24.04.2025, 22:36
AZ EN
28.12.2024, 10:00 280

Bu gün şəhid Rəhman Bayramovun anım günüdür

XƏBƏRLƏR
  • Bu gün Vətən müharibəsinin qəhrəman şəhidi Rəhman Dilcan oğlu Bayramovun anım günüdür. O, 20 avqust 1993-cu ildə Gəncə şəhərində Dilcan Bayramovun ailəsində anadan olub. 2001-2012-ci illərdə Göygöl rayon 8 mart qəsəbə tam orta məktəbində təhsil alıb.

Rəhman Bayramov 2012-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə Şəhər Kəpəz Rayon Şöbəsindən həqiqi hərbi xidmətə çağrılmış, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində xidmət etmişdir. Hərbi xidmətini başa vurduqdan sonra mülki fəaliyyətinə davam etmişdir.

27 sentyabr 2020-ci il tarixində Vətən müharibəsinin başlaması ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevin ölkədə qismən səfərbərlik elan edilməsi haqqında 28 sentyabr 2020-ci il tarxli Sərəncamına uyğun olaraq Rəhman Bayramov 29 sentyabr 2020-ci ildə yenidən hərbi xidmətə çağrılmışdır.

Azərbaycan Ordusunun əsgəri olan Rəhman Bayramov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində könüllü atıcı olaraq iştirak etmişdir. Cəbrayılın, Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur.

Rəhman Bayramov 9 noyabr 2020-ci ildə Xocavənd rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı qəhrəmancasına şəhadətə ucalıb. Onun mübarək nəşi bir müddət axtarışdan sonra tapılaraq 28 dekabr 2020-ci ildə Gəncə Şəhidlər Xiyabanında böyük izdiham və ehtiramla torpağa tapşırılıb.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Rəhman Bayramov ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

Şəhidimiz ailəli idi, onun iki övladı Vətənə yadigar qalıb.

Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, ruhun şad olsun, qəhrəman şəhidim!

Mina RƏŞİD

Oxşar xəbərlər