02.08.2025, 04:01
AZ EN
16.04.2025, 09:07 308

Bu gün şəhidimiz Müşviq Abbasovun doğum günüdür

XƏBƏRLƏR
  • Bütün gənclər kimi Müşviq də orta məktbi bitirib həyatında yeni səhifələr açmaq arzusunda idi. Ancaq müharibə buna imkan vermədi. Vətənpərvər, mərd, qorxu bilməyən bu gənc istər-istəməz özünü bu müharibənin içində gördü. Sanki o, anadan hərbçi kimi doğulmuşdu. Vətən uğrunda doğmaları ilə gözünü qırpmadan savaşdı və sonda torpaqlarımızın azadlığı uğrunda şəhadətə ucaldı. Son anda gülümsədi, axı ən böyük arzusuna qovuşmuşdu və bu yolda ən böyük məqama da ucalmışdı…  

Bu gün Şanlı Vətən Müharibəsinin qəhrəman şəhidi Müşviq Qabil oğlu Abbasovun doğum günüdür. O, 16 aprel 1970-ci ildə Ağdamın füsünkar təbiətli Abdal Gülablı kəndində anadan olub. Doğma kənddə orta təhsilini bitirdikdən bir müddət sonra Birinci Qarabağ Müharibəsi başlayıb. Müşviq iki qardaşı ilə birgə könüllü olaraq dogma torpaqlarımız uğrunda müharibədə döyüşməyə başlayıb. Sanki anadan hərbçi doğulan igid Vətən oğlu bir çox döyüşlərdə və hərbi əməliyyatlarda şücaətlər göstərərək Ağdam şəhərinin kəşfiyyat komandiri təyin edilib.

Müharibə bitdikdən sonra məcburi köçkün həyatı yaşayan Müşviq ailəsi ilə birgə Mingəçevir şəhərinə köçüb və burada məskunlaşıb. Onun Şamil və İntiqam adında iki oğlu dünyaya gəlib.

Tovuz döyüşləri zamanı hərbi komissarlığa oğulları ilə birgə getsə də, onu qəbul etməyiblər. Nəhayət, 26 sentyabr 2020-ci ildə hərbi komissarlığa çağırılan Müşviq Abbasov və iki oğlu bir gün sonra, 27 sentyabr 2020-ci ildən könüllü olaraq Vətən müharibəsində döyüşə başladılar. Kiçik oğlu Şamil atası ilə çiyin-çiyinə döyüşmüş, böyük oğlu İntiqam isə Suqovuşanda N saylı hərbi hissənin kəşfiyyat bölüyünün baş kəşfiyyatçısı olaraq döyüşlərdə iştirak edib.

Müşviq Abbasov Ağdam istiqamətində bir çox hərbi əməliyyatlarda şücaətlər göstərib. Qəhrəman Vətən oğlu 5 oktyabr 2020-ci ildə Ağdam rayonunun Qərvənd kəndi istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhadətə ucalıb.

Şəhidimiz Ağdam rayonunun Quzanlı qəsəbəsindəki Şəhidlər Xiyabanında böyük izdiham və ehtiramla torpağa tapşırılıb.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Müşviq Abbasov ölümündən sonra "Vətən uğrunda” və "Ağdamın azad olunmasına görə" medalları ilə təltif edilib.

Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, ruhun şad olsun, qəhrəman Şəhidim!

Mina RƏŞİD

Oxşar xəbərlər