Şəhid Müşfiq Quliyevin nəşi doğulub boya-başa çatdığı Horovlu kəndinə gətirilib.
Şəhidlə vida mərasimi təşkil olunub, cənazə namazı qılınıb, şəhidlərimizin ruhuna dualar oxunub.
Mərasimdə şəhidin ailə üzvləri ilə bərabər Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi nümayəndəliyinin, Cəbrayıl Rayon İcra Hakimiyyətinin rəsmiləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər, müharibə iştirakçıları, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Vida mərasimindən sonra şəhidin nəşinin qalıqları yaylım atəşinin müşayiəti ilə torpağa tapşırılıb. Şəhidin nəşinin büküldüyü üçrəngli Azərbaycan Bayrağı qardaşına təqdim olunub.
Qeyd edək ki, Quliyev Müşfiq İbrahim oğlu 1971-ci ildə Cəbrayılın Horovlu kəndində dünyaya göz açıb. Orta məktəbi bitirdikdən sonra ali məktəbə qəbul olub. Müşfiq ali məktəbdən həm də leytenant rütbəsi ilə məzun olub. Hərbi komissarlığa müraciət edərək döyüşlərə yollanıb. Onun son döyüş yeri 1993-cü il oktyabrın 16-da Cəbrayılın Mahmudlu kəndi istiqamətində olub.
Günel QULİYEVA