Bu fikirləri jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ekoloji siyasət şöbəsinin müdiri Faiq Mütəllimov söyləyib.
Şöbə müdirinin sözlərinə görə, tullantıların toplanması üçün konteynerlər alınıb, eyni zamanda, 60-a qədər xüsusi texnika həmin prosesə cəlb edilib: “Seçilmiş poliqon ərazilərində çalalar qazılıb, konteynerlər yerləşdirilib. Xüsusi nümayəndəliklərin dəstəyi ilə həmin ərazilərdə fəaliyyət göstərən şirkətlər, təşkilatlar tərəfindən tullantıların məhz seçilmiş poliqon ərazilərinə gətirilməsi təmin edilir. Eyni zamanda, "Təmiz Şəhər" ASC antiterror əməliyyatlarından sonra azad olunmuş ərazilərdə, xüsusilə Xankəndidə tullantıların və tərk edilmiş ərazilərin, binaların tullantılardan təmizlənməsi işləri həyata keçirib və təhvil verib. Həmin ərazilərdə də artıq xüsusi konteynerlərin yerləşdirilməsi prosesi aparılır. Xüsusi konteynerlər üzvi tullantılar, həm də təkrar emala yararlı olan tullantılar üzrə iki rəngdə müəyyən edilib. Həmçinin Şuşa şəhərində xüsusi yeraltı konteynerlərin quraşdırılmasına başlanılıb. Seçilmiş ərazilərdə artıq 17 nöqtədə yeraltı konteynerlər qurulub. Həmin proses şəhərin inkişafı ilə paralel davam etdiriləcək".
F.Mütəllimov bildirib ki, azad edilmiş ərazilərdə tullantıların idarə olunması ilə bağlı regional strategiya layihəsi də hazırlanıb. Hazırda həmin strategiya təkmilləşmə mərhələsindədir: "Nəzərə alsaq ki, antiterror əməliyyatlarından sonra yeni inzibati ərazi bölgüsü yarandı. O baxımdan bu strategiya yenilənib və ölkə üzrə bərk məişət tullantılarının idarə olunması strategiyasının bir hissəsinə çevriləcək. Hazırda tullantıların idarə olunması sistemində də müəyyən dəyişikliklər nəzərdə tutulur. Bu, azad edilmiş ərazilərdə artıq yaradılmış bərpa, tikinti və idarəetmə xidmətlərinə məişət tullantılarının toplanması və daşınması hissəsinin ötürülməsidir. Necə ki, Bakıda "Təmiz Şəhər" ASC tullantıların zərərsizləşdirilməsini həyata keçirir, azad edilmiş ərazilərdə də həmin sistemin qurulmasını və qarşılıqlı hesabatlılığın təmin edilməsi baxımından vacib hesab edirik. Bununla bağlı müvafiq qanunvericilikdə dəyişiklikləri özündə əks etdirən layihələr də hazırlanır. Yaxın müddətdə bu məsələ də öz həllini tapacaq".
Nazirliyin rəsmisi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tullantıların düzgün idarə olunmasına nəzarət tədbirləri həyata keçirdiyini də diqqətə çatdırıb. (AZƏRTAC)