalar danışacaq” mövzusunda tədbir keçirilib. “EMEDIA GROUP” Media təşkilatının təşəbbüsü və rəhbərliyi, Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti, Qərbi Azərbaycan İcması və Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə milli mətbuatın 150 illiyi və Qərbi Azərbaycanın tarixini yaşadan xalça sənəti mövzusunda geniş təqdimatlar olub.

Bu mühüm mədəni-siyasi hadisə “Konstitusiya və Suverenlik İli” çərçivəsində reallaşaraq, söz və fikir azadlığının təşviqi, milli mətbuat tariximizin təbliği və suverenlik ideyalarının möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edib. Tədbirin əsas məqsədi tariximizi yaşatmaq, dəyərlərimizi, maddi-mədəni irsimizi unudulmağa qoymamaq və gələcək nəsillərə ötürmək olub.

İllərdir "EMEDIA GROUP" Media Təşkilatı tərəfindən milli mətbuatın ildönümü münasibətilə keçirilən tədbirin yubiley buraxılışında tarixi dəyərlərə xüsusi yer ayrılıb. Tədbirin əsas hissələrindən biri olan “Qərbi Azərbaycan tarixini xalçalar danışır” mövzusu simvolik və mədəni yükü ilə diqqət çəkib. Xalça xalqımızın yaddaşını, tarixini və kimliyini toxunmuş formada əks etdirən dəyərli mirasdır. Qərbi Azərbaycan torpaqlarında toxunmuş hər bir xalça orada yaşamış insanların izini daşıyır və tariximizi gələcəyə ötürmək missiyasını yerinə yetirir. Odur ki, həmin təşəbbüs Prezident İlham Əliyevin Qərbi Azərbaycan məsələsinə verdiyi önəmin, ictimai dəstəyin bariz nümunəsini özündə ehtiva edir.

Tədbirə xüsusi estetik dəyər qatan elementlərdən biri də “Babək” filmində Babəkin geyindiyi orijinal libasın nümayişi olub. Həmin tarixi geyim simvolik olaraq milli yaddaşın yaşadılmasına və keçmişlə bu gün arasında körpü qurulmasına xidmət edib.

Tədbir ərazi bütövlüyümüz və suverenliyimiz uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Tədbirdə dövlət rəsmiləri, rəsmi qurumların nümayəndələri, yerli və Türkiyə mətbuatının təmsilçiləri, incəsənət və ictimaiyyət xadimləri iştirak ediblər.

“Əkinçi – 150 il: Tariximizin sözüdür” və “Qərbi Azərbaycan tarixini xalçalar danışacaq” mövzusunda keçirilən tədbirdə çıxış edən Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, "EMEDIA GROUP" Media Təşkilatının sədri Elşən Əliyev, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli, Qərbi Azərbaycan İcması Müşahidə Şurasının sədri Misir Mərdanov və başqaları milli mətbuatın 150 illiyinin şanlı Zəfərimizin 5 illiyinin təntənəsində qeyd edildiyini və media nümayəndələrinin 44 günlük Vətən müharibəsində və lokal antiterror əməliyyatları nəticəsində ərazi bütövlüyü və Konstitusiya quruluşu tam bərpa edilmiş Azərbaycandan dünyaya səsləndiyini diqqətə çatdırıblar. Beş il əvvəl media nümayəndələri üçün çox məsuliyyətli bir dönəm olduğunu bildirən çıxışçılar, Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun azad etdiyi torpaqları qəhrəmanların izi ilə qarış-qarış gəzən jurnalistlərin həqiqətləri çatdırmaq uğrunda mübarizəsinin davam etdiyini bildiriblər. Prezident İlham Əliyevin 44 günlük Vətən müharibəsi dövründə informasiya cəbhəsində mübarizəsinin, ünvanlanan suallara və ittihamlara faktlarla tutarlı cavablar verməsinin Azərbaycan mətbuatı üçün örnək olduğu bildirilib. Ölkəmizin dünyada artan nüfuzundan bəhs edən çıxışçılar bu gün azad edilmiş ərazilərdə keçirilən beynəlxalq tədbirlərdən, qlobal forumlardan danışıblar. Tarixi Zəfərimizdən sonra Qərbi Azərbaycana qayıdış məsələsinin aktiv olduğu, tezliklə həmin prosesin gerçəkləşəcəyinə və Azərbaycan mediasının həmin ərazilərdən də dünyaya səslənəcəyinə ümid ifadə olunub.

Mətbuat nümayəndələrinin yubileyini təbrik edən natiqlər şəhid jurnalistlərin xatirəsinə ehtiramlarını bildirib, media əməkdaşlarına bundan sonra da dəqiq, qərəzsiz və müjdəli xəbərlər çatdırmağı arzulayıblar.

Tədbirdə, həmçinin Azərbaycan milli mətbuatının 150 illik yubileyi münasibətilə təsis edilən “Əkinçi” mükafatı təqdim olunub. Milli dəyərlərin təbliği və mətbuatın inkişafına töhfə verən şəxslər həmin mükafatla təltif ediliblər. Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) da təltif olunanlar sırasında yer alıb.

Qardaş Türkiyə mətbuatının tədbirdə iştirakı və nümayiş etdirdiyi həmrəylik xüsusi diqqət çəkib. Onların tarixboyu Azərbaycanın haqq səsinə verdiyi dəstək və bu yubileyi bizimlə birgə qeyd etmələri dostluğumuzun gücünü bir daha nümayiş etdirib. (AZƏRTAC)

Oxşar xəbərlər