Bunu Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev Şuşada keçirilən "Azərbaycan Sağlamlıq Turizmi Konfransı: İnkişaf İmkanları" adlı tədbirdə bildirib.
Onun sözlərinə görə, bu istiqamətdə Kəlbəcərin balneoloji turizm imkanları xüsusilə fərqlənir.
"Kəlbəcərdə turizmin inkişafına dair hazırlanmış konsepsiyada təklif edilən beş turizm və rekreasiya zonasından ikisi mineral-termal bulaqlar ətrafında olmaqla sağlamlıq turizmi profilinə malikdir. Bundan əlavə, Laçın da mineral-termal su resursları ilə zəngin olduğundan sağlamlıq turizmi potensialına sahibdir. Şuşa şəhərinin hava-rekreasiya imkanları sağlamlıq turizminin inkişafına töhfə verə bilər", - deyə sədr qeyd edib.
Bundan başqa, F.Nağıyev bildirib ki, ölkənin regional və beynəlxalq səviyyədə sağlamlıq turizmi imkanlarının tanıdılması, bu sahədə marketinq fəaliyyətinin təşkili və brendin yaradılması Agentliyin əsas hədəflərindən biridir.
O əlavə edib ki, il ərzində bütün beynəlxalq tədbirlərdə və sərgilərdə Azərbaycanın sağlamlıq turizmi imkanları tanıdılıb.
"Ölkənin bu sahədə potensialının artırılması üçün sağlamlıq turizmi müəssisələrinin xidmət keyfiyyətinin yüksəldilməsi və çeşidinin artırılması, müasir sanatoriya və kurort müəssisələrinin idarəetmə təcrübəsinin təkmilləşdirilməsi mühüm əhəmiyyət kəsb edir," - deyə sədr vurğulayıb. (Report)