“Düşmənə layiqli cavab verməli, qələbə çalmalıyıq”- deyən qəhrəman
Axı, qəhrəmanlıq yaşa baxmır. 18-19-20 yaşlı gənclərimiz “bu son döyüş olmalı, Qarabağ azadlığına qovuşmalıdır”- deyib ölümün üzərinə yeridilər. Kimi ata-ana, qardaş-bacısından, kimi yeni doğulan, kimi hələ doğulmayan, kimi həddi-buluğa çatmamış ataya daha çox ehtiyacı olan övladlarından keçdilər Vətən, torpağı naminə!..
Bəlkə də hər gün yolda rastlaşdığım məktəbli uşaqlardan biri də sən olmusan. Bəlkə işə getdiyim saatlarda gördüyüm, bəlkə avtobusda yaşlı qadınlara hörmətlə yanaşıb onlara yer verən gənclərdən biri sən olmusan. Axı, bir qəsəbədə yaşayırdıq, eyni avtobuslardan istifadə edirdik. Səni tanıyırmış kimiyəm Murad, idim balam! 44 gündə isə Vətən müharibəsinin qəhrəman şəhidi kimi qarşıma çıxdın. Bütün şəhid övladlarımdan biri də sənsən, şirin sözlüm, gülər üzlüm...
Sən hələ uşaq ikən vətənpərvərliyinlə, mərifətinlə, səmimiyyətinlə seçilirdin yaşıdlarından... 3 bacının tək qardaşı, ananın tək oğul övladı idin. Anan bütün ümidini sənə bağlamışdı. Səni sevib oxşayanda “evimin tək dirəyi, kürəyimin söykənəcək yeri”- deyirdi. Kim bilir, bəlkə sənin üçün bir qızı da gözaltı eləmişdi. Axı, səninlə bağlı böyük xəyalları vardı... Bunları sən də bilirdin bəlkə. Lakin Qarabağın düşmən tapdağında qalmasını şəninə sığışdıra bilmirdin. Elə dostlarınla da bu barədə çox söhbətlər edirdin...
44 günlük Vətən müharibəsinin qəhrəmanlarından biri də Murad Teymurşah oğlu Məmmədlidir.
Murad 1996-cı il yanvarın 27-də Bakı şəhəri Binəqədi rayonu, Biləcəri qəsəbəsində dünyaya göz açmışdı.
O, 144 nömrəli tam orta məktəbdə orta təhsil almış və 2012-ci ildə Azərbaycan Dövlət Dəmir Yolu Liseyinə qəbul olmuşdur. İxtisasca maşinist idi. Yaxınlarının dediyinə görə, Muradın ən böyük arzularından biri ixtisası üzrə ali təhsil alıb, Bakı Metropolitenində maşinist işləmək idi...
O, 2014-cü ildə həqiqi hərbi xidmətə yollanmış və 2016-ci ildə hərbi xidməti təşəkkürnamə ilə başa vurmuşdu.
Murad Məmmədli 2020-ci il sentyabrın 21-də səfərbərlikdən hərbi xidmətə, təlimlərə çağrılmışdı. Sentyabrın 27-dən başlanan müharibənin ilk günlərindən torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərə qatılmışdı. Düşmənin məhv edilməsində onun da payı vardı. Hər dəfə Azərbaycan Ordusunun düşmən sədlərini yarıb irəli getdikcə qürur hissi keçirirdi.
2020-ci il oktyabrın 21-də Füzuli istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan Muradın nəşi 46 gün neytral zonada qalıb. Yalnız dekabrın 6-da nəşini götürmək mümkün olub. Dekabın 7-si Biləcəri Şəhidlər Xiyabanında böyük izdiham və ehtiramla dəfn edilib.
Evdə sonuncu çayını içib təlimə qatılan Murad Məmmədli ordan da Füzuli yollanıb və döyüşə qatılıb. Anası Əfruzə xanımın dediyinə görə Murad imkan düşən kimi ailəsi ilə əlaqə saxlayır, hər şeyin yaxşı olacağını deyirmiş...
Döyüş yoldaşları Murad haqqında danışanda deyirlər ki, Murad ana və bacılarından nigaran olduğunu desə də, “bu döyüş bizim boynumuzun borcudur, biz bu dəfə düşmənə layiqli cavab verməli, zəfər qazanmalıyıq” deyib bizi döyüşə ruhlandırırdı...
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Məmmədli Murad Teymurşah oğlu ölümündən sonra “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.
Səni rəhmətlə anır, ruhun qarşısında baş əyirəm, Murad!
Tahirə AĞAMİRZƏ