26.10.2025, 23:28
AZ EN
19.03.2025, 09:42 104

Bu gün Vətən müharibəsinin şəhidi Zəka Abışovun doğum günüdür

XƏBƏRLƏR
  • Abışov Zəka Zakir oğlu 19 mart 2001-ci ildə Bakı şəhəri Qaradağ rayonu Qızıldaş qəsəbəsində dünyaya göz açıb. İbtidai təhsilinə 2007-ci ildə şəhid  Azər Namazovun adını daşıyan 180 saylı tam orta məktəbdə başlayıb. Doğmalarının dediyinə görə, Zəka uşaq yaşlarından idmana maraq göstərib, karate ilə məşğul olub.

O, 2016-cı ildə orta məktəbi bitirib "İnşaat qəlibçisi" ixtisası üzrə 8 saylı peşə məktəbinə daxil olub. 2019-cu ildə peşə təhsilini uğurla başa vuran Zəka həmin ilin oktyabr ayında hərbi xidmətə yola düşüb.

Komandirlərinin sözlərinə görə, Zəka xidmət etdiyi dövründə fiziki gücü və qorxmazlığı ilə əsgər yoldaşlarından daim fərqlənib. Xidmətinin böyük qismini Füzuli rayonu ərazisində, qoşunların ön xətt bölmələrində (birinci eşalon) keçirib. 2020-ci il 27 sentyabr tarixində bütün cəbhə boyu qoşunlarımız əks-hücum əməliyyatına başlayarkən Zəka Füzuli və Cəbrayıl uğrunda gedən döyüşlərdə fəal iştirak edib.

Zəka Abışov noyabr ayının əvvəllərində düşmənin əks hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olub. Şəhidin nəşi 22 noyabr tarixində Qızıldaş qəsəbəsinə gətirilib və Qızıldaş qəsəbəsində Şəhidlər xiyabanında böyük ehtiram və izdihamla dənf edilib.

Vətən müharibəsindəki xidmətlərinə görə Abışov Zəka ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü" , "Füzulinin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.

Allah rəhmət eləsin!

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər