Anası deyir ki, Şəhidlər Xiyabanına məzarı üstə gedəndə xüsusi təyinatlı, hündürboylu bir gəncin burada ağladığını görür. Ana onunla maraqlanır və məlum olur ki, Qəzənfərin döyüş yoldaşıdır. Oğlu onu çox çətin bir şəraitdə yaralı vəziyyətdə çiynində daşıyaraq həkimə təhvil verir. O gün Qəzənfər od-alovun içindən beş yaralı və bir şəhid çıxarır.
Bu gün Vətən müharibəsinin qəhrəman şəhidi, Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin giziri Qəzənfər Ədalət oğlu Mütəllimovun doğum günüdür. O, 1992-ci il yanvarın 27-də Sumqayıt şəhərində dünyaya gəlib. 1999-2008-ci illərdə Sumqayıt şəhər 6 saylı tam orta məktəbdə, 2008-2011-ci illərdə Abşeron rayon Ceyranbatan qəsəbəsindəki 147 saylı Peşə Liseyində təhsil alıb.
Q.Mütəllimov 2011-2012-ci illərdə Naftalan şəhərində yerləşən "N” saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmətdə olub. 2013-cü ilin yanvar ayından aprel ayınadək Müdafiə Nazirliyinin "Təlim-Tədris Mərkəzi”ndə MAHHXHQ kursunun dinləyicisi olub və kursu "Manqa komandiri” ixtisası üzrə bitirib.
M.Qəzənfər 2013-cü ilin aprel ayından 2015-ci ilin dekabr ayına qədər Abşeron rayonunun Pirəkəşkül qəsəbəsindəki "N” saylı hərbi hissədə manqa komandiri vəzifəsində xidmət edib. 2015-ci ilin yanvar-mart aylarında Xızı rayonunun Yaşma qəsəbəsində yerləşən "N” saylı hərbi hissədə Xüsusi Təyinatlı Taborun "Xüsusi təyinatlı qrup”unun kəşfiyyatçısı, 2015-ci ilin mart ayından 2018-ci ilin dekabr ayınadək Cəlilabad rayonundakı hərbi hissədə kəşfiyyatçı, 2018-ci ilin dekabr ayından isə "N” saylı hərbi hissədə "Maddi-texniki təminat” bölüyünün "Təmir” taqımında manqa komandiri vəzifəsində çalışıb.
Q.Mütəllimov 2016-cı ildə baş verən Şanlı Aprel döyüşlərində Talış kəndi istiqamətində gedən ağır döyüşlərdə iştirak edib.
2020-ci ilin fevral ayında Qəzənfər Mütəllimov Müdafiə Nazirliyinin TTM-də "Gizir” kursunun dinləyicisi olub.
Q.Mütəllimov 44 günlük Vətən müharibəsində Füzuli-Cəbrayıl istiqamətində gedən döyüşlərdə iştirak edərək şücaətlər göstərib.
Gizir Qəzənfər Mütəllimov oktyabrın 5-də Cəbrayıl döyüşlərində qəhrəmancasına şəhadətə ucalıb.
Şəhidimiz böyük izdiham və ehtiramla Sumqayıtda Şəhidlər Xiyabanında torpağa tapşırılıb.
Azərbaycan prezidenti İlham Əliyevin sərəncamlarına əsasən gizir Qəzənfər Ədalət oğlu Mütəllimov ölümündən sonra "Vətən uğrunda”, "Cəbrayılın azad olunmasına görə”, "İgidliyə görə” medalları və "Azərbaycan Bayrağı” ordeni ilə təltif olunub.
Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, ruhun şad olsun, qəhrəman şəhidim!
Mina RƏŞİD