Fəaliyyət göstərdiyi 19 il ərzində nazirlik baş verə biləcək fövqəladə hadisələrin vaxtında aşkarlanması, qarşısının alınması və nəticələrinin aradan qaldırılması, fövqəladə hallar sahəsində etibarlı şəbəkənin yaradılması, mülki müdafiə, əhalinin və ərazilərin təbii və texnogen hallardan, mümkün terror hadisələrindən qorunması, yanğın və su hövzələrində, sənayedə, dağ-mədən işlərində, tikintidə və digər sahələrdə əhalinin təhlükəsizliyinin təmin edilməsi istiqamətində üzərinə düşən vəzifələrin icrasını davam etdirərək genişmiqyaslı tədbirlər həyata keçirib.
Prezident İlham Əliyevin FHN-in yaradılması, bir sıra mühüm mühafizə və xilasetmə qurumlarının onun tərkibinə verilməsi, nazirliyin şəxsi heyətinin sosial vəziyyətinin, o cümlədən mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı sərəncamları, tapşırıq və tövsiyələri, eləcə də dövlətimizin başçısının FHN-in fəaliyyəti ilə bağlı bir sıra tədbirlərdə iştirakı bu sahəyə göstərilən yüksək diqqət və qayğının bariz nümunəsidir. Dövlət başçısının xüsusi diqqət və qayğısı nəticəsində FHN maddi-texniki cəhətdən hərtərəfli şəkildə təmin edilib və qarşısına qoyulmuş məsuliyyətli vəzifələrin öhdəsindən uğurla gəlmək iqtidarında olan mobil quruma çevrilib.
Nazirliyin bütün qurumlarının texnika parkı üçün dünyada mövcud ən müasir müxtəlif təyinatlı maşın və mexanizmlər alınıb. FHN-in informasiya texnologiyaları infrastrukturunun yaradılması və inkişafı, elektron xidmətlərin təşkili, eləcə də respublikada baş vermiş təbii-texnogen hadisələrin statistikasının aparılması istiqamətində müvafiq tədbirlər həyata keçirilib, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi və “112 Zəng Mərkəzi” yaradılıb.
Artıq müasir yanğınsöndürmə, qəza-xilasetmə maşınlarının, fövqəladə hallarda hadisə yerində böhranları idarə etmək üçün ən müasir rabitə sistemləri ilə təchiz olunmuş və nazirliyin qurumları ilə videokonfrans yaratmaq gücünə malik mobil qərargah-avtobusun, radiosistemli avtomobillərin, motosikletlərin, mina və hərbi sursatların aşkarlanaraq zərərsizləşdirilməsi sistemlərinin, dənizdə xilasetmə əməliyyatları üçün katerlərin, xilasedici qayıqların, axtarış gəmilərinin, yanğınsöndürmə və digər xilasetmə funksiyalarını həyata keçirən “Be-200 ÇS” amfibiya-təyyarənin, helikopterlərin, tikintilərin texniki təhlükəsizlik normalarına uyğun aparılmasına nəzarət üçün səyyar laboratoriyaların, fövqəladə hadisə baş vermiş ərazidə zərərçəkənlərə tibbi yardım göstərmək üçün mobil hospitalların, yüzlərlə müxtəlif təyinatlı digər xüsusi texniki avadanlıqların imkanlarından gündəlik iş prosesində bacarıqla istifadə edilir.
FHN-in əməkdaşlarının peşə hazırlığının artırılması məqsədilə bir sıra ölkələrin müvafiq ali təhsil ocaqları ilə bağlanan müqavilələr əsasında nazirliyin işçiləri həmin təhsil müəssisələrində müasir biliklərə yiyələnirlər. Bununla yanaşı, Prezidentin imzaladığı müvafiq Sərəncamla 2008-ci ildə nazirliyin zəruri maddi-texniki baza ilə təmin edilmiş Akademiyası yaradılıb. FHN yarandığı ilk gündən beynəlxalq əməkdaşlığı və tərəfdaşlığı fəaliyyətinin əsas prinsiplərindən biri kimi müəyyənləşdirib. Nazirlik xarici ölkələrin aidiyyəti dövlət qurumları və nüfuzlu beynəlxalq təşkilatları ilə qarşılıqlı əlaqələri inkişaf etdirib.
Təkcə 2024-cü ilin 9 ayı ərzində respublika ərazisində 12 min 183 təbii və texnogen mənşəli hadisə qeydə alınıb. Bu da 2023-cü ilin 9 ayı ilə müqayisədə 242 hadisə və ya 2 faiz azdır. Nazirliyin xilasediciləri tərəfindən 108 nəfər xilas edilib, 914 nəfər təxliyə olunub. Beləliklə, nazirliyin əməkdaşları çətin sınaqlarda dəfələrlə peşəkarlıqlarını və cəsarətlərini ortaya qoyublar.
FHN ötən dövrlərdə müxtəlif ölkələrdə baş vermiş fəlakətlərin nəticələrinin aradan qaldırılması, xilasetmə və humanitar yardımların çatdırılması əməliyyatlarını uğurla yerinə yetirib. Ötən illərdə yaşayış, sənaye və ictimai-iaşə obyektlərində, o cümlədən iri ticarət mərkəzlərində, meşə və açıq sahələrdə baş vermiş yanğınlar, sel və daşqınlar, uçqun, dağıntı, sürüşmə, zəlzələlər və digər fövqəladə hadisələr zamanı operativ və səmərəli müdaxilə tədbirləri ilə nazirliyin qəza-xilasetmə qurumları peşəkarlıqlarını nümayiş etdiriblər.
Hazırladı: Mina RƏŞİD