Əvvəlcə Dövlət Himnimiz səsləndirilib və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Rayon İcra Hakimiyyəti başçısının müavini Fəridə İbayeva çıxış edərək Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında uşaqlarda müstəqil özünü ifadəetmə bacarığının, idarəetmə mədəniyyətinin formalaşması, ictimai fəallığının artırılması, liderlik keyfiyyətlərinin təkmilləşdirilməsi məqsədilə yaradılmış Uşaq Səfirlər Məclisi, eyni zamanda müasir tariximizə qızıl hərflərlə həkk olunmuş Zəfər tariximiz haqqında geniş məlumat verib.
Uşaq Səfirlər Məclisinin rayon nümayəndəsi Aynur Məmmədovanın təqdimatında Vətən müharibəsində canından keçmiş Şəhidlərimizə həsr olunmuş videorolik nümayiş olunub və çıxışı dinlənilib. A.Məmmədova təsdiq edilmiş layihənin məqsədi barədə danışaraq bildirib ki, Böyük Zəfərimiz xalqımızın, millətimizin əzminin təntənəsidir, müasir tariximizə qızıl hərflərlə həkk olunmuş şanlı tariximizdir. Bu tarix harada yaşamalarından asılı olmayaraq, hər bir azərbaycanlıya qürur hissi yaşadır. Xalqımızın tarixi Zəfəri - bütün dünya azərbaycanlılarının, həm də öz Sərkərdəsinə, Ali Baş Komandanına olan sonsuz inam və etimadının, sarsılmaz milli birliyinin, həmrəyliyinin qələbəsi, şanlı tarix yazan millətimizin milli ləyaqət rəmzidir. Bu qürurun, bu müqəddəsliyin yaşanmasında ən böyük payı olan isə bir ömür boyu borclu olduğumuz, canlarını vətən, torpaq yolunda qurban verən şəhidlərimiz, sağlamlığını itirən qəhrəman qazilərimiz, dövlətçiliyimiz uğrunda hər an hazır olan vətənpərvər oğullarımızdır.
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin dediyi kimi, “Bizim hər birimiz də öz sahəmizdə, öz fəaliyyətimizdə bu müqəddəs Zəfərə layiq olmalıyıq”.
Hər birimiz keçmişimizi, şanlı zəfər tarimiximizi yaşatmalı və gələcək nəsillərə təbliğ etməliyik. Unutmamalıyıq ki, şanlı zəfər tariximiz təkcə bizim üçün deyil, gələcək nəsillər üçün də tarix boyu qürur mənbəyi olacaqdır.
Tədbir uşaqların qarşılıqlı fikir mübadiləsi ilə davam edib.
Hazırladı: Mina RƏŞİD