Sentyabrın 25-də Xankəndidəki yanacaqdoldurma anbarında baş verən partlayışla bağlı yeni təfərrüatlar məlum olub.
“Vətən səsi” xəbər verir ki, Ermənistan mətbuatı yanğın hadisəsinin ermənilərin özləri tərəfindən törədildiyini yayıb. “Haykakan Jamanak” qəzeti partlayışla bağlı yeni detallar əldə etdiyini iddia edib. Qəzet keçmiş separatçı rejimdə təmsil olunmuş şəxslərdən birinə istinadən yazır ki, benzin çənini erməni sakinlər partladıb.
“Oradakı yanacaq “ordunun” (qondarma silahlı dəstələri nəzərdə tutur) ehtiyatı idi. Lakin Xankəndidən kütləvi çıxış başlayanda əhali arasında təşviş yarandı və avtomobil sahibləri yanacaq götürmək üçün anbara axışdılar. Hər tərəf insanlarla, maşınlarla dolu idi, ətrafda tıxac o həddə çatmışdı ki, proses nəzarətdən çıxmışdı, qarışıqlıq yaranmışdı. Hamı qabağa düşmək istəyir, tez benzin götürüb getməyə çalışırdı. Həmin vaxt maşından düşən sakinlərdən biri benzin çəninin başqa bir yerində deşik açmaq istəyərkən partlayış baş verib”, - deyə hadisə barədə danışan erməni bildirib.
Xatırladaq ki, yüzlərlə erməninin ölümünə səbəb olan partlayışla bağlı indiyə qədər müxtəlif versiyalar irəli sürülsə də, hadisənin dəqiq səbəbi açıqlanmayıb. Hadisədən sonra Azərbaycanın aidiyyəti strukturların yanğının söndürülməsi və partlayışın nəticələrinin aradan qaldırılması işinə cəlb olunub. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları yanğını tam zərərsizləşdirdikdən sonra Qarabağda yaşayan erməni əsilli sakinlər üçün Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsus yanacaqla dolu bir neçə nəqliyyat vasitəsi Xankəndiyə göndərilib.
Elxan SALAHOV