Araz Cəfərov Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixindən başlayan Vətən müharibəsinə ilk qatılanlardan olub. Müharibədə şücaətlər göstərən A.Cəfərov Laçın uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhadətə ucalıb.
Müharibə bitəndən sonra axtarışlar nəticəsində şəhid Araz Cəfərovun mübarək nəşi tapılıb və dekabrın 2-də doğulduğu Qarazəncir kəndində böyük izdihamla dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Araz Cəfərov ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə", "Laçının azad olunmasına görə" medalları və 3-cü dərəcəli "Rəşadət" ordeni ilə təltif edilib.
Şəhidimiz Araz Cəfərov ailəli idi, bir qızı və bir oğlu Vətənə yadigar qalıb.
Həyat yoldaşı Mahirə xanım deyir ki, Arazın hərbi formaya, silaha və vətəninə sevgisi o qədər böyük idi ki, məhz bu sevgi onu hərbi xidmətini başa vurduqdan sonra yenidən ordu sıralarına qayıtmağa sövq eləmişdi. O, hərbi formasını geyinəndə tamamilə dəyişirdi, sanki başqa adam olurdu, çox sevinirdi. Onun qəlbində Vətəninə qarşı sonsuz sevgi vardı. Biz Arazla ilk vaxtlar çox çətinliklərlə üzləşdik. Onda uşaqlarımız hələ körpə idilər. Xeyli sıxıntılarımız oldu. Amma ikimiz əl-ələ o sıxıntıların öhdəsindən gəlib, elə yenicə xoş günlərə çıxmışdıq ki, Araz müharibəyə getdi və şəhid oldu...
“Araz çətinliyin içində belə mənə hər şeyin ən gözəlini yaşatdı. O, hər zaman çalışdı ki, mən heç nədən, əsas da sevgidən, qayğıdan korluq çəkməyim. Ən doğmalarımdan belə görmədiyim diqqəti, qayğını Arazdan gördüm. O, mənə elə bir sevgi, elə bir xoş günlər yaşatdı ki, qalan ömrümün axırına kimi bəsimdir. Araz mükəmməl ata idi, uşaqlara həm ana, həm də ata qayğısı ilə yanaşardı. Hərdən mən kənarda qalardım, onlar üçün lazım olan hər şeyi Araz özü edərdi. Övladları ilə bağlı çox arzuları vardı. Onların hamısını indi mən yerinə yetirəcəyəm... Onunla son danışığımız zamanı Laçındaydı. Uşaqları soruşdu və dedi ki, anama da zəng edirəm indi. Son sözləri bu oldu. Araz mənimlə vidalaşmadı, son söz, vəsiyyət kimi mənə heç nə demədi. Adi necə danışırdıqsa, eləcə də danışdıq. Sanki heç vaxt ayrılmayacağıq kimi. Amma mən səsindən hiss etdim ki, təlaşlıdır, harasa tələsir...
Araz noyabrın 4-də vurulmuşdu. Amma neytral zonada qaldığından nəşini götürmək olmurdu. Dekabrın 1-də nəşi götürüldü və bizə təhvil verildi. Onlara boş yerə şəhid deməyiblər. Həqiqətən də ailələrini, övladlarını qoyub Vətənin köməyinə tələsən, vətəni üçün canını belə verən oğullar Allahın ən sevimli qonaqlarıdır. Şükür olsun ki, Arazı gətirəndə mən onu son dəfə gördüm, alnından öpdüm. O, elə səliqəli, elə qəşəng idi ki. Onu son dəfə canlı olaraq necə görmüşdümsə, eləcə də qalmışdı. Sanki yuxuya getmişdi, sadəcə bədəni buz kimi idi. Bir də bir az şaxta qaraltmışdı...
Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, qəhrəman şəhidim!
Mina RƏŞİD