Tarixə "Murovdağ əməliyyatı" kimi düşmüş hücum planı Qarabağ müharibəsinin müəmma dolu dəhşətli hadisələrindən biridir. Otuz bir il əvvəl, 1994-cü ilin yanvarında "Kəlbəcər batalyonu" kimi tanınan 701 saylı hərbi hissənin həyata keçirdiyi bu döyüş əməliyyatı zamanı cəmi 3 gün ərzində Kəlbəcərin 4 kəndi işğaldan azad edilsə də, hücum planı baş tutmamışdı. Kəlbəcərin içərilərinə doğru sürətlə irəliləyən ordu hissələri planda nəzərdə tutulduğunun əksi olaraq, təchizat və təminatdan məhrum, köməksiz vəziyyətdə geri çəkilmək məcburiyyətində qalmışdı. Hücum zamanı bir nəfər də olsun, itki verməyən batalyon geri qayıdarkən 12 əsgər yolda donaraq şəhid olmuş, 15-20 nəfər isə donvurmadan xəsarət alaraq xəstəxanalara yerləşdirilmişdi.
Həmin əməliyyatın uğursuzluğa düçar olması barədə indiyədək çox danışılıb, saysız-hesabsız müzakirələr aparılıb. Lakin bəzi qaranlıq məqamlara hələ də aydınlıq gətirilməyib. Qışın sərt çağında qarlı dağlar aşaraq ən yüngül silahlarla ilk həmlədə 4 yaşayış məntəqəsini azad edən əsgər və zabitlərə “Dayan!” əmrinin verilməsi və əməliyyatın yarımçıq dayandırılması sirr olaraq qalır. “Murovdağ əməliyyatı”na indiyədək hüquqi və hərbi nöqteyi-nəzərdən qiymət verilməməsi də ziddiyyətli mülahizələrə yol açır.
Ortaya çıxan sualların bir qisminə o zaman kapitan rütbəsində 701 saylı hərbi hissənin tabor komandiri olmuş Balay Nəsibovla söhbətdə aydınlıq gətirməyə çalışmışdıq. 2014-cü ildə dərc olunmuş müsahibə böyük rezonans doğursa da, “Kəlbəcər batalyonu”nun sərt relyef və çətin iqlim şəraitində işğalçı ordunun əhatəsində köməksiz qoyulması, əməliyyatın yarımçıq dayandırılması ilə bağlı suallar yenə də açıq qalır. Odur ki, “Murovdağ əməliyyatı”nın 31-ci ildönümündə həmin müsahibəni yenidən oxuculara təqdim edirik:
- Komandir, "Murovdağ əməliyyatı" necə hazırlanmışdı? Bu əməliyyat əvvəlcədən planlaşdırılmışdımı?
- Əlbəttə, əməliyyat əvvəlcədən planlaşdırılmışdı və detallarına qədər hər şey Müdafiə Nazirliyindən göndərilmiş nümayəndələrin birbaşa iştirakı ilə müzakirə olunmuşdu. Dəqiq yadımdadır, 1993-cü ilin noyabrında 701 saylı hərbi hissədə qərargah oyunu keçirildi. Yəni Kəlbəcərin azad edilməsi üçün xəritə üzərində hücum əməliyyatı üzrə hazırlıqlara başlanmışdı. O zaman Müdafiə Nazirliyinin əməliyyatçıları, o cümlədən polkovnik Əmirov da bizim hərbi hissəyə gəlmişdi. Komanda qərargah oyunu (KQO) keçirən zaman batalyonlar arasında əməliyyat bölgüsü aparıldı, taborların hansı istiqamətlərdən hücum edəcəyi tam aydın şəkildə müəyyənləşdi və müvafiq təlimatlar verildi. Yəni biz bir növ təlim keçdik. O vaxt briqadanın qərargah rəisi polkovnik-leytnant Eldar Həsənov (o, əvvəlcə Kəlbəcər batalyonunun komandiri olmuşdu, 1993-cü ilin sonlarında "Murovdağ əməliyyatı" hazırlanarkən briqadanın qərargah rəisi idi - E.S.) dedi ki, Kəlbəcər istiqamətində bu əməliyyatı heç bir halda qış aylarında yerinə yetirmək olmaz. Məndə olan məlumata görə, əməliyyat vaxtı da məsələyə öz narazılığın bildirdiyinə görə Baş Qərargah rəisi bu barədə nazir Məmmədrəfi Məmmədova zəng edib demişdilər ki, briqadanın qərargah rəisi polkovnik-leytenant Eldar Həsənov Kəlbəcərə hücum əməliyyatını həyata keçirmək istəmir. Hətta nazirdən xahiş edilmişdi ki, Eldar Həsənovu tutduğu vəzifədən azad etsin. Bundan sonra, əməliyyatdan bir neçə gün əvvəl briqada komandiri polkovnik-leytenant Valeh Rəfiyev komandirləri yığaraq dedi ki, artıq əməliyyat planı hazırdır, Goranboy, Ağdərə, Ağdam və Füzuli istiqamətindən də briqadalar hücum edəcək, biz isə Murovdan hücuma keçəcəyik. Mən o zaman tabor komandiri olduğuma görə hansı briqadanın hansı istiqamətlərindən hücum edəcəyini dəqiq bilmirdim. Ancaq polkovnik-leytenant Valeh Rəfiyev briqadanın ümumi döyüş taktikasını bizə anlatdı, taborlar arasında hücum istiqamətlərini müəyyənləşdirdi. Ən ağır istiqamətlərdən mənim komandiri olduğum 3-cü "Kəlbəcər batalyonu"nu göndərdi və dedi ki, siz gedib Daşkəsənin rayonunun Alaxançallı kəndindən bir bölüklə qərargah rəsi, digər bölüklə özün Zivlən istiqamətindən hərəkət edərək Zod aşırımından gələn yolu bağlamalısınız. Həmin yol bağlansa Zod istiqamətindən düşmənə kömək gələ bilməyəcək. Bu zaman mən artıq erməni qüvvələrinin hansı istiqamətlərdə cəmləşdiyini, düşmən tərəfinin artilleriyasının harada yerləşdiyini bilirdim. Yəni komandir kimi bilirdim ki, hansı istiqamətdə getməliyəm, harada yolu bağlamalıyam, düşmənin artilleriya qrupunu məhv etməliyəm və sair. Plana əsasən, Kəlbəcər bölgəsinə girəndə bizə ərzaq və sursat da lazım olan vaxtda çatdırılacaqdı. Çünki başqa istiqamətdə hücuma keçən batalyon Yanşaq kəndini ələ keçirməli, Murov-Kəlbəcər yolu açılmalı və həmin istiqamətdən bizim taborun təchizatı təmin edilməlidir. Hələ əməliyyat hazırlanan vaxt mən əlavə bir sual da verdim ki, yaralı və ya itkimiz olan halda biz bunları necə çıxaracağıq? Çünki bilirdik ki, çox ağır döyüşə gedirik və bu, asan olmayacaq. Cavab verdilər ki, təminat məsələlərində vertolyotlar vasitəsilə bizə kömək ediləcək. Bütün tapşırıqları alandan sonra mən tabeliyimdə olan bölüklə dekabrın 28-də Hacıkənddən Daşkəsənə marş keçirdim. Daşkəsənin Zivlən kəndində məktəb binasında şəxsi heyəti yerləşdirdim. Bizim batalyonun şəxsi heyəti əsasən, kəlbəcərli əsgər və zabitlərdən, qismən də Qaradağ Rayon Hərbi Komissarlığından gətirilən könüllülərdən təşkil olunmuşdu. Əslində isə Qaradağdan gətirilənlərin əksəriyyəti könüllülər yox, sadəcə olaraq Bakının küçələrindən, metrolardan yığıb döyüç bölgəsinə göndərilən gənclər idi. Amma onlara da döyüşə başlamazdan əvvəl təlim keçmişdim. Artıq döyüşə başlayan zaman mən briqada komandirinin əmrində göstərildiyi kimi bölüyün birini Alaxançallı istiqamətindən göndərdim. Özüm isə batalyonun digər bölmələri ilə Zivləndən Kəlbəcər istiqamətində hərəkətə başladıq. Həmin gün Kəlbəcər istiqamətində dağı aşdıq, yollar qalın qar təbəqəsi ilə örtülmüşdü. Çox çətinliklərlə qarlı aşırımları aşıb şəxsi heyəti Susuzluq və Təkəqaya dağlarının arxasında "Yaylaq" adlandırılan ərazidəki tövlələrdə yerləşdirdim. Burada taktiki təlimatlara uyğun batalyonu elə yerləşdirdim ki, gecə yorğun vəziyyətdə dincəldiyimiz yerdə düşmən gəlib şəxsi heyəti məhv edə bilməsin. Buna görə lazım olan yerlərdə postlar qurdum. Dekabrın 31-də zabit heyəti ilə birlikdə Təkəqaya dağına qalxdıq. Oradan xəritə üzərində döyüş planını, ərazinin kəşfi formasında hər bir komandirə əyani şəkildə göstərdim ki, kim haradan və necə girəcək, hansı hədəfi məhv edəcək və s. Mən ərazinin kəşfini keçirən zaman düşmənin dayaq nöqtələri aydın göründüyündən hər bölmənin tapşırığını ərazi üzrə verdim, zabit və gizirlərin tam hazırlıqlı olduğuna bir daha əmin oldum. Bu zaman Kəlbəcərin işğalı zamanı girov götürülmüş iki qadının erməni əsgərlər üçün sacda çörək bişirdiklərini də görürdük.
- Həmin qadınları harada, hansı şəraitdə gördünüz?
- Biz Təkəqaya dağından Bozlu kəndinə baxırdıq. Bu qadını kənd qəbiristanlığının yaxınlığında, sağ tərəfdə ermənilərin qurduğu postun 50-60 metrliyindəki evin həyətində gördük. Yolun aşağı hissəsində isə erməni hərbçiləri dayanmışdılar. Bu zaman mənim yanımda olan Rizvan adlı rabitəçi əsgər çox pos oldu, "Komandir, qurbanın olum, nə olar o anamızı necə xilas edək?" deyə, kövrəldi. Geyim formasından belə başa düşmək olardı ki, həmin qadın təxminən 50-55 yaşlarında olar. Açığı, əsgərin bu kövrəkliyi məni də təsirləndirdi. Ancaq çalışdım ki, büruzə verməyim. Komandirlərə tapşırıq verdim ki, çalışıb qadını xilas etməliyik. Dedim qadını xilas etmək mümkün olmasa, onu vurun ki, erməni özü qaçsa da, girovu apara bilməsin. Rabitəçi əsgər qayıtdı ki, ay komandir, biz azərbaycanlı girovu, kəlbəcərli qadını necə vura bilərik? Cavab verdim ki, sizcə, erməni əlində girov qalmağı yaxşıdır, yoxsa heç olmasa, meyitini götürüb ailəsinə çatdırmaq?! Dedim bu cavabdehliyi mən üzərimə götürürəm, qadını xilas edə bilməsək, atarsınız. Nə isə... Mən döyüşə girməyi belə planladım ki, içkiyə meyilli ermənilər Yeni il gecəsi sərxoş olacaqlar. İçkili və gücsüz halda biz onların başının üstünü almalıyıq. Ona görə də dekabrın 31-dən yanvarın 1-nə keçən gecə ön xətdə kəşfiyyat tağımını mühəndis-istehkamçı heyətlə birlikdə göndərdim, onların arxasınca 1-ci bölüyün 1-ci tağımı, 2-ci tağım və özüm, bizdən sonra 3-cü tağım və onun arxasında digər bölük - minaatan batareyası və polislər hücuma keçdik. Keçilməz yollarla keçib o tapşırığın yerinə yetirilməsi ilə nəticələnən bu hücum əməliyyatı bəlkə də hərb tarixində ən nadir hadisədir. Mən bunu ən inkişaf etmiş ordularda belə, görmədim. Ancaq biz Kəlbəcərə girdik, Bozlu, Babaşlar, Lev və Təkəqaya kəndlərini nəzarətə götürdük. Lev kəndində artıq ermənilər təşvişə düşərək qaçırdılar. Bu zaman bizim qradları (BM-21) idarə edən artilleriya zabiti, baş leytenant Hicran Abbasov rabitə vasitəsilə mənimlə əlaqə saxlayaraq onun tabeliyindəki əsgərlərdən birinin vurulduğunu söylədi. Onlar bizdən yuxarıda Susuzluq dağına qalxırdılar. Hicran Abbasova dedim ki, təşviş yaratmasınlar, imkan daxilində şəhidimizi götürüb əlverişli istiqamətdən hədəfləri məhv edək. Çünki biz artıq ermənilərin postunu ələ keçirmişdik, Hicran Abbasova koordinat ötürməliydik ki, Qanlıkənddən ermənilərin qrad və toplarla bizə atəş açmasına imkan verməsinlər. Biz bu hissəni götürdükdən sonra ermənilərin sağ tərəfdəki meşənin içərisindən bizi izlədiyini gördüm. Bu zaman ağ tulupda bölüyün içərisində idim, düşmən mənim komandir olduğumu zənn edib, həm də yanımda radiostansiyanın antenası görünürdü. Düşmənin snayper güllələri sağımda-solumda yağmağa başladı. Anladım ki, düşmən məni vurmaq istəyir, tulupu soyunub kənara atdım. Əsgərlərə göstəriş verdim ki, tulupu yerlə sürüyə-sürüyə aparsınlar. Bu zaman ermənilər uşaqların sürüdüyü tulupun ətrafını vurmağa başladılar. Artıq ermənilərin postuna xeyli yaxınlaşmışdıq. Bu zaman meşənin yanında, yolun alt tərəfində mövqe tutan düşmən gördü ki, batalyonu idarə eləyən mənəm, yanımda da radiostansiya. Biz ermənilərin atəş nöqtəsinin altında idik, qumbaraatanla atırdılar. Ancaq bizim dayandığımız yer sərt yamac olduğundan qumbaraatanın mərmiləri başımızın üzərindən keçib yolun üstündə qara girirdi. Bilirdim ki, ermənilər məni məhv etmək istəyirlər. Məni vursalar tabor bütünüklə məhv ola bilərdi. Ona görə də qranatamyotçunu və pulemyotçunu özümdən uzaqlaşdırdım. Rabitəçiyə isə radiostansiyanın antenasını görünməmək üçün yerə uzatmağı tapşırdım. Həmin anda bizimlə birgə döyüşdə iştirak edən polis əməkdaşlarından biri ayağa qalxmaq istədikdə dedim qalxma, səni vuracaqlar. O isə "Yox, komandir!" deyib ayağa qalxaraq qumbaraatanla ermənilərin durduğu səngərin ortasına atəş açdı. Birinci mərmi hədəfə tam dəymədiyindən ikinci mərmini düz hədəfə vurdu. Bu atəşdən sonra səngərdəki ermənilərin leşi-leş üstünə yıxıldı. Pulemyotçu əsgər isə qarın üzərindən yumarlana-yumarlana üzüaşağı yuvarlanırdı. Düşündüm ki, yəqin əsgərimizi vurdular, meyit sərt yamacda qarın üzərində yumarlanır. Ancaq gördüm ki, bu, Mikayıl adlı əsgərimizdir, qəfildən ayağa qalxaraq pulemyotla düşmənə aramsız atəş açdı. Artıq ermənilər təşvişə düşdü, bir anın içərisində arxasına mətbəx qoşqusu qoşulmuş "Qaz-66"ya minib qaçdılar. Onlar özləri ilə girov saxladıqları qadınları da götürüb aparmışdılar. Çünki biz sonradan səngərdə və ətrafda qalan erməni meyitləri arasında həmin qadınları tapa bilmədik.
- Ermənilər çoxmu itki vermişdi?
- Bizim istiqamətimizdə ermənilərin 19 meyiti qalmışdı. Kapitan Mürşüd Məmmədovun komandiri olduğu 1-ci bölüyün hücum istiqamətində isə 25-30 erməni məhv edilmişdir (Mürşüd Məmmədov 1994-cü ilin yanvarıda Kəlbəcərin Qanlıkənd kəndu uğrunda gedən döyüşdə mühasirəyə düşərək qəhrəmancasına şəhid olub - E.S.). Mürşüd Məmmədovun bölüyü bizdən qabaqda gedirdi. Həmin bölük daha təhlükəli nöqtələrdə döyüşürdü. Birinci "Murovdağ əməliyyatı" zamanı ən ağır hücum istiqmətlərində döyüşləri məhz Mürşüd Məmmədovun rəhbərlik etdiyi bölüyün aparması yadlarda silinməz izlər qoymuşdu.
- Bəs, bu qədər üstünlüyə malik olmağınıza baxmayaraq, niyə geri çəkildiniz?
- Mən yuxarı komandanlıqla rabitə əlaqəsi saxlayırdım. Xəbər verildi ki, "Yol evi"ndən Kəlbəcər istiqamətinə hücum edən briqadanın başqa bölmələri düşmənin müqaviməti ilə qarşılaşıb, "Yol evi"ndən aşağı düşə bilmirlər. Mən isə dedim ki, biz artıq hücum planında nəzərdə tutulan ərazidə 4 kəndi azad etmişik. Artıq hərbi sursatımız da tükənmişdi. Hətta ermənilərdən qənimət kimi ələ keçirdiyimiz sursatı da istifadə etdik. Dəqiq yadımdadır, əsgərlər ac olmalarına baxmayaraq, düşmənin postunda qalan ərzağı deyil, sursatları götürürdülər. Çünki döyüş əhval-ruhiyyəsi çox yüksək idi. Amma yanvarın 1-də yemək ehtiyatı tam şəkildə tükəndi, ona görə də komanda verdim ki, əsgərlər düşmənin ərzaq ehiyatından nə qalıbsa götürsünlər. Çünki düşmən üzərinə elə sürətli və gözlənilməz hücum etmişdik ki, vaxt tapıb qalan ərzağın içərisinə zəhər qata bilməzdilər. Ona görə də düşmənin qalan yeməklərindən istifadə edə bilərdik. Amma bir az quru çörəkdən və qara undan başqa heç nə tapa bilmədik. Bir də kisənin dibində şəkər tozu vardı. Komandirlərə dedim ki, şəkər tozunu hər əsgərə bir ovuc paylasınlar. Əsgərlərimiz qara unu şəkər tozuna qarışdırıb yeyirdilər. Açığı, bu şəraitdə mən vəziyyətin nə yerdə olduğunu əsgərlərə deyə bilməzdim. Amma Murovdağ istiqamətindən hücuma keçən briqadanın digər bölmələrinin əvvəlcədən planlaşdırılan döyüş tapşırığını yerinə yetirə bilmədiyini görürdüm. Bunu mənə rabitə vasitəsilə də demişdilər. Yəni Murov istiqamətindən əməliyyat baş tutmurdu. Ona görə də mən yuxarı komandanlıqla əlaqə saxlayaraq kömək istədim, onlardan nə etməli olduğumu soruşdum. Çünki bu döyüşdə elə bir itki verməmişdik, bizim tabeliyimizə verilən Kəlbəcər polisləri və artilleriya batareyasının hərəsindən 1 nəfər şəhid olmuş, 2 əsgərimiz isə yaralanmışdı. Vəziyyət barədə yuxarı komandanlığa məruzə etdikdən sonra dedilər ki, sizə kömək göndərə bilməyəcəyik. Həmin vaxt hava dəyişdi, ətrafı duman bürüdü. Bu zaman tapşırığa əsasən, 1-ci taboru gözləyirdik, onlar Yanşaq kəndi istiqamətində gəlməli və orada birləşməli idik. Bir də baxdım ki, Susuzluq dağından üzüaşağı əsgərlər çox sərbəst şəkildə gəlir. Onların 1-ci taborun əsgərləri olduğunu zənn etdim, ona görə də səslədim ki, “Birinci taborun əsgərlərisinizsə, bura gəlin, əgər ermənisinizsə, vay halınıza!” Amma yaxınlaşanda gördüm ki, bunların geyiminin rəngi bizimkilərdən deyil. Onlar üzüaşağı enib Bozlu kəndinin sol tərəfindəki qəbiristanlığa istiqamətləndilər. Bu an qəbiristanlığın içərisindəki kiçik çadırdan tüstü qalxdığını gördük. Başa düşdük ki, Susuzluq dağından üzüaşağı enənlər erməni əsgərləri imiş. Lakin onlar qəbiristanlığın içərisindəki çadıra deyil, Murova tərəfə getdilər. Onlar həmin istiqamətdən gedərək geri qayıdıb bizim arxamızda mövqe tutmuşdular. Hansı ki, onlar baş-leytenant Hicran Abbasovun əsgərlərindən birini - Aqili vurmuşdular. Ermənilər həmin yerdə post qurmuşdular ki, bizim qayıdıb çıxan əsgərləri oradaca məhv etsinlər. Yəni, ermənilərin bizim arxa mövqelərimizi bağladığını bilirdim. Üstəlik sol cinahdan gözlədiyimiz kömək də təyinat nöqtəsinə çatmamışdı
- Bununla da erməni əsgərləri sizi mühasirəyə aldı...
- Bəli. Vəziyyətin məhz bu yerində yuxarı komandanlıqla əlaqə saxladım. Rus dilində mənə belə dedilər: "Kak komandir prinimay reşenie". Belə olan halda mən çıxılmaz vəziyyətdə qaldım.
- Bu vəziyyət yanvarın 1-də yarandı?
- Bəli, yanvarın 1-də axşama doğru, saat təxminən 4-5 olardı. Bu, o məqam idi ki, ermənilər öz qüvvələrini Çəpli kəndi istiqamətində toplamışdı. Aşağıdan isə bizi PDM-2 (BMP-2) ilə vururlar. Artıq ac, yuxusuz və yorğun əsgərlərin taqəti tükənmişdi, kömək, ərzaq və sursat təminatı yox idi. Belə bir vəziyyətdə tutduğumuz mövqelərdən geri çəkilmək bizim üçün dəhşət idi. Bilirdim ki, buradan geri qayıtmaq böyük fəlakətdir. Hətta Türkiyədəki məşhur "Sarıqamış əməliyyatı" zamanı donvurmadan həlak olanları xatırladım. Çünki belə şəraitdə düşmənin mühasirəsindən çıxmaq böyük hünər tələb edirdi. Düşünürdüm ki, taboru mühasirədən çıxarsam da, amansız dağlarda fəlakətlə üzləşəcəyik.
- "Sarıqamış əməliyyatı"nda döyüş əməliyyatı olmamışdı, sadəcə, türk əsgərləri kütləvi şəkildə donvurmadan şəhid olmuşdular...
- Bəli, elə mən də onu demək istəyirdim ki,"Sarıqamış əməliyyatı"nda qırğın döyüş şəraitində baş verməmişdi. Amma bizim bu vəziyyətimizdə "Sarıqamış əməliyyatı" gözümün qarşısına gəldi. Necə çıxmaq barədə fikirləşdim. Axı o yolları hansı əzab-əziyyətlə gəldiyimizi bilirdik. Fikirləşdim ki, taboru yığıb Yanşaq kəndi üzərindən Qaragöllər istiqamətinə, oradan "Qaranlığın meşəsi"ndən keçməklə Goranboya istiqamətində çıxarıq. Çünki bu ağır əməliyyatın nə demək olduğunu, şəxsi heyətin "ölüm, ya qalım" dilemması qarşısında qaldığını başa düşürdük. Amma istənilən halda biz mühasirə halqasından çıxmalı idik. Düzdür, bu, çox çətin idi, arxamızı da düşmənlər bağlamışdı, bilirdik ki, gəldiyimiz yolla qayıtmaq ölümdür. Ancaq bir qədər sonra müəyyənləşdirdiyim marşrut üzrə geri qayıtmağın mümkün olmayacağını düşündüm. Zabitlərə və əsgərlərə "geri qayıdırıq" əmri verə bilməzdim. Bunu desəydim, hamı təşvişə düşəcəkdi. Təşviş içərisində geri çəkilmək qaçışa çevrilə və düşmən arxadan gəlib bizi məhv edə bilərdi. Ona görə də komandirlərə izah elədim ki, bu gecə burada qalmağımız çox çətin olacaq, biz geri çəkilib kömək gələnə qədər dağın ətəyində mövqe tutacağıq. Beləliklə, bölükləri bir-bir geri qaytarmağa başladım. Kəndlərdən çıxdıqca ən arxada Mürşüd Məmmədovun bölüyünü saxladım. Biz arxaya çəkildikcə görürdüm ki, özümüzlə gətirdiyimiz minomyotu geri daşımaq mümkün olmayacaq. Ona görə də iki dağın arasındakı dərəyə çatanda əmr verdim ki, minaatanları gizləsinlər. Minaatanların hamısının iynələrini özümüzlə götürdük, qalan hissəsini isə gizlədik. Şəxsi heyətə komanda verdim ki, ən qabaqda yaralı əsgərlər olmaqla və heç kəs bir-birindən uzaqlaşmamaq şərtilə dağa - geri qayıdırıq. Xüsusi olaraq tapşırdım ki, heç kəs yaralılardan qabağa keçməsin, hamı növbə ilə yaralılara kömək edə-edə geriyə çəkilsin. Özüm isə kəşfiyyat tağımından seçdiyim 6-7 əsgər və zabitlərlə birgə şəxsi heyətin arxasınca gəldim. Bir qədər gələndən sonra gördük ki, ermənilər arxamızca gəlir. Düşmən bizdən yuxarıda Susuzluq dağında mövqe tutub geri qayıdarkən bizi yaxalamaq istəyirdi. Arxa tərəf atəş altı, sol tərəf dağ, sağ tərəf sıldırım dərə, qarşı tərəfdən isə düşmən ehtiyat qüvvələrini cəlb edərək əks-hücumda. Ancaq bizim başqa yolumuz yox idi, hamımız məhv olsaq da, geri çəkilməyə məcbur idik. Bu məqamda sanki bir möcüzə baş verdi. Biz geri çəkilərkən qar yağmağa başladı, qatı duman ətrafı bürüdü və dumandan istifadə edərək təhlükəli ərazidən çıxdıq. Özü də duman yalnız bizim keçdiyimiz dərələrdə idi, dağlar, o cümlədən ermənilərin yuxarıda mövqe tutduğu dağın başı açıq idi. Biz düşmənə nəzarət edə-edə yaxınlıqdakı dərəni də keçəndə Allaha şükür etdim ki, heç bir itki vermədən şəxsi heyəti çıxara bildim. Hamımız gəlib hücuma başlayarkən "Yaylaq" adlanan yerdə gecələdiyimiz tövlələrə çatdıq. Məndən arxada bir nəfərimiz də qalmamışdı.
- "Yaylaq"dakı tövlələrə günün hansı vaxtında çatdınız?
- Yanvarın 1-də axşam qaranlıq düşmüşdü. Yadımdadır ki, biz aşağıdakı mövqelərimizdən axşam saat 5-6 radələrində geri çəkildik. Tövlələrə gəlib çatanda isə hava qaralmışdı. Mənim və əsgərlərin bir çoxunun ayaqqabıları qarla dolmuşdu. Bu səbəbdən riskli olsa da, tapşırıq verdim ki, ocaq qalayıb ayaqlarımızı qurutmalıyıq, yoxsa dağı yuxarı qalxa bilməyəcəyik. Ayağı quru olan pulemyotçu əsgərlərdən bir neçəsini tövlələrin ətrafında qoydum ki, ermənilər gəlsə, atəş açsınlar. Onsuz da bizim əsgərlərdən arxada qalan yox idi, ermənilər gəlsə, onları atəş altında saxlamalıyıq ki, şəxsi heyətimiz dağlara tərəf geri çəkilə bilsin. Bu tapşırıqları verdikdən sonra tövlənin içərisində ocaq qaladıq, sonra yayda diversiyaya gedərkən burada gizlətdiyimiz sursatı da götürdük. Yadımdadır ki, o vaxt tövlədə peçenye də gizlətmişdik, yerini Telman Abutalıbov bilirdi, gedib gətirdi. Gördüm ki, peçenye kiflənib, amma kifi üst-başımıza silib peçenyeni yedik. Çünki taqətimiz tükənmişdi, sərt və qarlı dağlarla geri qayıtmağa gücümüz qalmamışdı. Ayaqqabılarımızı qurudandan sonra əsgərlərdən biri qaçaraq gəldi ki, komandir, ermənilər yavaş-yavaş yaxınlaşır. Uşaqları sakitləşdirdim, özüm bayıra çıxıb erməniləri izləməyə başladım. Bir qədər əvvəl atəş səslərinin lərzəyə gətirdiyi dağ-dərə indi tamam sakitlik idi. Gördüm ki, bizə tərəf irəliləyən ermənilər öz aralarında nəsə danışırlar. Cəld tövləyə qayıdıb komanda verdim ki, hər kəs əvvəlki vəziyyətdə bir-birini gözləməklə dağı qalxsınlar. Təzəcə uzaqlaşmışdıq ki, gördüm bayaq danışan ermənilər koordinatları verən kimi düşmənin artilleriyası tövlələri döşəməyə başladı. Buna qədər ermənilər inana bilməzdilər ki, biz hər tərəfi sıldırım qayalıqlar, dərələr olan əraziləri atəş altından çıxıb tövlələrdə dincələ bilərik. İstədik ki, qayıdıb bizdən əvvəl çıxan əsgərlərimizin izi ilə gedək. Gördük yox, ermənilər artıq dərəni də keçərək tövlələrə tərəf gəlir. Ona görə də qayıdıb əsgərlərimizin izi ilə gəlmək çox təhlükəli idi. Qərara gəldik ki, uçurumlu olsa da, Koroğlu dağı istiqamətində dik çıxaq. Yuxarıda dağın başında ocaq yanırdı, bilirdim ki, bizim əsgərlərdir, ayaqqabılarını qurudurlar. Gecənin qaranlığında həmin ocağı işığını istiqamət tutaraq dağa doğru qalxarkən güclü çovğun başladı. Artıq yanvarın 1-dən 2-nə keçən gecədir. Biz avtomatla qalın qar örtüyünü yarıb içərisinə girirdik, külək bir balaca səngiyən kimi 10-15 addım atıb yenə də qarın arasına girirdik. Biz dağın başına çatanda artıq ocaq sönmüşdü, daşın dibində ocaq yerinin yalnız közərtisi qalmışdı. Gördüm ki, ocaq yerinin başında 3 əsgər oturub. Qışqırdım ki, niyə oturmusunuz, qalxın, yolunuza davam edin. Amma səsləri çıxmadı, yaxınlaşanda gördük ki, hər 3-ü donaraq şəhid olublar. İsinmək, ayaqqabılarını qurutmaq üçün isti şalvarlarını çıxarıb yandırmışdılar. Əsgərlərə tapşırıqdım ki, onları elə daşın dibindəcə uzatsınlar, həmin ərazini xəritədə qeyd edirdim, silahlarını öz yanlarında gizlətdirdim ki, sonra gəlib götürərik. Çünki heç kimdə taqət qalmamışdı ki, şəhidlərin də silahını götürə bilsin.
- Həmin əsgərlərin şəxsiyyətini də müəyyən edə bildinizmi?
- Bəli, hər 3-ü bizim taborun əsgərləri idi, amma adları yadımda qalmayıb. Onlar Koroğlu dağının aşırımından "İt yolu" deyilən yol istiqamətində donmuşdular. Biz qərargaha çatan günün səhəri "Arxa cəbhə bölməsi" donvurmadan şəhid olan əsgərləri nəşini gətirdilər. Koroğlu dağının aşırımına çatanda mən də tamamilə taqətdən düşmüşdüm, yeriyə bilmirdim. Artıq avtomatı götürməyə də gücüm qalmamışdı, üstümdə bir neçə dənə qumbaranı da axıra kimi saxlamışdım ki, birdən yorulub taqətsiz qalaram, düşmən əlinə keçməmək üçün özümü partladım. Ermənilərdən xeyli uzaqlaşandan sonra komandir heyətinə dedim ki, siz gedin, mən yatıb dincəlmək istəyirəm. Amma rəhmətlik Mürşüd məni yatmağa qoymurdu, oturan kimi saçımdan tutub dartırdı. Saçımı dartdıqca bədənimdə ağrı hiss edib qalxırdım. Bir az gedəndən sonra yenə otururdum, yenə də Mürşüd saçımdan tutub qaldırırdı. Mən komandirlərə də demişdim ki, imkan verməyin əsgərlər yatsınlar. Çünki o qədər dəhşətli soyuq idi ki, adam oturan kimi donurdu. Ona görə də rəhmətlik Mürşüd hansı əsgərin oturduğunu görürdüsə, ya saçından tutub dartır, ya da bədəninə iynə batırırdı ki, ağrı hiss edib yatmasınlar. Amma Murovdağdan üzübəri enəndə heç kəsin ayağında taqət qalmamışdı. Ona görə də hamımız üst geyimimizi qarın üzərinə atıb onun üstündə sürüşə-sürüşə gəlirdik. Yanvarın 1-dən 2-nə keçən gecəni bütünlüklə yol gəldik. Amma biz gələn istiqamətdən çıxan az idi, şəxsi heyətin əsas hissəsi Kəlbəcərə girdiyimiz ərazidən - Daşkəsən istiqamətindən çıxmışdı. Çovğun və şaxta o qədər soyuq idi ki, artıq radiostansiyaların batareyaları da donmuşdu, yuxarı komandanlıqla əlaqə saxlamaq mümkün deyildi. Üstəlik heç olmasa, yaralıları çıxarmaq üçün kömək də gəlmədi. Beləliklə, biz yanvarın 2-də gəlib Murovdağın bəri üzündə "Yol evi" deyilən ərazidəki KQM-ə çatdıq. Respublikanın Baş prokuroru Əli Ömərov, müdafiə nazirinin birinci müavini, Silahlı Qüvvələrin Baş Qərargahının rəisi Nəcməddin Sadıqov da orada idi. Mən əsgərlərə tapşırıq vermişdim ki, Haçıkənddəki qərargahımıza gedib ayaqqabılarını, ust-başlarını qurudub rahatlansınlar, geridə qalan şəxsi heyət gələndən sonra qərargahda toplaşacağıq. Mən Nəcməddin Sadıqovgilin yanına çatarkən əsgər və zabitlərdən bir neçəsi yaxınlaşıb dedilər ki, komandir, nazirlikdən gələnlər ermənilərdən götürdüyümüz silahları əlimizdən alıb özlərinin "NİVA"sının arxasına yığır. Onlar hətta bizim əsgərlərə deyiblər ki, siz fərarisiniz, belə-filan. Mən bunu bir növ təbii qarşıladım, çünki Müdafiə Nazirliyindən gələnlər nə bilirlər ki, biz hansı şəraitdə, necə gəlib çıxmışıq?! Əsgərlərə dedim ki, narahat olmayın, o silahların hamısının nömrələrini qeydiyyat kitabımda yazmışam. Yanvarın 2-də Nəcməddin Sadıqovla görüşəndə dedim ki, cənab general, ermənilərdən gətirdiyimiz silahları sizin əsgərlər alıb "NİVA"nın yük yerinə yığıblar. Soruşdu ki, o silahların nömrələri sizdə varmı? Yazdığım nömrələri göstərdikdə öz əsgərlərini çağırıb dedi ki, götürdüyünüz silahlar komandirin dediyi nömrələrdisə, qaytarıb verin taborun özünə. Bundan sonra silahların hamısını qaytarıb vermişdilər.
- Ermənilərin nə qədər silahını qənimət götürmüşdünüz?
- Hamısını gətirə bilməmişdik, seçib ən yaxşılarını götürmüşdük, içərisində pulemyotlar da vardı. Təxminən 12-15 silah idi. Amma orada ermənilərin təxminən 50-dək avtomat silahları qaldı. Sadəcə hamısını götürməyə gücümüz çatmadı. Hətta o şəraitdə ermənilərdən götürdüyümüz silahların nömrəsini yazmışdım. Əsgərlərə də tapşırıq vermişdim ki, bu silahların hamısını mütləq aparmalıyıq. Uşaqlar öz silahları ilə bərabər o silahların ən yaxşılarını seçib gətirmişdilər. Halbuki biz elə vəziyyətdə idik ki, heç öz silahımız götürməyə gücümüz çatmırdı. KQM-də (Komanda Qərargah Maşını) Qorxmaz Qarayev (o zaman qərargah rəisi vəzifəsini icra edirdi - E.S.), Nəcməddin Sadıqov və briqada komandiri Valeh Rəfiyevlə görüşdük. Nəcməddin Sadıqov rusca soruşdu ki, kapitan, Kəlbəcərə hansı istiqamətdən girib haradan çıxmısınız? Mən xəritəni çıxarıb tapşırıq əsasında yerinə yetirdiyimiz əməliyyatı əvvəldən sonadək izah etdim. Axırda isə belə bir vəziyyətlə üzləşdik və tapşırıq aldım ki, "kak komandir prinimay reşenie".
Dedim ki, bu tapşırıqdan sonra Kəlbəcərin 4 kəndindən geri çəkilmişəm, qayıdıb çıxarkən şəxsi heyətdən neçə əsgər donvurmadan həlak olub, neçəsinin yaralı vəziyyətdə dağlarda qaldığından xəbərim yoxdur. Amma özüm 3 əsgərin və 1 polis əməkdaşının donvurmadan şəhid olduğunu görmüşəm, onların harada qaldığını xəritədə qeyd etmişəm. Bir az əsəbi halda dedim ki, əsgərlərin hamısının oradan salamat çıxmasına inanmıram. Çünki dağlar çox sərt, hava şəraiti amansız idi. Beş gün o şəraitdə vuruşub-döyüşdük, 4 kəndi - Bozlu, Babaşlı, Təkəqaya və Lev kəndlərini azad etdik, axırda isə əzab-əziyyətlə tutduğumuz mövqeləri buraxıb geri qayıtdıq. Nəcməddin Sadıqov isə Valeh Rəfiyevin yaxasından yapışıb dedi ki, podpolkovnik, briqada yerinə yetirə bilmədiyi tapşırığı bir tabor icra edib, siz niyə hücum planını yerinə yetirməmisiniz? Rəfiyev isə dedi ki, biz hücuma keçdik, ancaq düşmənin sərt müqaviməti ilə rastlaşdığımızdan Kəlbəcər istiqamətində hücumu davam etdirə bilmədik.
- Sizcə, "Murovdağ əməliyyatı"nın uğursuz başa çatmasına görə briqada komandiri Valeh Rəfiyev günahkardırmı?
- Bu uğursuz əməliyyata görə Valeh Rəfiyevdə günah görmürəm. Rəfiyevin komandir kimi yeganə günahı o idi ki, bu əməliyyatın icrasına razılıq vermişdi. O, gərək bu əməliyyata ümumiyyətlə, razılıq verməyəydi. Necə ki, briqadanın qərargah rəisi polkovnik-leytenant Eldar Həsənov kimi. Amma onun da iki yolu vardı: ya həbs olunmalı, ya da bu çətin və mürəkkəb əməliyyatı üzərinə götürməli idi. Çünki yuxarı komandanlıqda əmrin kim tərəfindən və necə verildiyini mən bilmirdim. Bu ağılsız və uğursuz əməliyyatın siyasi tərəflərini deyə bilmərəm, ancaq hərbi nöqteyi-nəzərdən günahın çoxunu yuxarı komandanlıqda görürəm. Yəni qışın bu çağında belə bir əməliyyatın həyata keçirilməsinə qərar verilməməli idi.
- KQM-dəki görüşdən sonra hara getdiniz? Pərən-pərən olmuş şəxsi heyətin toparlanması, donvurmadan şəhid olan əsgərlərin axtarışı və onların cənazəsinin ailələrinə çatdırılması istiqamətində hansı addımlar atıldı?
- Mən bu görüşdən sonra hospitala getmədim. Çünki mənim hospitallıq işim yox idi. Baxmayaraq ki, vəziyyətim çox pis idi, ac-susuz qalmışdım, mədə ağrılarım başlamışdı. Lakin əsgərlərimin taleyi məni daha çox düşündürürdü. Ona görə də Hacıkəndə - taborun əvvəlki qərargahına gəldim. Zabitləri bir yerə yığıb komanda verdim ki, Daşkəsənə çıxıb şəhid olan və yaralanan əsgərlərlə bağlı məlumatları toplayıb mənə məruzə etsinlər. Yanvarın 3-də briqada komandiri "Arxa cəbhə bölməsi"ni göndərdi yolda donan əsgərlərimizin meyitlərini çıxarmağa və onlar yanvarın 5-dək bu işlə məşğul oldular. Həmin döyüşdən sonra geri çəkilən zaman bizim 12 əsgərimiz dağlarda donaraq şəhid oldu, 15-16 nəfər əsgər və zabit isə donvurmadan xəsarət aldıqları üçün xəstəxanalara yerləşdirildi. Yəni Birinci "Murovdağ əməliyyatı"nda (29 dekabr 1993 - 2 yanvar 1994) yaralılarla birlikdə bizim təxminən 25-30 nəfər itkimiz oldu. Şəxsən mən təsadüf nəticəsində sağ çıxa bildim. İnanmırdım ki, taborun şəxsi heyəti bu döyüşdən sağ çıxa bilsin. Peşəkar hərbçi kimi deyərdim ki, o döyüşdə iştirak edən əsgər, çavuş, gizir və zabitlərin hər biri qəhrəmandır.
- Ağır döyüş şəraitinə, sərt iqlimə baxmayaraq, əsgərlərdə döyüş ruhu çox yüksək idi...
- Biz Kəlbəcərə istiqamətlənəndə əsgərlərimizin qabağını ala bilmirdim, hər kəs böyük rəşadətlə, ürəklə döyüşə atılırdı. Təsəvvür edin ki, həmin döyüşdə bir ailədən 2 əkiz qardaslar, 3 nəfər döyüşçü - iki oğul və ata. Mən onlara dedim ki, üçünüz də hara gedirsiniz? Oğulların birini "Yaylaq" deyilən ərazidə tövlələrin yanında məcbur şəkildə geridə saxladım. Bizim əsgərlərdən birinin erməni leytenantını öldürməsi epizodu da heç vaxt yadımdan çıxmaz. Yanvarın 1-də Bozlu kəndi ətrafında döyüşün qızğın çağında əsgərlərimizdən biri "Komandir, komandir, səni vurdular!" deyə, qışqırdı. Baxdım ki, sağımda-solumda öz əsgərlərimizdi. Qarşı tərəfdə isə silah mənə tuşlanıb. Əvvəl elə bildim Bakıda metrodan, küçələrdən tutulub birbaşa döyüş bölgəsinə göndərilən təcrübəsiz döyüşçülərdəndir, səhvən silahı mənə tuşlayıb. Amma yenə də gözlərimə inanmadım. Bir də gördüm yanımdakı əsgərlərdən biri atəş açdı və silahı mənə tuşlayan yıxıldı. Atəş açan əsgərin üstünə qışqırdım ki, onu niyə vurdun? Əsgər isə həyəcanla "Komandir, ermənidir, sizi vurmaq istəyirdi" dedi. Əsgərimiz həmin erməniyə bircə güllə vurmuşdu, deyəsən, başından dəymişdi. Meyitə yaxınlaşanda gördüm ki, leytenant rütbəsində erməni döyüşçüdür, üstündə də radiostansiya, çanta, çantanın içərisində isə xəritə və sənədləri vardı. Ayağında içərisi yun olan ayaqqabı vardı. Mənimlə bərabər hərəkət edən Rizvan adlı rabitəçi-əsgərin ayaqqabısı cırılmışdı, corabları ayaqqabının cırıq burnundan çölə çıxırdı. Gözüm həmin əsgərin ayaqqabısına sataşdı, tez öldürülən erməni leytenantın ayaqqabılarını çıxarıb ona verdim ki, geyinsin. O isə "Komandir, o ölüb, onun ayaqqabısını necə geyinim?" desə də, uşaqlara dedim ki, onun cırıq ayaqqabılarını çıxarsınlar. Erməninin ayaqqabılarını Rizvana geyindirəndən sonra bir anın içərisində ayaqları necə isindisə, dedi komandir, bu ermənilərə bax ey, ayaqqabıları necə də rahatdır! Həmin erməni leytenantın sənədlərinə baxanda gördük ki, 23 yaşındadır, səhv etmirəmsə Krasnodarda 2 il yarım Daxili Qoşun Məktəbində oxuyub. Onun sənədini, şəxsiyyət vəsiqəsini, radiostansiyasını da götürdük və yanvarın 2-də Murovun bəri üzündə - KQM-də Nəcməddin Sadıqova təqdim etdim.
Yəni həmin döyüşlərdə əsgərlərimizin hər biri sözün əsil mənasında bu cür qəhrəmanlıqlar göstəriblər. Bununla belə, mən o vaxt da deyirdim, indi də bir hərbçi kimi o qənaətdəyəm ki, "Murovdağ əməliyyatı" düzgün əməliyyat deyildi. Qışın bu çağında o istiqamətdən Kəlbəcərə hücum etmək qeyri-peşəkarlıq və hərbi səriştəsizliyin əlaməti idi. Biz hərbçilər müharibə üçün hazırlanırıq, lakin mən hərbi məktəbi bitirdikdən sonra leytenant rütbəsində tağım komandiri səviyyəsində olan bir hərbçi kimi, o əməliyyata razılıq verməzdim. Bu, qeyr-peşəkar səviyyədə hazırlanmış döyüş əməliyyatını həyata keçirmək ağlagəlməz bir iş idi. Çünki bu əməliyyatda döyüş nizamnaməsinin bütün tələbləri pozulmuşdu. Biz Kəlbəcərə o halda hücum əməliyyatı apara bilərdik ki, Goranboy, Tərtər istiqamətlərindən hücum edən briqadalar irəliləyərək Kəlbəcərin Çərəktar, Umudlu və digər kəndləri nəzarətə götürmüş olardı. Bununla da bizim briqadanın bölmələri həm Zod, həm də Laçın istiqamətində hərəkət etmək imkanı qazanardı. Yəni briqada dağları keçəndən sonra hücumu genişləndirərək Kəlbəcərin Ermənistanla sərhəd ərazilərini bağlamalı olmalı idi. Bir daha təkrar edirəm, 1993-cü ilin dekabrında Kəlbəcər istiqamətində başlanan "Murovdağ əməliyyatı" çox ağılsız və səriştəsiz əməliyyat idi. Bu, bəlkə də Azərbaycan tarixində ən uğursuz əməliyyatlardandır. Buna baxmayaraq, həmin əməliyyatda iştirak edən hər bir əsgəri qəhrəman sayıram. Çox heyf o şəhidlərə ki, ağılsız və səriştəsiz şəkildə hazırlanmış uğursuz əməliyyatın qurbanları oldular. Düzdür, torpağı üçün hər bir insan şəhid olmalıdır, müharibə qansız olmur. Amma ağılsız yerə itkilər vermək...
- Sonradan bu məsələ yuxarı komandanlıqda müzakirə olundumu? Yəni hücum əməliyyatı əvvəlcədən düşünülmüşdümü? Düşünülmüşdüsə, ön xətdə hücum əməliyyatı həyata keçirən briqadanın təchizat-təminat məsələləri niyə yerinə yetirilmədi?
- Bəli, əməliyyat əvvəlcədən planlaşdırılmış və müzakirə olunmuşdu. Əməliyyatın uğursuzluqla nəticələnməsinin başlıca səbəbi təchizat-təminat məsələlərinin yerinə yetirilməməsi və başqa istiqamətlərdən hücum edən briqadalarının hücumlarının alınmaması idi. Sonradan xidmətim zamanı keçmişdə baş verən döyüş əməliyyatlarının xronologiyasına baxan zaman, əməliyyata əsasən Goranboy və Tərtər istiqamətindən hücum edən briqadaların Kəlbəcər ərazisinə daxil ola bilməmişdi. Bunun səbəbini mən bilməzdim, onu yuxarı komandanlıq, Müdafiə Nazirliyinin generalları bilərdi. Burada bir sual da ortaya çıxır ki, bu istiqamətlərdən hücum əməliyyatı baş tutmursa, onda niyə bizim briqadanı Daşkəsən, "Murovdağ" istiqamətindən "katlavan"ın içərisinə atırlar? Əgər bu briqada qabağa gedibsə, amma hansısa bir ərazidə böyük müqavimətlə üzləşib geri çəkilməli olsa, onun geriyə çıxış yolunu başqa bir tabor qorumalı deyildimi? Bizim briqada Kəlbəcər istiqamətində hücum edərkən ən azından arxamızda - "Murovdağ" aşırımında bir tabor olmalı idi. Bu tabor irəlidə hücum edən briqada geri çəkilməli olsa, onun itkisiz və rahat çıxa bilməsini təmin etməli idi.
- Bu döyüşlərdə sizin nəzarətiniz altında nə qədər əsgər vardı?
- Birinci "Murovdağ əməliyyatı"nda təxminən 350-400 nəfərlik şəxsi heyətimiz vardı. Bunun təxminən 250-260 nəfəri döyüşə mənimlə girdi. Təxminən 80-90 nəfər gücləndirilmiş bölüyümüz isə rəhmətlik Feyruz Alışovun rəhbərliyi altında Alaxançallıdan Kəlbəcər istiqamətində hərəkət etmişdir. Onların yolu çox ağır olduğundan bir qədər gecikdilər, eyni vaxtda bizimlə birlikdə hücumda ola bilmədilər. Biz artıq tapşırıq alanda ki, komandir kimi qərar qəbul edin, onda Feyruz Alışovun da bölüyündəki radiostansiyaların batareyası işləmirdi və onlarla əlaqə saxlamaq mümkün olmadı. Əlaqə saxlaya bilmədiyimizdən onlara məlumat verə bilmədik ki, irəli getməyin, geri qayıdın.
- Bəs, onların taleyi necə oldu?
- Onlar irəliləyərək bizim kəndlərdən geri çəkildiyimiz əraziyə yaxınlaşan vaxtı ermənilər çalışmışlar ki, onları alda verərək, guya ərazidə olan azərbaycanlılardı. Bunu tam bilmək üçün rabitənin olmaması səbəbindən (batareyaların donaraq sıradan çıxması və əlavə batareyaların olmaması) leytenant Elxan Həsənov, gizir Kamal və Zakir irəliləyərək qarşıda bunları çağiranların həqiqətəndə taborun bölmələridimi, yoxsa başqa qüvvələrdimi deyə yaxınlaşan zaman, ermənilər bunlara silahi yerə qoyun və əllər yuxarı komandası verirlər. Bu çıxılmaz vəziyyətdən gizir Kamal Hacıyev bunlardan bir neçəsini vuraraq özünü daşdan dərəyə ataraq, ayağındakı batinkaların üzərindən geydiyi rezin çəkmələr ağırlıq etməsin deyə soyunaraq ayaqyalın o qarlı dağlarla Daşkəsən istiqamətinə çıxa bilmişdi, Elxan və Zakiri isə həlak olmuşdu.
- Bu qədər çətin şəraitdə, hətta qeyri-mümkün döyüş tapşırığını yerinə yetirən 701 saylı hərbi hissənin əsgərlərinin əksəriyyəti fərari elan edildi. Hətta onların hərbi biletində «Milli Məclisin 17 oktyabr 1997-ci il tarixli «Aministiya haqqında Qərarı»na əsasən ordu sıralarındakı xidməti hesab edilməsin» şəklində qeyd də yazılıb. Bu isə o deməkdir ki, həmin əsgərlər və döyüşçülər guya, fərarilik ediblər və Milli Məclisin qərarı ilə bağışlanıblar. Sizin komandanlığınız altında sonuncu döyüşlərdə iştirak edən əsgərlərinizin fərari elan edilməsinə münasibətiniz necə oldu?
- Əminliklə deyirəm ki, «Murovdağ əməliyyatı»nın uğursuz nəticələnməsinə görə əsgərlərimin heç bir günahı yox idi! Onların heç biri fərarilik etməyib, əksinə, qəhrəmanlıq göstərdilər, kişi kimi vuruşdular, düşməni böyük itkilərə məruz qoydular, 20-25 kilometrdən artıq uçurumlardan, borandan, tufandan keçərək irəliləyib Kəlbəcərin 4 kəndini erməni işğalından azad etdilər. Mən bir komandir kimi vurğulayıram ki, bu uğursuz “Murovdağ əməliyyatı” yaddaşlarda taborumuzun keçirdiyi uğurlu döyüş kimi tarixi hadisə olaraq mütləq qalacaq. Aministiyaya düşən əsgərlərimizin bəzilərinin günahı həm nizami hissə zabitlərində, həm özlərində, həm də valideyinlərində görürəm. O zaman bir çox valideyinlər donvurmadan xəsarət almış övladlarını mülki xəstəxanada müalicə başa çatandan sonra xəstəliklə əlaqədar onların sənədlərini və əsgərlərin özünü hərbi hissəyə təqdim etməmişlər. Nizami hissə üzrə zabitlər vaxtında hərbi hissənin qərargahına şəxsi heyətin dəqiq siyahısına verməmişdilər. Hərbi hissə bir yerdən başqa yerə döyüş tapşırığını yerinə yetirməyə gedərkən bəzi əsgərlər hərbi komissarlıq tərəfindən öz hərbi hissəsinə yox, başqa hərbi hissələrə aparılaraq təhvil verilmişdir. Yəni belə qanun-qaydalara zidd hərəkətlər də baş vermişdir. Əlavə olaraq deyə bilərəm ki, əsgərlərin bir çoxu sonrakı dövrdə ailəsini dolandırmaq üçün işləmək məcburiyətində qaldığından, bəziləri əlil, bəziləri isə ailən tək oğlu olması səbəbindən hərbi hissəyə qayıtmadığı üçün amnistiya siyahısına daxil edilmişdi. Ona görə də bu məsələ hər bir şəxs üçün fərdi araşdırma aparılaraq qiymətləndirilməlidir.
- Uğursuz "Murovdağ əməliyyatı" ilə bağlı sonradan hüquqi qiymətləndirmə, hüquqi araşdırmalar aparıldımı?
- Mən bu məsələ ilə çox dərindən maraqlanmadım. Ancaq o əməliyyatda iştirak edən bir hərbçi və kəlbəcərli kimi prosesləri izləyirdim. O vaxt bu işi araşdırmaq üçün bir komissiya yaratdılar. Bundan sonra "Bərdə batalyonu"nun komandiri Gəray Əsədov, ixtisasca bədən tərbiyəsi müəllimi olan briqada komandiri Saleh İlyasovu həbs etdilər. Halbuki bunlar müharibənin əzab-əziyyətini görmüş komandirlərdir, bu uğursuzluqda onların heç bir günahı yox idi, onlar "get" deyirdilər gedirdilər, "dayan" deyirdilər dayanırdılar. Komissiya bu işi araşdırırdısa, müəyyənləşdirməli idi ki, belə bir əməliyyatı kim hazırlayıb, yuxarı komandanlığa kim təqdim edib? Hazırlanmış əməliyyat niyə yerinə yetirilməyib? Bildiyimə görə, bu sualların hamısı cavabsız qaldı.
Elxan SALAHOV
Dekabr, 2014-cü il