Qərbi Azərbaycanda yaşayan soydaşlarımızı zorla öz doğma yurdlarından didərgin salan ermənilər, Azərbaycan ərazilərini də işğal etməyə başladılar. Qarabağ və ətraf rayonlar rusların hərbi köməyi ilə işğal olundu, bir milyondan artıq soydaşımız məcburi köçkün kimi ölkəmizin müxtəlif bölgələrində, çətin şəraitdə yaşamağa məcbur oldular. Uşaqlı-böyüklü hamını bir məsələ düşündürürdü - torpaqlarımızı azad etmək. Nəhayət, Ali Baş Komandanımız cənab İlham Əliyevin apardığı uğurlu siyasət öz bəhrəsini verdi. 27 sentyabr 2020-ci ildə erməni təxribatı zamanı Azərbaycan Ordusu əks-həmlə əməliyyatına başladı. Düşmənin canlı qüvvəsi və hərbi texnikası darmadağın edildi. Bu müqəddəs müharibədə iştirak edən igidlərimizdən biri də Həsən Məhər oğlu Həsənovdur. O, 1 mart 1993-cü ildə Ağdam rayonunun Tağıbəyli kəndində anadan olmuşdur. 1999-cu ildə Ağdam rayonunun Təzəkənd kənd tam orta məktəbinin birinci sinfinə qəbul olunmuş, 2010-cu ildə orta məktəbi bitirmişdir. Həqiqi hərbi xidmətə çağırılmış Həsən Quru Qoşunlarında xidmət etmişdir. Ordudan tərxis olunduqdan sonra müxtəlif yerlərdə işləmişdir. Vətən müharibəsi başlayanda H.Həsənov Füzuli, Qubadlı və Şuşa uğrunda vuruşmuşdur. 5 noyabr 2020-ci ildə Şuşa rayonunun Daşaltı kəndində yaralanmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə o, "Füzulinin azad olunmasına görə", "Cəsur döyüşçü" medalları ilə təltif edilmişdir. Qazimiz III dərəcəli əlildir.
İsa MUSAYEV