Nurəddin Hümbətov 2020-ci il sentyabrın 27-dən başlanan və 44 gün davam edən Vətən müharibəsində sonadək iştirak edib. O, Murovdağ, Suqovuşan, Füzuli, Hadrut və Şuşanın azad edilməsi uğrunda gedən qanlı döyüşlərdə cəsarətlə vuruşub.
Vətən torpağının azadlığı və düşməndən intiqam almaq Nurəddinin uşaqlıqdan arzusu olub. O, “Son zəng”dəki çıxışında da Vətən uğrunda şəhid olmağı özünə şərəf saydığını demişdi. Vətənin qəhrəman oğlu Zəfər sevincini də yaşayaraq öz arzusuna çatdı. Ancaq qələbədən bir gün sonra noyabrın 9-da Şuşa-Xocavənd istqamətində bir əsgər kimi ona verilən tapşırığı yerinə yetirərkən qəhrəmanlıqla şəhadətə ucaldı. Şəhidimiz doğulduğu Samux rayonunda böyük bir izdiham və ehtiramla torpağa tapşırılıb.
Ölümündən sonra Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə "Vətən uğrunda", "Döyüşdə fərqlənməyə görə",
“Kəlbəcərin azad olunmasına görə" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.
…Onlar üç dost idilər - Həsən, Yusif və Nurəddin. Həsənlə Nurəddin şəhid oldular, Yusif isə qazi. İndi Nurəddinlə doğmaları fəxr edirlər. Onların yeganə təsəllisi odur ki, oğulları Vətən uğrunda, Şuşada şəhid olub.
Nurəddin şəhadətə ucalanda cəmi 21 yaşı vardı. Amma bu yaşda tariximizin Zəfər salnaməsini yazanlardan biri oldu.
Cənnətdəki doğum günün mübarək, ruhun şad olsun, məzarın nurla dolsun, qəhrəman Nurəddin balamız!
Mina RƏŞİD