09.03.2025, 22:44
AZ EN
08.03.2025, 16:00 181

Döyüşçü qadın, şəhid anası və müəllimə - Züleyxa Davudova

XƏBƏRLƏR
  • Əsrlərdən bəri tariximiz qəhrəmanlıq salnaməsi, analarımız qəhrəmanlar anası kimi tanınıb. Xalqımız ana vətənin azadlığı, doğma diyarın istiqlalı, müqəddəs torpaqlarımızın bütövlüyü yolunda canını qurban verənləri həmişə qəlbində yaşadır.

Belə igid oğullar sırasında Birinci Qarabağ müharibəsinin şəhidi Zaqataladan olan “Rembo” ləqəbli Azad Davudov da var. Azadın keçdiyi şanlı döyüş yolundan ilhamlanan anası Züleyxa müəllimənin də illərdi əyilməz qaməti, hamıya örnək olacaq əməlləri çoxlarına bəllidir. Keçmiş döyüşçü, şəhid anası artıq 32 ildir 8 Mart - Beynəlxalq Qadınlar gününü oğlunun məzarı başında qeyd edir.

Əməkdaşımız Zaqatalada çoxlarının “Dayı”- deyə çağırdığı, şəhid anası Züleyxa Davudovanın qonağı olub. Artıq 40 ilə yaxındır ki, Züleyxa müəllimə avtomobil idarə edir. O, Zaqatalada eləcə də bölgədə ilk sürücü qadın kimi tanınır. Üç övlad anası olan Züleyxa Davudova ali təhsilli pedaqoqdur. Uzun illər Aşağı Tala kənd 1 nömrəli məktəbdə dərs deyib. Hər səhər evdəki işlərini görəndən sonra mütləq şəhərə işlərinin dalınca getməyi, ya da kiməsə baş çəkməyi unutmur.

Bu günsə fərqli günlərdən biridir. O, səhər tezdən şəhid oğlunun məzarını ziyarət edir, qəbri üzərinə gül düzür, ruhuna dualar oxuyur.

Öyrənirik ki, oğlu Azad Ağdərə və Ağdam uğrunda gedən döyüşlərdə iştirak edib. İriçaplı silahlardan ayaq üstə istifadə etdiyinə görə Azada döyüş yoldaşları “Rembo”ləqəbi veribmiş. Azad hərbi xidmətə gedəndən bir müddət sonra Züleyxa müəllimə rayon hərbi komissarlığına rəsmən müraciət edərək oğluna yaxın hərbi hissələlərdən birində xidmət etmək istəyini bildirib. Ona bir neçə dəfə “yox” cavabı gəlsə də qadın israrından dönməyib və müraciətlərini davam etdirib. Beləcə, Züleyxa müəllimə cəbhə bölgəsinə yolanıb, əsgər və zabitlərin Anası kimi xidmət göstərib. Oğlu Azadın Ağdamın Şelli kəndi uğrunda gedən döyüşlərdən birində şəhid olması nə qədər ağrılı və acılı olsa da ananın iradə və əzmini qıra bilməyib.

Oğlunun nəşini evinə gətirən ana sonradan geri dönmək istəyəndə daha razılıq verilməyib.

Qəbqüstü ziyarətdən sonra bizi də maşını ilə evə gətirən Züleyxa Davudova deyir ki, bu illər ərzində cüzi pozuntuları nəzərə almasaq qaydalara ciddi nəzarət edir. Hazırda idarə etdiyi avtomobillə ölkəni gəzdiyini deyən Züleyxa müəllimə maşının təmirini də bəzən özü həyata keçirir.

“Artıq 40 ildir ki, bu maşın məndədir. O, mənim sağ əlimdir. Maşının xodovoyuna baxır, saz vəziyyətdə saxlayıram. Vaxtı ilə bu maşınla üç ton yarım yaş tütün daşımışam, ailəmi dolandırmaq üçün taksi fəaliyyəti ilə məşğul olmuşam. Vətən müharibəsindən, şanlı qələbəmizdən, Zəfər bayramından sonra isə mən şəhid ailələrinin qulluğundayam. Anım günləri olur, hər bir şəhidin anım günlərinə gedirik. Bir sözlə, bu maşın şəhid anaları və qazilərin xidmətindədir”,- deyir.

2020-ci il Vətən müharibəsindəki şanlı qələbəmizdən sonra Züleyxa müəllimə sürücülük fəaliyyətini birdəfəlik şəhid ailə üzvlərinin xidmətinə verir, qazilərin qayğısı ilə maraqlanır. Tək Zaqatala deyil, Balakən, Şəki , Qax rayonlarında şəhidlərin anım mərasimlərinə belə anaları aparıb-gətirir.

Şəhid anasının arzularından biri də onun övladının doğulduğu küçəyə adının verilməsidir. Artıq bu məslə müvafiq orqanlar qarşısında qaldırılıb və həllini tapıb. Yaxın vaxtlarda Azad Davudovun adı yazılan lövhələr küçəyə yerləşdiriləcək.

Şəhid anası kimi dövlətimiz tərəfindən ailəyə mənzil inşa edilib. Mənzildə ən gözəl guşə isə Azad üçün ayırıb. Bizi Azada aid xatirə şəkilləri ilə tanış edən müəllimə özünün də hərbi biletini təqdim edir. Öyrənirik ki, Züleyxa müəllimə bir neçə kitabın müəllifidir. Onlardan da biri Aşağı Tala şəhidləri haqda yazılıb.

“İşıq üzü görən beş kitabdan biri də Aşağı Tala şəhidlərinə ithaf olunub. Burada hər şəhid haqda xatirələr, yaxınlarının, əzizlərinin, doğmalarının anasının, atasının xatirələrinə yer vermişəm, həmçinin onlara bayatılar, şeirlər yazmışam”, -deyən Züleyxa müəllimə fürsətdən yararalanıb bütün şəhid analarının bayramını təbrik edir. İnanır ki, onların övladlarının canı-qanı bahasına azad edilən torpaqlarımız dünyanın cənnət guşələrindən birinə çevrilməkdədir.

İki dəfə Həcc ziyarətində olan şəhid anası Züleyxa müəllimə qəhrəman oğulların azad etdiyi doğma yurd-yuvamız olan Qarabağ torpaqlarının Məkkə, Kəbə qədər bizlərə müqəddəs və əziz olduğunu söyləyərək əlavə edir ki, qarşıdakı aylarda öz maşınıyla Qarabağa səfər etməyi nəzərdə tutur. (AZƏRTAC)

Oxşar xəbərlər