23.11.2024, 06:53
AZ EN
09.09.2022, 08:45 411

Son döyüşü Şuşada oldu...

XƏBƏRLƏR
  • Şəhidlər xalqımızın, dövlətimizin əbədi istiqlaliyyəti, müstəqilliyi yolunda - yolumuzun önündə gedən, lakin gözlə görünməyən, ancaq qəlb gözü ilə görünən müqəddəs varlıqlardır... Belə qəhrəman oğullarımızdan biri də Maarif Təbriz oğlu Əliyevdir.

Xüsusi təyinatlıların giziri Maarif Əliyev 1994-cü il sentyabrın 9-da Neftçala rayonunun Həsənabad qəsəbəsində anadan olub. Uşaq yaşlarından hərbiyə böyük maraq göstərən Maarif məktəb illərində də hərbi hazırlıq dərslərində yaşıdlarından fərqlənib. Hərbçi olmaq arzusu ilə yaşayan gəncimiz 2012-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmət etməyə başlayıb. 2016-cı ildə Aprel döyüşlərində iştirak edən Maarif 4 günlük müharibədə düşmənə qan udduran igidlərimizdən biri olub.

Atası vəfat edəndən sonra evin böyük oğlu kimi həm öz ailəsinin, xüsusən də, anasının, həm də qohum-əqrabanın yolunu saxlamaq, qayğısını çəkmək onun məsuliyyətini daha da artırmışdı. Anası Sevda xanım deyir ki, bəzən heç kəsin xəbəri olmadan Maarif aldığı maaşından pul ayırıb imkansız ailələrə kömək edirmiş... “O, çox xeyirxah idi, elə istəyirdi ki, hamıya dəstək olsun, yaxşılıq eləsin.  Balam olduğu üçün demirəm, o elə bir əqidəyə sahib idi ki, bir dəfə də olsun heç kimin qəlbinə dəymir, heç kimi özündən küsdürmürdü, hamının sevgisini, hörmətini qazanmışdı. Ürəyində çox arzuları, xəyalları vardı, uşaqlığından əziyyəti çox olmuşdu balamın. Deyirdim, anan qurban sənə, torpaqlarımız işğaldan azad olunsun, müharibə qurtarsın, bir az rahatlıq taparsan”, - deyir ürəyi qubarlı ana...

Vətən müharibəsi başlayanda Maarif də qəhrəman oğullarımız kimi təcrübəli hərbiçi olaraq şiddətli döyüşlərə atılıb, Xocavənd, Cəbrayıl, Füzuli, Kəlbəcər, Hadrut və Şuşa istiqamətlərində gedən döyüşlərdə şücaətlər göstərib. Hərbdə öyrəndiyi taktiki gedişlərlə düşmənin müdafiə xəttini yarıb, onlarla texnika və canlı qüvvəsini məhv edən qəhrəmanımız 2020-ci il noyabrın 7-də Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə yüksəlib.

Qardaşı Ramin Əliyev deyir: “Maarif müharibə ərəfəsində təlimdəydi. Bizdən çox narahat idi ki, biz səfərbərliyə çağırılmışıq, ya yox. Biz də ona bildirdik ki, narahat olma, evdə hamı səndən narahatdı. O isə qürurverici səslə “məndən heç narahat olmayın, hər şey əladır,” – dedi. Şuşanın azad olmasını eşidəndə sevincdən gözlərimiz yaşardı. Amma xəbərimiz yox idi ki, qardaşımız həsrətində olduğu Şuşada qələbə xəbərinin sədaları altında şəhidlik zirvəsinə ucalıb. Mən qardaşımla həmişə fəxr edirdim, çünki o çox fərqli idi, indi həm də şəhidliyi ilə, şərəfli yolu ilə fəxr edirəm”...

Döyüş dostları danışır ki, Maarif Xocavəndin Tuğ qəsəbəsində pusquya düşən 40 nəfər döyüşçümüzü canı bahasına xilas edib. Həmişə döyüş yoldaşlarına deyirmiş ki, Vətən və dostluq bizim canımızdan daha artıqdı. Silah-daşları ona “Şuşa fatehi” ləqəbini vermişdilər. Bu da səbəbsiz deyildi. 28 ildən sonra Şuşaya ilk ayaq basan igidlərdən biri də gizir Maarif Əliyev idi. Məhz belə oğullarımızın sayəsində bu gün Şuşa, Qarabağ azaddır.

Xüsusi Təyinatlı Qüvvələrin giziri Maarif Əliyev ölümündən sonra “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Allahdan şəhidimizə rəhmət diləyirik.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər