19.04.2025, 08:18
AZ EN
16.04.2025, 19:12 174

Əhməd İsmayılov: Azərbaycan reallıqlarının dünyaya çatdırılması istiqamətində mühüm addımlar atılıb

XƏBƏRLƏR
  • Azərbaycan Orta Asiya ölkələri, xüsusilə də Özbəkistan və Qazaxıstan ilə dərin, davamlı media əlaqələrinə malikdir.

Bunu Astanada keçirilən II Mərkəzi Asiya Media Forumu çərçivəsində Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov deyib.

Onun sözlərinə görə, əməkdaşlıq həm normativ-hüquqi baza, həm də uzun illər ərzində formalaşmış qarşılıqlı təcrübə əsasında inkişaf edir. İmzalanan sənədlər media sahəsində fəaliyyət göstərən dövlət qurumları və media subyektləri, o cümlədən xəbər agentlikləri arasında daha geniş təcrübə mübadiləsinə və effektiv əməkdaşlığa şərait yaradır.

“Hazırkı mərhələdə bu əməkdaşlığın artıq praktiki nəticələri müşahidə olunmaqdadır. İnformasiya agentlikləri və media qurumları arasında birbaşa təmaslar qurulub, bu çərçivədə, xüsusilə Azərbaycan reallıqlarının dünyaya obyektiv şəkildə çatdırılması istiqamətində mühüm addımlar atılıb”, - deyə icraçı direktor bildirib.

Orta Asiya ölkələri ilə konkret birgə layihələrin mövcudluğuna toxunan Əhməd İsmayılov qeyd edib ki, Qazaxıstan və Özbəkistanla imzalanan memorandumlar və digər əməkdaşlıq sənədləri əsasında artıq birgə platformalar fəaliyyət göstərir. Bu platformalarda media rəhbərlərinin, nümayəndələrinin və ekspertlərinin iştirakı təmin olunur, fikir və təcrübə mübadiləsi həyata keçirilir.

“Eyni zamanda, ölkələrimizlə bağlı obyektiv məlumatların qarşılıqlı ötürülməsi və informasiya münasibətlərinin davamlı şəkildə inkişaf etdirilməsi bu əməkdaşlığın əsas istiqamətlərindən biridir”, - deyə icraçı direktor vurğulayıb.

O əlavə edib ki, Azərbaycan ilə Özbəkistan arasında media sahəsində əməkdaşlığı əhatə edən yol xəritəsi mövcuddur və bu çərçivədə artıq bir sıra tədbirlər həyata keçirilib.

“Keçən il Özbəkistan-Azərbaycan Media Forumu uğurla keçirilib. Hazırda isə Özbəkistanın media qurumlarının və mətbuat xidmətlərinin nümayəndələrindən ibarət heyətin Azərbaycana səfəri planlaşdırılır”, - deyə Əhməd İsmayılov bildirib.

Bununla yanaşı, konkret tədbirlər planının da hazırlandığını deyən icraçı direktor əlavə edib: “Sözügedən səfərdən dərhal sonra Azərbaycanın bir sıra mətbuat xidmətlərinin rəhbərləri və əməkdaşlarından ibarət nümayəndə heyətinin Özbəkistana səfəri nəzərdə tutulur. Bu qarşılıqlı səfərlər və tədbirlər Azərbaycan ilə Özbəkistan arasında media sahəsində əməkdaşlığın dərinləşməsinə, media qurumları və kommunikasiya mütəxəssisləri arasında birgə fəaliyyətin, təcrübə mübadiləsinin genişlənməsinə əlverişli zəmin yaradır”. (AZƏRTAC)

Oxşar xəbərlər

SON XƏBƏRLƏR