Silahdaşları ilə birgə səylərlə “Dro” kimi tanınan Drastamat Kanayanın başçılıq etdiyi ermənilərin silahlı dəstələrinin qanlı cinayətlərinə son qoyan Hacı Əkbər Tufan haqqında hekayələr Türkiyənin Naxçıvan Muxtar Respublikası ilə həmsərhəd rayonlarının sakinləri tərəfindən ağızdan-ağıza dolaşır. Sonralar faşistlərlə əməkdaşlıq edən, Vermaxt bayrağı altında “Erməni legionu” yaradan və ömrünün son illərini Yaxın Şərqdən qaçaraq Bostonda keçirən də həmin “Dro” olub.
Faşistlərin əlaltısının nəşi 2000-ci ildə Aparanda (Ermənistan) yenidən dəfn edilib və bu cəllad milli qəhrəman rütbəsinə qaldırılıb. ABŞ Prezidenti Vudro Vilson general Ceyms Harbordu Anadoluya göndərəndə Amerika nümayəndə heyətini 1919-cu ilin oktyabrında Hacı Əkbər Tufan müşayiət edib.
Harbordun səfərindən sonra hazırlanan və Antanta ölkələrinin nümayəndələrinə verilən hesabatda deyilirdi: “Böyük Ermənistan” adlanan torpaqlarda heç bir erməni görmədim”.
Sənəd Lozanna Sülh Müqaviləsi iştirakçıları tərəfindən nəzərə alınıb, ona görə də İğdır Türkiyə sərhədləri daxilində qalıb.
Qəhrəmanın nəvəsi Əli Əkbər Tufan bu gün də məşhur babasının işini davam etdirir, Türkiyə-Azərbaycan İcmaları Federasiyasının (TADEF) baş əlaqələndiricisi qismində iki qardaş ölkə arasında əlaqələrin inkişafına tutarlı töhfələr verir. O, müsahibəsində bildirib ki, Osmanlı dövlətinin son illərində Şərqi Anadoluda erməni quldur dəstələrinin fəallaşması İğdır əhalisini fəal hərəkətə keçməyə məcbur etmişdi: “1917-ci ilin aprelində babam Hacı Əkbər Tufanın rəhbərliyi ilə İğdırda İcraiyyə Komitəsi yaradıldı, 1918-ci il mayın əvvəllərində isə İğdır Milli Hökumətinin yaradılması elan olundu. Bu hökumətin məqsədi Osmanlı qoşunlarının geri çəkilməsi fonunda dinc əhalini ermənilərin fitnələrindən qorumaq idi”.
Onun sözlərinə görə, 1918-ci ilin noyabrında paytaxtı İğdır olan Araz Türk Cümhuriyyəti yaradılıb və “Dro”nun dəstələri ilə mübarizədə uğurlu addımlar atılıb. Mələkli-Kirələr döyüşündə başqaları ilə yanaşı, erməni dəstələri də darmadağın edilib.
1920-ci ilin noyabrında Kazım Qarabəkirin komandanlığı ilə Osmanlı ordusu bölgəyə daxil olanda H.Ə.Tufanın çağırışı ilə irəliləyən qoşunların sıralarına 10 mindən çox könüllü qatıldı. O, daşnak dəstələrini Araz çayı yaxınlığındakı ərazilərdən qaçmağa məcbur etdi.
Hacı Əkbər Tufan türk xalqının milli azadlıq mübarizəsinə fəal töhfə verib, uzun ömür sürüb və 1970-ci ilin noyabrında İğdırda vəfat edib. (AZƏRTAC)