O, 17 aprel 1995-ci ildə Kürdəmir rayonunun Muğanlı kəndində anadan olub. Kürdəmir rayonu Muğanlı kənd tam orta məktəbində təhsil alıb. Orta təhsilini bitirdikdən sonra, Kürdəmirdə peşə məktəbində təhsil alıb. 2014-cü ildə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında hərbi xidmətə yollanıb. Hərbi xidmətini layiqincə başa vurduqdan sonra bir müddət mülki işlərdə çalışıb. Vətəninə, doğma yurduna ürəkdən bağlı olan Toğrul daha sonra yenidən ordumuzun sıralarına qayıdaraq Azərbaycan Silahlı Qüvvələrində MAHHXHQ kimi xidmətini davam etdirməyə başlayıb.
Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu olan Toğrul Əliyev Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 20 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri zamanı Xocavənd rayonunda qəhrəmancasına şəhadətə ucalıb.
Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Toğrul Əliyev ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni və "Vətən uğrunda" medalı ilə təltif edilib.
Şəhidimiz doğma Kürdəmir rayonunun Muğanlı kəndində böyük izdiham və ehtiramla torpağa tapşırılıb.
Şəhidimiz ailəli idi, onun üç oğul övladı Vətənə yadigar qalıb.
Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, ruhun şad olsun, qəhrəman şəhidim!
Mina RƏŞİD