Şagirdlər üçün Yapon səfirliyi tərəfindən tikilən yeni binada təşkil olunan tədbir ərazi bütövlüyümüz uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutu ilə başlamış daha sonra şəhid Elzamin haqqında hazırlanmış qısa videoçarx təqdim olunmuşdur. Tədbirdə şəhidlərin adlarının siniflərə verilməsi ənənəsinin mahiyyəti və vacibliyi dilə gətirilmiş, şagirdlərə vətənpərvərlik hissini aşılamaq, şəhidlərimizin daim yad edilməsinin hər bir azərbaycanlının ən ümdə vəzifəsi olduğu bildirilmişdir.
Şəhid Elzaminin adını daşıyan sinfin şagirdləri tərəfindən hazırlanan "Elimizin zəfər zamini-Elzamin!" adlı qısa səhnəcik təqdim olunmuşdur. Sonda şəhidin valideyinləri çıxış edərək öz hislərini şagirdlərlə və məktəb kollektivi ilə bölüşərək bu təşəbbüsü yüksək qiymətləndirdiklərini bildirərək həmin sinifə şəhid Elzamin Tağıyevin şəkillərindən ibarət xatirə fotosu hədiyyə verilmişdir.
Hazırladı: Mina RƏŞİD