28.07.2025, 10:27
AZ EN
09.07.2025, 09:45 258

Cənnətdəki doğum günün mübarək...

XƏBƏRLƏR
  • Həsən anasını çox sevirdi. Deyirdi ki, ana, sənin üçün əlimdən gələn nə varsa edəcəm, təki sən rahat ol, gözəl yaşa. Həsən doğma Vətənini də ana kimi sevdi və elə bu amalla da 18 yaşında gənc ömrünü, arzularını ona fəda elədi. Amma Həsən kimi oğullar heç vaxt ölmürlər. Atası deyir ki, Həsən həmişə bizimlədi. Biz onunla axşamlayır, səhərimizi də onunla açırıq. Vətən uğrunda şəhid olub ucalan övladımızla fəxr edirik. Vətən sağ olsun!

Bu gün Vətən müharibəsinin qəhrəman şəhidi Quliyev Həsən Yalçın oğlunun doğum günüdü. O, 9 iyul 2002-ci ildə Qobustan rayonunun Sündü kəndində, kasıb bir ailədə anadan olub. Həsən Sündü kəndində Şikar Şikarov adına orta məktəbi bitirib. Onlar üç qardaş olublar.

Atası Quliyev Yalçın Əmirağa oğlu İkinci qrup əlildir, anası Quliyeva Ziyafət Qaraxan qızı evdar qadındır.  Kiçik qardaşı Orxan nitq qüsurludur. Həsən evin böyük oğlu idi. O, sakit təbiətli, ürəyi təmiz, həssas, ağıllı bir gənc idi. Həsən çətinliklər içində böyüsə də həmişə düşünürdü ki, hərbi xidmətdən sonra böyüdüyü o kiçik evi abadlaşdıracaq. Məktəbi bitirən kimi çalışmağa başladı. Peşə məktəbinə qəbul edilərək sürücülük ixtisasına yiyələndi.

Həsən Quliyev 2020-ci il iyulun 17-də hərbi xidmətə - Füzuliyə yola düşüb. Hərbi xidmətindən üç ay sonra isə İkinci Qarabağ Müharibəsi başladı. Ordumuzun əsgəri kimi Həsən Vətən müharibəsində döyüşlərə qatıldı. Onun ilk döyüş yolu Füzulidən başladı. Həsən Füzuli, Xocavənd uğrunda gedən döyüşlərdə mərdliklə vuruşaraq şücaətlər göstərdi.

Həsən Quliyev noyabrın 1-də Şuşa istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhadətə ucaldı. Şəhidimizin müqəddəs nəşi neytral zonada qaldığından ailəsi onun ölümündən 10 gün sonra xəbər tutdu.

Şəhidimiz noyabrın 12-də dogma Qobustan rayonunda böyük izdiham və ehtiramla uğrunda can verdiyi torpağa tapşırıldı.
Ölümündən sonra şəhid Həsən Quliyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Vətən uğrunda” və “Cəsur döyüşçü” medalları ilə təltif olundu.

Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, ruhun şad olsun, qəhrəman Həsən balamız!

Mina RƏŞİD

Oxşar xəbərlər