23.12.2024, 13:06
AZ EN
03.12.2024, 10:17 251

Bu gün şəhid, kapitan Elvin Kazımovun doğum günüdür

XƏBƏRLƏR
  • Kapitan Elvin Kazımov təbiətcə sakit, təmkinli, gülərüz və mehriban insan idi. Onun döyüşdən əvvəl əsgərlərinə dediyi bu sözlər yaddaşlara yazılıb: “Ayə, heç kişi də ermənidən qorxarmı? Biz bura ölməyə deyil, öldürməyə gəlmişik. Ölmək yoxdur, yalnız öldürmək var. Əgər şəhid olacağıqsa düşməni məhv etdikdən sonra şəhadətə qovuşacağıq". Elə bu fikirlərlə də müharibədə, ön cəbhədə olduğunu doğmalarına, hətta onunla bir istiqamətdə vuruşan böyük qardaşı mayor Elçin Kazımova da bildirməyib. O, yaralansa da döyüşdən kənara çıxmaq istəmir, özü yaralı ayağına sarğı qoyub deyir ki, mən yaxşıyam o biri yaralıları götürün...

Bu gün Vətən Müharibəsinin qəhrəman şəhidi kəşfiyyatçı kapitan Elvin Ədalət oğlu Kazımovun doğum günüdür. O, 1987-ci il dekabrın 3-də Bakı şəhərində anadan olub.1993-2003-cü illərdə Xətai rayonunda 221 nömrəli tam orta məktəbdə, 2003-2006-cı illərdə isə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. Ali hərbi təhsilini 2006-2010-cu illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) alıb. 2011-ci ildə Silahlı qüvvələrin Təlim və Tədris Mərkəzinin "Zabit İxtisas Kursu"nu bitirib. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 23 iyun 2010-cu il tarixli əmri ilə ona "leytenant" hərbi rütbəsi verilib və "N saylı hərbi hissədə Vətənə xidmətə başlayıb.

Elvin Kazımov Mexanikləşdirilmiş taborun qərərgah rəisinin kəşfiyyat üzrə köməkçisi - kəşfiyyat taqımının komandiri, motatıcı taqım komandiri, dağ - atıcı bölüyünün komandiri, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin (AHM) kursant taqım komandiri - müəllim köməkçisi, cəbhə bölgəsindəki hərbi hissənin motatıcı bölük komandiri vəzifələrində xidmət edib. "Kapitan" hərbi rütbəsinədək yüksəlib.

Azərbaycan Ordusunun kapitanı olan Elvin Kazımov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Tərtər rayonunun Talış qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb.

Elvin Kazımov oktyabrın 6-da Talış döyüşləri zamanı qəhrəmancasına şəhid olub. Şəhidimiz II Fəxri Xiyabanda böyük izdiham və ehtiramla torpağa tapşırılıb.

Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə Vətənimizin ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak edərək, vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə kapitan Kazımov Elvin Ədalət oğlu ölümündən sonra "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə" və "Laçının azad olunmasına görə" medalları ilə təltif olunub.
Şəhidimiz ailəli idi, onun bir övladı Vətənə yadigar qalıb.

Cənnətdəki doğum günün mübarək, ruhun şad olsun, məzarın nurla dolsun, qəhrəman şəhidim!

Mina RƏŞİD

Oxşar xəbərlər