23.12.2024, 13:13
AZ EN
02.12.2024, 16:29 120

Kəlbəcərə qaz xəttinin çəkilişi başa çatıb

XƏBƏRLƏR
  • İşğaldan azad olunmasının dördüncü ildönümü ərəfəsində Kəlbəcər rayonuna təbii qaz xəttinin çəkilişi başa çatıb. Artıq rayonun üç yaşayış məntəqəsində - Kəlbəcər şəhəri, İstisu qəsəbəsi və Zar kəndində təbii qazın verilişi üçün paylama şəbəkəsi də qurulub.

“Vətən səsi” xəbər verir ki, 530 millimetirlik polad borularla qaz xəttinin çəkilməsinə bu ilin yanvarında başlanıb. Çətin relyef şəraitində, dağların üzəri ilə aparılan tikinti işlərinin əsas hissəsi oktyabrın axırlarında başa çatdırılıb. Son bir ayda isə təsdiq edilmiş plana uyğun olaraq, birinci mərhələdə məskunlaşdırılacaq yaşayış məntəqələrinin yaxınlığında qazpaylayıcı stansiyalar qurulub. Buraya birinci mərhələ üzrə 201 ailənin köçürüləcəyi Kəlbəcər şəhəri, habelə hazırda yenidən qurulan İstisu qəsəbəsi və Zar kəndləri daxildir. Artıq hər üç yaşayış məntəqəsində paylayıcı şəbəkənin qurulması başa çatıb və təbii qaz stansiyadan istehlakçılara ötürülməsi üçün hazır vəziyyətdədir.

Xatırladaq ki, SOCAR-ın “Qaz ixrac” İdarəsi tərəfindən çəkilən boru kəməri başlanğıcını Ağdam-Əsgəran qaz xəttinin 4-cü kilometrliyindən götürür. Ağdərə ərazisindən keçən kəmərin uzunluğu 106 kilometrdir. Kəlbəcər ərazisində təbii qazın işçi təzyiq 12 atmosferdir.

Hazırda Kəlbəcər şəhərində tikinti-bəpa işlərinin davam etdiyi  524 ailəlik yaşayış kompleksi 19,5 hektar sahəni əhatə edir. Birinci mərhələdə buraya 201, ikinci mərhələdə isə 323 ailənin köçürülməsi planlaşdırılır. Bunun üçün kompleksdə hər birində 27 mənzil olmaqla 6 ədəd dördmərtəbəli binanın tikintisi və təmiri başa çatdırılib. İkinci mərhələ üçün isə müxtəlif layihələr əsasında dördmərtəbəli 16 çoxmənzilli yaşayış binası, “townhouse” tipli ikimərtəbəli 57 ev inşa olunur. Ümumilikdə 2026-cı ilin sonunadək Kəlbəcər rayonunda 3450 evin (1927 fərdi ev və 1523 mənzil) istismara verilməsi nəzərdə tutulur.

Elxan SALAHOV

Oxşar xəbərlər