09.06.2025, 15:58
AZ EN
21.04.2025, 10:22 200

Bu gün şəhidimiz Zamin Rəhimovun doğum günüdür

XƏBƏRLƏR
  • Valideynləri doğma Cəbrayıldan didərgin düşəndə Zaminin cəmi 5 yaşı vardı. O, məktəbə ilk qədəmlərini çadır düşərgəsində atıb. Sonra atasının işi ilə bağlı Bakıya köçüblər. Zamin uşaqlıqdan doğma Cəbrayılın, Qarabağın həsrəti ilə böyüyüb. Həmişə atası ona kəndlərindən danışardı. Zamin böyüdükcə özü də internetdə doğma kəndlərini axtarıb, ora qayıtmaqla bağlı xəyallar qururdu. Tovuz hadisələri, general-mayor Polad Həşimovun şəhadəti vətənpərvər gənclərimiz kimi Zaminə də təsirsiz ötüşməyib. Bundan sonra onun qəlbindəki intiqam hissi daha da alovlanmağa başlayıb. İkinci Vətən müharibəsi başlayanda Zamin artıq müharibəyə getməyə çoxdan hazır idi. Ancaq bunu ailədə doğmalarından gizlədirdi. Könüllü döyüşə yollananda anasına deyib ki, işə gedir. Sonra qardaşı bundan xəbər tutmuşdu.

Anası deyir ki, mən xəstəyəm, həm də, ailəsi, körpə qızı var deyə, narahat olurdum. Amma Vətəni hər şeydən üstün tutdu. Zaminin ata-anası, bütün doğmaları indi onunla fəxr edir. Bacısı deyir ki, mənim qardaşım əbədi yaşayacaq...

Bu gün Vətən Müharibəsinin qəhrəman oğullarından olan Rəhimov Zamin Vahid oğlunun doğum günüdür. O, 21 aprel 1988-ci ildə Cəbrayıl rayonunun Məzrə kəndində anadan olub. 1993-cü ildə Cəbrayıl yağı əlinə keçəndə Zaminin ailəsi doğma yurd-yuvasından didərgin düşüb. Ailə Biləsuvar rayonu ərazisində salınmış çadır düşərgəsində məskunlaşıb. 1995-ci ildə Zamin 2 saylı çadır düşərgəsində 1-ci sinfə qədəm qoyub. Bir müddət sonra ailə başçısı Vahid Rəhimov işi ilə əlaqədar yaşayış yerini dəyişməli olub. Beləcə, Rəhimovlar ailəsi Biləsuvardakı çadır düşərgəsindən Bakıətrafı əraziyə köçüb. 
Zamin orta təhsilini Abşeron rayonunun Masazır qəsəbəsində yerləşən Ə.Veysəlov adına Cəbrayıl rayonu Sirik kənd tam orta məktəbində davam etdirib. 2006-cı ildə orta məktəbi bitirəndən sonra Şəmkir rayonunda yerləşən N saylı hərbi hissədə həqiqi hərbi xidmət keçib.

Kiçik yaşlarından musiqiyə həvəs göstərən Zamin hərbi xidmətdən qayıtdıqdan sonra Şuşa Musiqi Texnikumuna daxil olub. Qarmon ixtisası üzrə təhsil alıb. 2012-ci ildə Bakı şəhərində müvəqqəti yerləşən Cəbrayıl rayon Mahmudlu kənd Uşaq musiqi məktəbində qarmon müəllimi kimi fəaliyyətə başlayıb. Uşaqlarla qurduğu səmimi ünsiyyət sayəsində onların sevimli müəlliminə çevrilib.
2020-ci il sentyabrın 27-də Vətən müharibəsinə yola düşən Zamin Rəhimov bu addımı könüllü olaraq atmışdı. Həmin gün ailəsi onun işdə olduğunu güman edərkən, evə zəng vuran Zamin Rəhimov avtobusda olduğunu, cəbhəyə yola düşdüyünü qardaşına xəbər verir. Hətta zarafatla “erməni öldürməmiş geri qayıdan deyiləm” də deyir. Və beləcə ailə üzvlərilə sağollaşmadan cəbhəyə gedir.

Onun ən böyük arzusu bütün işğal altındakı torpaqlarımızın, o cümlədən doğma yurdu Cəbrayılın düşməndən azad olunması idi. 
Bu istəklə döyüşlərə qatılan Zamin Rəhimov böyük şücaət göstərir, əzmlə vuruşur.

Son dəfə Zamin evə zəng edəndə, ailə üzvləri ona “indi hardasan” sualı verir. Zamin cavab olaraq “bilsəniz ki, harda dayanmışam, o yerdən əyilib öpərdiniz”, - deyir. Zamin həmin vaxt doğulduğu, həsrətini çəkdiyi ata yurdu Cəbrayıldan zəng vururmuş...
Zamin şəhid olmazdan əvvəl sonuncu zəngində dayısı ilə danışıb və deyib: “Cəbrayılı gördüm, ölsəm də, gözüm arxada qalmaz”.
Doğma yurddan 5 yaşında çıxan Zamin bir də o yerlərə 32 yaşında cəsur əsgər kimi qayıtdı. Və öz həyatını həsrətini çəkdiyi torpaqlara qurban verdi.
Oktyabrın 4-də Cəbrayıl şəhərinin işğaldan azad edilməsində iştirak edən Zamin Rəhimov 3 gün sonra - oktyabrın 7-də elə Cəbrayıl rayonu ərazisində gedən döyüşlərdə şəhadətə ucalır...

Şəhidimiz Binəqədi rayonunun Biləcəri qəsəbəsində böyük izdiham və ehtiramla torpağa tapşırılıb.
Azərbaycan Prezidentinin sərəncamı ilə Zamin Vahid oğlu Rəhimov ölümündən sonra “Vətən uğrunda”, "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" və "Cəsur döyüşçü"  medalları ilə təltif edilib.

Şəhidimiz ailəli idi, onun İnci adlı bir qız övladı Vətənə yadigar qalıb.

Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, ruhun şad olsun, qəhrəman şəhidim!

Mina RƏŞİD

Oxşar xəbərlər