Anası deyir ki, Ağaşirin çılğın olsa da adamlarla dil tapmağı bacarırdı, dostları çox idi. Atası, anası və bütün doğmaları bu gün 19 yaşlı şəhid Ağaşirinlə qürur duyurlar. Anası deyir ki, şükür ki, balam torpaqlarımızın azadlığı uğrunda savaşıb və şəhid adını qazanıb.
Bu gün Şanlı Vətən Müharibəsinin qəhrəman şəhidi Ağaşirin Firuz oğlu Babayevin doğum günüdür. O, 16 may 2001-ci ildə Qəbələ rayonunun Qəmərvan kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra bir müddət ticarətlə məşğul olub. Ağaşirin Babayev 2019-cu ildə həqiqi hərbi xidmətə çağırılıb.
Azərbaycan Ordusunun əsgəri olan Ağaşirin Babayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində mərdliklə iştirak edib. O, noyabrın 3-də Xocavənd uğrunda gedən qanlı savaşda qəhrəmancasına şəhadətə ucalıb. 15 gün şəhidimizin nəşi axtarılıb və nəhayət tapılaraq Qəbələ rayonunda, dogma kəndində böyük izdiham və ehtiramla torpağa tapşırılıb.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Ağaşirin Babayev ölümündən sonra "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə" medalları və 3-cü dərəcəli “Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.
Vətən müharibəsində canından keçmiş 19 yaşlı şəhidimizin adına Qəbələdə yeni yaşayış massivində yerli sakinlərin təşəbbüsü ilə bulaq inşa edilib.
Şəhidlər ölməz, Vətən bölünməz!
Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, ruhun şad olsun, qəhrəman Ağaşirin balamız!
Mina RƏŞİD