23.12.2024, 12:40
AZ EN
03.12.2024, 14:45 218

“Özbəkistanda yaşayan Qərbi Azərbaycanlılar” İctimai Birliyi yaradılıb

XƏBƏRLƏR
  • Özbəkistanda yaşayan Qərbi azərbaycanlılar tərəfindən bu ölkədəki Azərbaycan səfirliyinin dəstəyi ilə tədbir keçirilib.

Bu barədə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzindən bildirilib. Tədbirdə tarixi faktlarla Qərbi Azərbaycanda ermənilərin əsrlər boyu azərbaycanlılara qarşı törətdiyi etnik təmizləmə və deportasiya haqqında, eləcə də XIX-XX əsrdə azərbaycanlıların Qafqazın və Qərbi Azərbaycanın ictimai-siyasi, ədəbi-mədəni mühitində oynadıqları mühüm rol barədə məlumat verilib.

Çıxış edənlər Qərbi azərbaycanlıların dünyanın harasında yaşamalarından asılı olmayaraq, öz ata-baba torpaqlarına qayıtmaq amalı ətrafında sıx birləşmələrinin vacibliyini bildiriblər. Həmçinin Azərbaycan dövlətinin və ələlxüsus da Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı yürütmüş olduğu siyasətə tam dəstək olduqlarını vurğulayıblar.

Bildirilib ki, uzun illər boyu erməni terroru nəticəsində öz doğma torpaqlarından uzaq düşmüş Qərbi azərbaycanlıların bu gün öz yurdlarına qayıtmağının vaxtı gəlib çatıb və onlar buna inanırlar. Həmçinin soydaşlarımızın hüquqlarının bərpası istiqamətində addımların atılmasının vacibliyi vurğulanıb.

Çıxış edən əslən Qərbi azərbaycanlı Vidadi Qurbanov dünyanın müxtəlif ölkələrində yaşayan Qərbi azərbaycanlıların daha səmərəli fəaliyyət göstərmələri üçün vahid bir təşkilatda birləşməsinin vacib olduğunu bildirib.

Özbəkistanda müxbir fəaliyyəti ilə məşğul olan əslən Qərbi azərbaycanlı Qulu Kəngərli sözügedən təşəbbüsü dəstəkləyib. O, hazırkı Ermənistan ərazisində olan toponim və tarixi abidələrdən söz açaraq, onların hamısının türk mənşəli olduğunu qeyd edib. Qeyd olunan mövzu ətrafında danışan Q.Kəngərli Qərbi Azərbaycana qayıdışı konsepsiyasının Prezident İlham Əliyevin xüsusi diqqət mərkəzində olduğunu da bildirib.

Əslən Qərbi Azərbaycandan olan İlham Abdullayev isə Qərbi azərbaycanlıların hüquqlarının bərpası və onların öz ata-baba torpaqlarına qayıtması üçün Azərbaycan Prezidenti İlham Əliyevin apardığı siyasətə dəstək olaraq – Özbəkistanda yaşayan soydaşlarımızın vahid cəmiyyət ətrafında birləşməsinin vacib olduğunu vurğulayıb.

Daha sonra çıxış edən Qərbi Azərbaycandan olan Qalib Müslümov uzun illər boyu Vətəndən uzaqda yaşayan soydaşlarımızın vahid bir təşkilatda birləşməsinin, onların əlaqələndirilməsinin, məlumatlandırılmasının və mütəşəkkil hərəkət etməsinin, qərar qəbul etməsinin çox vacib olduğunu söyləyib.

Çıxışlardan sonra ictimai birliyin rəhbər təmsilçisinin və digər vəzifələrə seçiləcək namizədlərin irəli sürülməsi müzakirə edilib. Qərara əsasən, “Özbəkistanda yaşayan Qərbi Azərbaycanlılar” İctimai Birliyinin rəhbəri vəzifəsinə əslən Qərbi Azərbaycanın Basarkeçər rayonunun Bala Məzrə kəndindən olan İlham Yusif oğlu Abdullayevin namizədliyi dəstəklənib.

Nəticə etibarilə konfrans iştirakçıları “Özbəkistanda yaşayan Qərbi Azərbaycanlılar” İctimai Birliyinin təsis iclasının yekunu olaraq müvafiq təşkilatlara ünvanlanmaq üçün sənədlərin hazırlanmasına dair razılığa gəliblər. (AZƏRTAC)

Oxşar xəbərlər