18.03.2025, 14:42
AZ EN
18.03.2025, 09:24 210

"Ana, Şuşadan sənə zəng edəcəyəm"- deyən qəhrəman

XƏBƏRLƏR
  • Bu gün qəhrəman şəhidimiz Eşqin Tağıyevin doğum günüdür.

Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq xidmət edən hərbi qulluqçusu Eşqin Asif oğlu Tağıyev 1998-ci il martın 18-də Göygöl rayonunun Üçtəpə kəndində dünyaya göz açıb. Kəlbəcər rayon 115 saylı tam orta məktəbi bitirən qəhrəmanımız Azərbaycan ordusunda XTQ-nin giziri olub.

Eşqin Tağıyev Vətən müharibəsi zamanı Kəlbəcər, Cəbrayıl, Füzuli istiqamətində gedən döyüşlərdə iştirak edib. 2020-ci il, oktyabrın 30-da Şuşa şəhərinin azad olunması uğrunda gedən döyüşlərdə Şəhidlik zirvəsinə yüksəlib.

Doğmaları deyirlər ki, Eşqin Tağıyev torpaqlarımızın bütövlüyünü, vətənin azadlığını hər şeydən, hər kəsdən üstün tuturdu. Şəhidin dayısı Firdovsi Hümbətovun sözlərinə görə, Eşqin çox mehriban, qayğıkeş, sözəbaxan, zəhmətkeş uşaq olub. Balaca vaxtından hərb sahəsinə marağı var idi. O, hələ uşaq vaxtlarından hərbi formanı sevirmiş, hərbçi olmaq istəyirmiş.

Şəhidin anası Dursun Hümbətova oğlu ilə bağlı xatirələrindən danışarkən deyib ki, Eşqin əsgərlikdən qayıdandan sonra yenidən Orduya dönmək üçün can atıb.

Qəhrəmanımızın ailəsi ilə son danışığı oktyabrın 27-də olub. Döyüş əzmini bir an belə itirmədiyini və qələbəyə inandığını söyləyən Eşqin oktyabrın 30-da ən uca məqama, şəhidlik zirvəsinə yüksəlib.

Anası deyir: "Axırıncı dəfə soruşanda dedi ki, Şuşaya gedirik, sonra sənə zəng edəcəyəm. Gözlədim, səs-səmir çıxmadı. Bir də zəng gəldi ki, şəhid olub..."

Eşqin Tağıyev göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda", "Hərbi xidmətlərə görə", "Kəlbəcərin azad olunmasına görə", “Xocavəndin azad olunmasına görə”, "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə" medalları və “Azərbaycan bayrağı” ordeni ilə təltif edilib.

Allah rəhmət eləsin!

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər