Bu gün Şanlı Vətən Müharibəsinin qəhrəman şəhidi Əlisa Arif oğlu Əliyevin doğum günüdür. O, 8 yanvar 2000-ci ildə Masallı rayonunun Qızılağac kəndində dünyaya göz açıb. 2006-2017-ci illərdə Qızılağac kənd 2 nömrəli tam orta məktəbində təhsil alıb. Hərbi xidmətini bitirdikdən sonra Masallıda yerləşən "Dostluq" MMC-də çalışıb.
Azərbaycan Ordusunun əsgəri olan Əlisa Əliyev 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində könüllü iştirak edib. Cəbrayılın, Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə şücaətlər göstərib.
Əlisa Əliyev 6 noyabr 2020-ci ildə Xocalı rayonunun Şuşakənd kəndi istiqamətində döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhadətə ucalıb. Şəhidimiz Əlisa Əliyev Qızılağac kənd qəbiristanlığında böyük izdiham və ehtiramla torpağa tapşırılıb.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Əlisa Əliyev ölümündən sonra "Vətən uğrunda", "Şuşanın azad olunmasına görə", "İgidliyə görə", "Cəbrayılın azad olunmasına görə", “Xocavəndin azad olunmasına görə" və III dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Şəhidin atası Arif Əliyev deyir ki, oğlum torpaqlarımızın azad olunması istəyi ilə alışıb-yanırdı. Həmişə deyirdi ki, müharibə başlasın torpaqlarımızı düşmən tapdağından azad edək. Bu, bizim qanımız bahasına olsa da həyata keçəcək. Mən oğlumla fəxr edirəm. Bizi arzumuza çatdırdı. İndi Vətənimiz qalib bir ölkədir.
Şəhidin anası Leyla Əliyeva da oğlu ilə qürur duyur. “Mən fəxr edirəm ki, belə qəhrəman oğlulun anasıyam. O, həm də Vətənin övladıdır. Mənə həmişə deyərdi ki, mənim iki anam var: biri Vətən, biri də sənsən”.
Şəhidimizin bacısı Əfsanə xanım isə qardaşının döyüşdüyü yerlərə - Füzuliyə, Cəbrayıla, Şuşaya və digər azad olunan torpaqlara səfər etmək istəyir. İstəyir ki, Əlisanın ayağının dəydiyi o yerlərdə qardaşının qəhrəmanlığından hər kəsə ağız dolusu danışsın. “Həmin torpaqlar müqəddəs ərazilərdir. Şəhidlərimizin qanları ilə suvarılıb. O yerləri ziyarət etmək istəyirəm. Onun gəzdiyi, vuruşduğu torpaqları görmək arzumdur. Mən qardaşımla fəxr edirəm. Ruhu şad olsun”, - deyə şəhid bacısı əlavə edib.
Əlisa Vətən uğrunda şəhadətə ucalanda onun cəmi 20 yaşı vardı. Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, ruhun şad olsun, qəhrəman Əlisa balamız!
Mina RƏŞİD