28.04.2025, 14:26
AZ EN
23.01.2025, 09:00 388

Bu gün şəhid Amal Qarayevin doğum günüdür

XƏBƏRLƏR
  • Bu gün Vətən Müharibəsinin qəhrəman şəhidi Amal Ədalət oğlu Qarayevin doğum günüdür. O, 2001-ci il yanvarın 23-də Yardımlı rayonunun Ərus kəndində anadan olub. Orta məktəbi doğma kənddə bitirən Amal sonra hərbi xidmətə yollanıb.

Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin kiçik çavuşu olan Amal Qarayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə mərdliklə savaşıb.

Amal Qarayev oktyabrın 4-də Füzuli döyüşləri zamanı qəhrəmancasına şəhadətə ucalıb. Şəhidimiz böyük izdiham və ehtiramla doğma Yardımlıda torpağa tapşırılıb.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamlarına əsasən Amal Qarayev ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə”, “Şücaətə görə”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunub.

Şəhidimizin atası deyir ki, oğlum Amal vətənpərvərliyi ilə xüsusi olaraq seçilirdi. O, öz istəyi ilə Xüsusi Təyinatlı Qüvvələrə qatılmaq istəmişdi. Amal sadəliyi və səmimiliyi ilə seçilirdi. O sanki qohumlarımız və yaxınlarımız arasında bir körpü idi. Bizimlə sonuncu telefon əlaqəsi oktyabrın 1-də olmuşdu. Oğlumla fəxr edirəm!

Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, ruhun şad olsun, qəhrəman şəhidim!

Mina RƏŞİD

Oxşar xəbərlər