Müasir cəmiyyətdə səs emosional kommunikasiyada əhəmiyyətli rol oynayan vasitədir. Məsələn, bir insan digərini öz səsi ilə valeh edə, qıcıqlandıra və ya sakitləşdirə bilər. Səsin gündəlik həyatımızda və işimizdəki vacibliyi yalnız səsdə problemlər yarananda dərk edilir. Gözlər qəlbin aynası olduğu kimi, səs də ruhun güzgüsüdür. İnsanın səsini eşidərək yaşı, cinsi, emosional vəziyyəti, xarakteri haqqında ilkin məlumat yaranır. Bu baxımdan səsi insanın vizit kartı da adlandırırlar.
Qeyd edək ki, tədqiqatlara görə, səs tellərimiz gün ərzində ən çox istifadə edilən orqanlarımızdan biridir. Səs deyəndə ilk olaraq yada düşən insanlar isə müğənnilərdir. İnsanlar çox vaxt səsi sırf tibb sahəsi ilə əlaqələndirsələr də, o həm də bir mədəniyyətdir. Maraqlıdır ki, ilk dəfə səs telini müalicə edən insan da ispaniyalı musiqi müəllimi, vokal ifaçısı olub.
Qeyd edək ki, 16 Aprel - Ümumdünya Səs Günündə ilk dəfə olaraq 2023-cü ildə Azərbaycan Milli Konservatoriyasının təqdimatında “Səsin Tədqiqi Elmi Laboratoriyası”nın rəhbəri Alexandria Sultan von Bruseldorffun təşəbbüsü və təşkilatçılığı ilə Şuşa şəhərində “Şuşanın səsi-Azərbaycanın səsi” mövzusunda konfrans keçirilib və konsert təşkil olunub.
Hazırladı: Mina RƏŞİD