10.06.2025, 01:21
AZ EN
25.05.2025, 09:00 22

Bu gün qəhrəman şəhidimiz Şəhriyar Quliyevin doğum günüdür

XƏBƏRLƏR
  • Milli Qəhrəman Şükür Həmidov yaralananda ilk sözü bu olub ki, mənim igidimi vurdular. Birdən onun nəşini ermənilər aparar, tez gedib onu oradan götürün”. Vətən müharibəsində canından keçən Azərbaycan igidlərindən biri Xüsusi Təyinatlı Qüvvələrin giziri Şəhriyar Quliyevdir.

Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin giziri olan Şəhriyar Nəsib oğlu Quliyev 1990-cı il mayın 25-də Ağdam rayonunun Cinli kəndində anadan olub. 2008-2009-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub, 2009-cu ildən etibarən isə Xüsusi Təyinatlı Qüvvələrin sıralarında müddətdən artıq hərbi qulluqçu kimi xidmət etməyə başlayıb. 2016-cı ilin "Aprel" döyüşlərinin də iştirakçısı olan Şəhriyar Quliyev 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Hadrut qəsəbəsinin, Füzulinin və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib və 23 oktyabr tarixində Qubadlı istiqamətində döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olub.

Şəhid anası Xalidə Quliyeva Ağdamdan məcburi köçkün düşdükləri illərdən, Şəhriyarın uşaqlıq, gənclik illərindən danışıb:

 “Şəhriyar iki oğul övladımdan biri idi. Ağdamdan çıxanda iki yaşı var idi. Köçkünlüyün ilk illərində Sabirabadda, Yevlaxda yaşadıq. Sonra Sumqayıta köçdük. O, ermənilərin bizə yaşatdığı bütün bu zülmləri görə-görə böyüdü. Ona görə də həmişə hərbçi olmaq və qisas almaq istəyirdi. 2007-ci ildə əsgərliyə gedəndən sonra dedi ki, kursa yazılacaq. Nə qədər çəkindirsək də, bu işin ağırlığını anlatsaq da vaz keçmədi. 13 il ərzində bir dəfə şikayət etmədi ki, mənim işim ağırdır. Xüsusi Təyinatlı Qüvvələrdə 10 işləyəndən sonra qüsursuz xidmətinə görə ona medal verdilər.

Gürcüstana dağçılıq təliminə getdi, Türkiyədə təlimlərə qatıldı. Oradan medalla qayıtdı. Həmişə deyirdim ki, bu iş çətindir, çıx. Deyirdi, nə danışırsan, ana, mən sona qədər bu işdə olacağam və axırda torpaqlarımızı alacağam.

Müharibə başlamamışdan 3-4 gün öncə dedim: “Şəhriyar müharibə olsa, siz bu torpaqları geri qaytara biləcəksiniz?”. Üzümə baxıb dedi, “əlbəttə, erməni kimdir ki”. Sonra da iki uşağını göstərib əlavə etdi ki, Qarabağ probleminin həllini uşaqlarına saxlaya bilməz. Qoy dərdimiz bir dəfəlik qurtarsın".

Oğlu ilə qürur duyan şəhid anası deyib ki, müharibəyə gedəndə də bizə demədi. Bircə kəlmə təlimə qatılacağını bildirdi; "O, 27 gün Horadizdə, Füzulidə, Cəbrayılda, Qubadlıda döyüşdü. Füzulidə, Cəbrayılda bayraq asdı.

Zəng edib deyirdi ki, "ana, bura gələndən döyüş həvəsimiz daha da artıb. Bizə qüvvət gəlib. Xocalıda nə qədər qırğın olmuşdusa, bizə qarşı vəhşilik edilmişdisə, hamısının qanını aldıq. Allah qoysa, qələbə ilə gələcəyik".

Qubadlıda oktyabrın 20-si çox ağır döyüş olub. Yaralı əsgərin birini çıxarıb, ikincini aparanda snayperlə Şəhriyarı vurublar, orda şəhidlik zirvəsinə ucalıb. İki gündən sonra onun nəşi gəldi. Mənə demişdilər ki, yaralanıb, qapını açanda tabut gördüm...Vətən sağ olsun”.

Pərvin Quliyeva ilə Şəhriyar 5 il idi ki, ailə qurmuşdular. Onların iki oğul övladı var.

Şəhidin xanımı deyir ki, həyat yoldaşı ailəcanlı, vətənpərvər ruhlu insan olub.

“Onun ürəyi vətənlə döyünürdü. Həmişə deyirdi, cənnət Ağdamdır, Şuşadır. Heç vaxt işinin ağırlığı evimizə sirayət etmədi. Narahat olmayaq deyə müharibəyə getdiyini belə bizə bildirmədi. Telefonla danışırdıq, deyirdi, uşaqlara yaxşı bax. Özünüzdən muğayat olun. Müharibədə o idi, amma bizdən soruşurdu ki, ac deyilsiniz ki, nə yemisiniz? Deyirdim, bizdən narahat olma, əsas sənsən. O isə “yox, əsas sizsiniz” cavabını verirdi. Balaca övladımızı soruşurdu, maraqlanırdı ki, bu gün hansı sözü deyib, nə edib? Oktyabrın 18-i sonuncu danışığımızda böyük oğlum atasına “ürəyim, necəsən?” dedi, balacamız isə ”Qarabağ Azərbaycandır”. Uşaqların səsini eşidib çox sevindi, qəhərləndi. Uşaqlarına deyirdi, atanız sizə qurban olsun.

Mən qürur duyuram ki, igid bir oğlanın həyat yoldaşıyam. Vətənini canından üstün tutdu. Arada zarafat da edirdi. Deyirdi ki, erməni silahının lüləyi əyridir, heç biri bizə dəymir.

Şəhriyar Aprel döyüşlərində də iştirak etmişdi. Mən onda hamilə idim. Aprelin 6-sı oğlum dünyaya gəldi. Haradansa həkimin nömrəsi tapıb mənimlə əlaqə saxladı. Dedi, güclü ol, sən mənim yoldaşımsan. Evə gəlib uşağı qucağına alanda əli əsirdi. Şükür edirdi ki, balamı görə bildim. Döyüş yoldaşları danışır ki, Şəhriyar bizi qabağa çəkirdi ki, irəli gedək”.

Şəhidin anası Xalidə Quliyeva oğlunun tək hərbçi kimi deyil, eyni zamanda bir qarabağlı kimi vətənin müdafiəsində durduğunu bildirib:

“Deyirdi, qoy deməsinlər ki, sən qarabağlısan, amma arxada qalırsan. Mən ağdamlı kimi döyüşürəm. Döyüşçü yoldaşları danışır ki, haradasa 150-dən çox erməni hərbçisini, xeyli texnikalarını məhv edib.

Hadrutda su axtarmağa gediblər, 3 gün ac qalıblar. Orada qəşəng bir ev və oradan çıxan erməni polkovniki görüblər. Şəhriyar onun arxasınca düşüb, polkovniki də, yanındakı iki hərbçini də öldürüb. Sonra əlində bir yekə bağlama yeməklə geri dönüb. Yoldaşlarına verib ki, yeyin, güclənin irəli gedək. O, bölüyün komandiri yox, atası idi.

Şükür Həmidov yaralananda xəstəxanaya aparıblar. Orada ilk sözü bu olub ki, mənim igidimi vurdular. Birdən Şəhriyarın nəşini ermənilər aparar, onu tez gedib ərazidən götürün. Nəşi neytral zonada qalmışdı, ona görə götürə bilmirdilər. Həmin hissəyə iki əsgər qoyublar ki, gecə onun meyitini qorusunlar, ermənilər götürməsin. Üç gündən sonra bir müsibətlə nəşink tapıb gətirdilər. Oğlum ölümündən sonra “Qarabağ” ordeni ilə təltif olundu. Bu, bizə qürur verir. İnanırıq ki, belə bir qəhrəman unudulmayacaq".

Şəhriyar Quliyev göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" medalları və "Qarabağ" ordeni ilə təltif edilib.

Ruhu şad olsun!

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər