Birinci kitaba Ulu öndər Heydər Əliyevin xalqın istəyi və tələbi ilə yenidən ölkə rəhbərliyinə gəldiyi 1993-cü ildə çıxışları, nitqləri, bəyanatları, müraciətləri, müsahibələri və s. daxil edilib. Kitabda yer alan materiallar 1993-cü ilin iyunundan oktyabrınadək olan dövrü əhatə edir. Bu materiallarda həmin dövrdə ölkəmizin ictimai-siyasi həyatında baş vermiş mürəkkəb proseslər müdrikliklə, obyektiv şəkildə təhlil olunur. Kitabda müstəqilliyin qorunub saxlanılmasının, inkişaf etdirilməsinin dahiyanə təcrübəsi əksini tapıb, milli dövlət quruculuğu prosesinin başlıca istiqamətləri dəqiqliklə və uzaqgörənliklə müəyyənləşdirilib.
Çoxcildliyin 2-ci kitabında Ulu öndərin 1993-cü il noyabrın 2-dən 1994-cü il martın 9-dək keçirdiyi görüşlərə dair materiallar, çıxış və nitqlərinin, xalqa müraciətlərinin, bəyanatlarının mətnləri, müsahibələri, məktubları yer alıb.
Xatırladaq ki, Ümummilli lider Heydər Əliyevin zəngin və mənalı ictimai-siyasi fəaliyyətinin 1993-cü ilin iyunundan sonrakı dövrünü əhatə edən “Müstəqilliyimiz əbədidir” kitabı ilk dəfə “Azərnəşr” tərəfindən 1997-ci ildən başlayaraq 46 cilddə nəfis tərtibatda nəşr edilib. Cildlərin xronoloji ardıcıllıqla təqdim edilməsi tədqiqatçılar üçün geniş imkanlar yaradır. Kitablarda Heydər Əliyevin müxtəlif ölkələrə səfərləri, sammitlərdə iştirakı, görüşləri, bəyanatları, məktubları, Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı mühüm çıxışları, Azərbaycana gələn xarici ölkə rəhbərləri, nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri və digər qonaqlarla görüşləri zamanı çıxış və nitqləri təqdim olunub və bütün bunlar o dövrün öyrənilməsi üçün dərs vəsaiti kimi qəbul olunur.
“Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 29 sentyabr tarixli Sərəncamından ruhlanan “Azərnəşr”in kollektivi “Heydər Əliyev. Müstəqilliyimiz əbədidir” çoxcildliyini təkrar nəşr edib oxuculara çatdırmağı qarşısına məqsəd qoyub. Təkrar nəşrin səbəbi cəmiyyətin bütün təbəqələrindən olan insanların – gənclərin, tələbələrin, tədqiqatçıların, elm adamlarının, dissertantların, politoloqların, iqtisadçıların – bir sözlə, çoxminli oxucu kütləsinin istəyi və tələbatıdır. İnanırıq ki, bu kitabı incəliklərinə qədər öyrənərək mənimsəyən Azərbaycan vətəndaşları qətiyyətlə və məsuliyyətlə deyəcəklər: “Heydər Əliyevin hər bir əsəri dərslikdir – vətəndaşlıq, dövlətçilik və Vətənə sevgi dərsliyi”.
Çoxcildliyin buraxılışına məsul “Azərnəşr”in baş redaktoru Əlövsət Ağalarovdur. Nəşrin hazırlanmasında AZƏRTAC-ın materiallarından istifadə olunub.
Hazırladı: Mina RƏŞİD