Bu gün Vətən müharibəsinin qəhrəman şəhidi İntiqam Rövşən oğlu Mənsimlinin doğum günüdür. O, 5 iyun 1998-ci ildə Tərtər rayonunun Kəngərli kəndində dünyaya göz açıb. 2015-ci ildə Cəmşid Naxçıvanski adına Liseyi bitirmiş, Heydər Əliyev adına Ali Hərbi Məktəbə daxil olmuş, 2017-ci ildə təhsilini yarımçıq qoyub, könüllü olaraq Xocavənd istiqamətində ön cəbhədə xidmət etmişdir. O, minaatan batareyada manqa komandiri olub.
İntiqam Mənsimli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Talış-Suqovuşan uğrunda gedən döyüşlərdə savaşıb. İgid döyüşçü savaşda şücaətlər göstərib.
İntiqam Mənsimli 17 okytabr 2020-ci ildə Talış kəndi istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhadətə ucalıb.
Şəhidimiz doğma Tərtər rayonunun Kəngərli kəndində böyük izdiham və ehtiramla torpağa tapşırılıb.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün İntiqam Mənsimli ölümündən sonra “Vətən uğrunda”, "Suqovuşanın azad olunması" və "Cəsur döyüçü" medalları ilə təltif edilib.
Şəhidimizin doğulub boya-başa çatdığı kənddə xatirəsi əbədiləşdirilib, adına bulaq inşa edilib.
Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, ruhun şad olsun, qəhrəman İntiqam balamız!
Mina RƏŞİD