Tədbir iştirakçıları öncə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükütla yad ediblər. Sonra iştirakçılara Qaradağlı faciəsi haqqında ətraflı məlumat verilərək bildiririlib ki, 4 il erməni işğalçılarına qarşı qəhrəmanlıqla mübarizə aparan Qaradağlı kəndi 17 fevral 1992-ci il tarixdə işğal edilərək yandırılmışdır. İşğal zamanı dinc əhaliyə qarşı əsl soyqırımı aktı həyata keçirilmiş, kənd sakinlərindən 118 nəfər əsir götürülmüş, əsir götürülənlərdən 33 nəfəri güllələnərək erməni vandalları tərəfindən təsərrüfat quyusuna tökülərək torpaqla örtülmüşdür. Ümumilikdə əsir və girov götürülənlərdən 68 nəfəri öldürülmüş, 50 nəfəri isə sonradan böyük çətinliklərlə azad edilmişdir. Əsirlikdə saxlanılanlara qarşı vəhşi vandalizm hərəkətləri ilə davranılması, insanların başlarının kəsilməsi, diri-diri basdırılması, dişlərinin çəkilməsi, ac-susuz saxlanılmaları, döyülərək öldürülmələri insanlığa qarşı törədilmiş cinayət hadisəsi idi. Qeyd edilib ki, Ermənistanın dövlət səviyyəsində həyata keçirdiyi soyqırımı cinayəti nəticəsində Qaradağlı kəndində iki ailənin hər birindən 4 nəfər qətlə yetirilmiş, 43 ailə öz başçısını itirmiş, 146 uşaq yetim qalmışdır. Ermənistan silahlı qüvvələri və 366-cı motaatıcı Rus alayının köməkliyi ilə Qaradağlı kəndinə təşkil edilmiş hücum əməliyyatları zamanı kənddə 10-u qadın, 8-i məktəb yaşlı uşaq olmaqla, kənd sakinlərinin hər 10 nəfərindən biri, ümumilikdə 91 nəfər qətlə yetirilmişdir.
44 günlük Vətən müharibəsində qazanılmış tarixi zəfərdən sonra, 19 sentyabr 2023-cü il tarixdə üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması məqəsdilə Azərbaycan Respublikasının Müzəffər Ali Baş Komandanının rəhbərliyi ilə həyata keçirilmiş və bir gündən az vaxt ərzində davam edən lokal xarakterli antiterror əməliyyatları zamanı 30 ildən artıq düşmən tapdağında qalmış, tarix boyu neçə-neçə qanlı hadisələrə şahidlik etmiş qəhrəman Qaradağlı kəndi də öz azadlığına, suverenliyinə qovuşmuşdur. İndi Qarabağın bütün kənd, qəsəbə, rayon və şəhərlərində olduğu kimi Qaradağlı kəndində də üç rəngli Azərbaycan bayrağı dalğalanır.
Hazırladı: Mina RƏŞİD